Çərşənbə , Aprel 17 2024
Ana səhifə / Sosial / “DSMF sədrinin səsləndirdiyi ümumi arqumentlər sadəcə manipulyasiya xarakteri daşıyır”

“DSMF sədrinin səsləndirdiyi ümumi arqumentlər sadəcə manipulyasiya xarakteri daşıyır”

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondunun İdarə Heyətinin sədri Himalay Məmişov bildirib ki, pensiya yaşının aşağı salınması gözlənilmir.

Onun fikrincə, pensiya yaşı bir çox amillərlə bağlıdır: “Belə ki, bunlara ölkədəki demoqrafik vəziyyəti, əmək qabiliyyətli yaşda olan əmək qabiliyyətli şəxslərin sayını, ölkə üzrə orta ömür uzunluğunu, gözlənilən pensiya ödənişi aylarının sayı ilə faktiki pensiya ödənişi aylarının nisbətini və.s göstərmək olar. Ümumiyyətlə, hazırda beynəlxalq təcrübədə əsas prioritet işçilərin əmək bazarında qalmasının stimullaşdırılmasıdır. Pensiyaçılarımızın yaş strukturu üzrə də baxdıqda görmüş olarıq ki, bu gün onların təxminən 26 faizi 12-15 il arası, 35 faizi 15-20 il arası, təxminən 30 faizi 20-30 il arası pensiya alır. Digər tərəfdən, yaşa görə pensiyaçıların strukturuna baxdıqda, görmüş olarıq ki, yaşa görə pensiya alanların 97 faizdən çoxu 12-35 il arası pensiya alır. Bu göstəricinin özü o deməkdir ki, ölkəmizdə pensiya sahəsində kifayət qədər humanist yanaşma var. Həm pensiya sisteminə keçid, həm də pensiya hüququ əldə edib davamlı pensiya ödənişi almaq üçün yumşaq şərtlər nəzərdə tutulub. Bu baxımdan, hazırda pensiya yaşına yenidən baxılması nəzərdə tutulmur”.

O da məlumdur ki, hazırda əhalinin bir çoxu pensiya yaşı ilə bağlı mövcud vəziyyətdən heç də razı deyil. Xüsusən bunun orta yaş ömrünə uyğun olmadığı ilə əlaqələndirirlər. Bu isə pensiya yaşının aşağı salınması üçün ciddi əsas yaradır.  Bütün bunlara rəğmən, DSMF sədrinin sözügedən məsələ ilə bağlı ortaya qoyduğu mövqe elmi və real iqtisadi baxımdan nə dərəcədə doğrudur?

Məsələyə münasibət bildirən iqtisad üzrə fəlsəfə doktoru Firdovsi Şahbazovun sözlərinə görə, DSMF sədrinin pensiya yaşı ilə bağlı səsləndirdiyi arqumentlərin əsası yoxdur: “Bəyan edir ki, 20 il pensiya alırlar. Ancaq yaşa görə pensiyaya çıxanların neçə il təqaüd almaları barədə statistika yoxdur. O baxımdan DSMF rəsmisi ümumi olaraq fikirlər səsləndirir. Əslində isə bu, qruplar üzrə bəyan olunmalıdır. Kimsə xəstəliyə görə 55 yaşında pensiyaya çıxıb 20 il pensiya alırsa, bu o demək deyil ki, orta yaş ömrü uzanıb. Hansı ki, bu məsələdə əsas göstərici orta ömür müddətidir. Azərbaycanda isə orta ömür aşağı düşüb. Belə olan halda pensiya yaşı azaldılmalıdır. Hesab edirəm ki, DSMF sədrinin səsləndirdiyi ümumi arqumentlər sadəcə manipulyasiya xarakteri daşıyır. Gündəlikdə olan obyektiv səbəbləri görməzdən gəlir. Hesab edirlər ki, pensiya yaşını azaltmamaqla dövlətin sosial yükünü azaldırlar. Ancaq əslində bu, belə deyil. Ona görə də hesab edirəm ki, pensiya yaşı azaldılmalıdır”.

Ekspert hesab edir ki, pensiya yaşı azaldılsa, bu, əhalinin xeyrinə olacaq. (Bakı-Xəbər)

Həmçinin oxuyun

DSMF 2 banka 43 milyon manat ödəyəcək

Dövlət Sosial Müdafiə Fondu (DSMF) tərəfindən keçirilən tender müsabiqəsinin qalibləri məlum olub.Yeniavaz.com xəbər verir ki, tender …