Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Sosial / “DSMF-nin yaydığı məlumat siyasi təbliğata hesablanmış rəqəm kəndirbazlığıdır…”

“DSMF-nin yaydığı məlumat siyasi təbliğata hesablanmış rəqəm kəndirbazlığıdır…”

“Dövlət Sosial Müdafiə Fondu artıq uzun illərdir manatın alıcılıq qabiliyyəti pariteti (AQP) əsasında MDB ölkələri+Gürsüstanda orta və minimum pensiya məbləğlərinin reytinqini hazırlayır.
Uzun müddətdir Azərbaycanın hər 2 göstərici (minimum və orta pensiya) üzrə lider olduğu mediada da tirajlanır”.
Bu barədə iqtisadçı Rövşən Ağayev özünün sosial şəbəkə hesabında yazıb.
O bildirib ki, DSMF-nin reytiniq hazırlayarkən istifadə etdiyi üsul yanlışdır:
“Məsələn, qurumun son hesablamasına görə nominal məzənnə (1 USD=1,7 manat) ilə minimum pensiya 165 dollar, orta pensiya 249 dollar olduğu halda, AQP-yə görə həmin göstəricilər müvafiq olaraq  424 və 599 dollardır.
Bunun sadə izahı odur ki, Azərbaycan pensiyaçısı cibində tutduğu pensiya məbləği ilə ABŞ-da eyni məbləğlərə alınan mal və xidmətlərdən ən azı 2,5 dəfə çox mal və xidmət ala bilir.
Sosial Fondun istifadə etdiyi bu metodologiyanın çox ciddi qüsuru var: manatın AQP əsasında real məzənnəsini pensiyaların, bütövlükdə əhalinin gəlirlərinin alıcılıq qabiliyyətinə münasibətdə istifadəsi yanlış yanaşmadır.
Çünki bu göstəricini Dünya Bankı ölkələr üzrə beynəlxalq dollar əsasında ÜDM-nin real həcmini müqayisə etmək üçün hesablayır.
Bankın “International Comparison Program” adlanan fəaliyyəti çərçivəsində hər bir ölkənin milli valyutasının alıcılıq qabiliyyəti hesablanır. Lakin bu göstəricinin bazasında ÜDM-ni təşkil edən minlərlə məhsul və xidmət dayanır.
ÜDM-ni formalaşdıran məhsul və xidmətlər isə təkcə istehlak deyil, həmçinin istehsal təyinatlı məhsullardır. Üstəgəl, ÜDM bazasında real məzənnənin hesablanması yalnız ölkədaxili məhsul və  xidmətlərə əsaslanır.
Halbuki sizin cibinizdəki pulun alıcılıq qabiliyyəti həm də idxal olunan malların qiymətindən asılıdır.
Əgər pensiyanın alıcılıq qabiliyyətini hesablamaq üçün obyektiv yanaşma istəyirsinizsə, insanların gündəlik ehtiyaclarını qarşılayan 50 adda məhsul və xidmətdən ibarət bir səbət düzəldin, bütün ölkələr üzrə eyni səbət əsasında alıcılıq qabiliyyətini hesablayın.
Daha bir vacib məqam: Azərbaycan əhalinin hər 1000 nəfərə düşən pensiyaçıların sayına görə, aşağı pillədə qərarlaşan ölkələr sırasındadır.
Məsələn, hazırda Azərbaycanda hər 1000 nəfər hesabı ilə 118 nəfərə pensiya ödənir. Amma bu göstərici Rusiyada 290, Belarusda 270, Ukraynada 265, Gürcüstanda 212, Moldovada 195, Ermənistan və Qazaxıstanda 155, Qırğızıstanda 122 nəfər təşkil edir.
Azərbaycan pensiyaçı sayına görə yalnız Tacikstan və Özbəkistandan öndədir.
Pensiyaçı sayının 2 dəfə az olması pensiya sisteminin maliyyə yükünün də 2 dəfə yüngül olması deməkdir. Yükün bu qədər yüngül olması Azərbaycanın indiki maliyyə şərtlərində daha yüksək məbləğdə pensiya təmin etməsi üçün imkan yaradır.
Pensiyaçıların sayının az olmasının əsas səbəblərindən biri, heç şübhəsiz pensiya yaşı ilə bağlıdır. Hazırda Azərbaycan həm də pensiyaya çıxma yaşına görə də MDB-nin lider ölkəsidir”.
İqtisadçı bildirib ki, Azərbaycanda orta pensiyanın yüksək olması da neqativ səbəbdən qaynaqlanır:
“Məsələn, gəlir qeyri-bərabərliyinin yüksək olduğu şəraitdə ən yüksək maaşa malik 10%-lik qrupla ən aşağı əmək haqqı ilə keçinən 10%-in pensiyaları arasında da anoloji fərq yaranır.
Bu fərq isə, şübhəsiz ki, orta pensiyanı yüksəldir. Xüsusilə də Azərbaycanda dövlət qulluqçularının və xidmət illərinə görə pensiya alan digər qrupların pensiya məbləği mövcud vəzifələr üzrə maaşlara bağlandığı üçün yüksək indeksasiya şərtlərində bu təbəqənin orta pensiya göstəricisi daha sürətlə yüksəlir.
Yeni məlumat tapa bilmədim, deməli ölkə üzrə orta pensiya məbləğinin 170 manat olduğu dövrdə dövlət qulluqçuları üzrə göstərici 490 manata yaxın (3 dəfəyə yaxın çox) olmuşdur.
Əgər Sosial Müdafiə Fondu şəffaf hesabatlığı olan qurum olsa, real vəziyyəti analiz etmək olar. Məsələn, son açıqlamaya görə, hazırda bütün pensiyaçıların təxminən 8%-i (100 min nəfər) minimum pensiya (280 manat) alırlar.
Bəs ölkədə ən yüksək pensiyanın məbləği nə qədərdir və bu məbləği alanların sayı neçə nəfərdir? Ən yüksək məbləğdə pensiya alan 5% (60 min nəfər) və 10% (120 min nəfər) qrup üzrə orta pensiya məbləği nə qədərdir, həmin qruplar üzrə pensiya məbləği hansı intervalda dəyişir?
280-400 manat, 400-500 manat, 500-600 manat və s. intervalları üzrə pensiya alanların sayı nə qədərdir? Ölkə üzrə median pensiya məbləği nə qədərdir?
Niyə açıqlanmır bu statistika? Məsələn, Ukraynanın Pensiya Fondunda bu tip məlumatlar hər kəs üçün açıqdır.
Siyasi təbliğata hesablanmış rəqəm kəndirbazlığı etməkdənsə, cəmiyyət üçün belə faydalı hesabatlar hazırlayıb yaymaq lazımdır”.

Həmçinin oxuyun

Pensiya, maaş və müavinətlər yenidən artırılır

Cari ilin yanvar ayında ölkədə əmək pensiyaları artırılsa da, maaş və əlilliklə bağlı müavinətlər olduğu …