Çərşənbə , Aprel 17 2024
Ana səhifə / Sosial / DSMF-in gəlirləri xərclərini necə üstələdi? (RƏY)

DSMF-in gəlirləri xərclərini necə üstələdi? (RƏY)

“Əvvəllər məcburi dövlət sosial sığorta haqqı və işsizlikdən sığorta haqqı üzrə yığımların hesablanması və ödənilməsinə nəzarəti, bu sahədə müvafiq hesabatların qəbulunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu (DSMF) həyata keçirirdi. Bu ildən isə bütün bunlar Vergilər Nazirliyinin səlahiyyətlərinə aid edilib və özünü doğruldub”. 
Bunu “Report”a açıqlamasında Bakı Hesabat Mərkəzinin direktoru, vergi sahəsi üzrə ekspert Mehdi Babayev bu ildən DSMF-in gəlirlərinin xərclərini üstələməsinə münasibət bildirərkən deyib.
Rəsmiyyətə “gətirilən” əməkhaqqılarının məbləğləri artdıqca…
Onun sözlərinə görə, sosial sığorta və işsizlikdən söğorta yığımlarının artımının, əsasən, iki səbəbi var: “Birincisi, sosial sığorta haqlarının artımı, ikincisi isə artmış sosial sığorta haqlarının yığımıdır. Bu iki məsələyə ayrı-ayrılıqda baxmaq lazımdır. Əlbəttə, sosial sığorta haqlarının hesablanmış məbləğlərinin artımının əsas səbəbi mütəmadi olaraq ölkə Prezidenti tərəfindən minimum aylıq əməkhaqqının məbləğinin artırılması ilə bağlı verilən sərəncamları ilə bağlıdır. Həmçinin əməkhaqqı ilə əlaqədar Vergi Məcəlləsinə edilmiş son dəyişikliklərdən irəli gələn vergi güzəşti, həmçinin vergidən azadolmanı nəzərdə tutan stimullaşdırıcı müddəalara görə işəgötürülənlər öz işçilərinin əməkhaqqılarını artırması olub. Yəni sahibkarlar və rəhbər vəzifəlilər daha çox şəffaf formada əməkhaqqıların rəsmiləşdirmək qərarına gəldilər. Rəsmiyyətə “gətirilən” əməkhaqqılarının məbləğləri artdıqca, ona müvafiq sosial sığorta haqları da artır”.
Ekspert deyir ki, 2-ci çətinlik artırılmış sığorta haqlarının toplanmasıdır: “Əvvəllər bu ləng gedirdi. Çünki “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” qanunun mövcudluğundan sui-istifadə edənlər var idi. Bu qanun qüvvəyə mindikdən sonra Vergilər Nazirliyindən başqa, digər yoxlama və nəzarət funksiyasını həyata keçirən orqanlar demək olar ki, mütəmadi və planlı yoxlamalarını saxladılar. Yalnız korrupsiya-cinayət xarakterli və ciddi şikayətlərlə bağlı olan yoxlamalar həyata keçirilə bilərdi. Bu dayandırılmış yoxlamalar həm DSMF əməkdaşlarında və DSMF strukturunda, həm də təsərrüfat subyektlərində durğunluq, sakitlik və arxayınçılıq yaratdı”. 
M.Babayevin sözlərinə görə, bu qanunun olması çox uğurlu addım idi və bunu müsbət qiymətləndirmək lazımdır: “Çünki yoxlamaların olmaması təsərrüfat subyektinin mənəvi xeyrinədir və azad fəaliyyəti üçün daha yaxşıdır. Ancaq bu, təsərrüfat subyektlərində səhlənkarlıq yaratmamalıdır. Bundan sui-istifadə edən təsərrüfat subyektləri var idi ki, yoxlamaların olmaması səbəbindən məcburi sığorta haqlarını vaxtında ödəmirdilər”.
DSMF etmirdi, Vergilər Nazirliyi etdi
Mütəxəssisin sözlərinə görə, işəgötürənlərin xeyrinə olsa da, DSMF tərəfindən icbari-inzibati tədbirlər zəif həyata keçirilirdi: “DSMF tərəfindən borclarla bağlı işəgötürənlərin bank hesablarına sərəncamlar az qoyulurdu və yaxud heç qoyulmurdu, onların vergi orqanındakı kimi ayrıca ibtidai istintaq idarəsi yox idi. Məcbiri sosial sığorta sahəsində hər hansı hüquq pozmalara görə inzibati qaydada ciddi tədbirlər görmürdülər. Yumşaq desək, yığım məsələlərinə səhlənkar yanaşılırdı. Ancaq Vergilər Nazirliyində bu məsələlərə çox ciddi yanaşılıb. Demək olar ki, Vergilər Nazirliyi vergi yığımına hansı adət, qayda və normalarla yanaşırdısa, məcburi sosial sığorta və işsizlikdən sığorta haqlarının toplanılmasına da elə başladılar.
Vergi ödəyicilərinin vergilər üzrə şəxsi vərəqələrində ayrıca xüsusi tablo açıldı və vergi ödəyiciləri sığorta üzrə borclarına və bu borcların vəziyyətinə ümumi qaydada nəzarət edə bildilər. Ciddi şəkildə vergi orqanı tərəfindən vergi ödəyicilərinin bank hesablarına məcburi sosial sığorta və işsizlikdən sığorta borcu üzrə sərəncamlar qoyuldu. Hətta xeyli və küllü miqdarda sığorta borcları olan təsərrüfat subyektlərinin rəhbərlərinin Vergilər Nazirliyinin iddiası əsasında birbaşa məhkəmə qaydasında Azərbaycanın hüdudlarından kənara, yəni ölkədən getmək hüququ müvəqqəti olaraq məhdudlaşdırıldı. Bu səbəblər də rəhbərləri qorxutmağa başlatdı və rəhbərlər vergi ödədikləri kimi sosail sığorta haqlarını da eyni qaydada ödəməyə başladılar. Əvvəllər bu kimi tədbirlər DSMF tərəfindən həyata keçirilmirdi və keçirilməsi də mümkün deyildi. Bundan başqa, səhlənkar rəhbərlər tövsiyyə xarakterli olaraq Vergilər Nazirliyinə çağırılaraq, onlara vaxtında tədiyyələri ödənilməsi məsləhət görülürdü. Ödəmədiyi halda isə müəyyən inzibati tədbirlər həyata keçirilirdi. Kifayət qədər keşmiş dövrlərdən qalan sığortalar üzrə yığılmış borclar Vergilər Nazirliyinin nəzarətə başlaması nəticəsində ödənməyə başlandı, hansı ki, o borcları ödəmək fikrində olmayan sahibkarlar belə var idi”.
O qeyd edib ki, təbii ki, sosial sığorta haqlarının yığımlarının artmasında əsas başlıca səbəb ölkədə gedən şəffaflıq tədbirləri, kölgə iqtisadiyyatının aradan qaldırılması, ölkə Prezidentinin məlum Fərman və Sərəncamları və Vergilər Nazirliyi tərəfindən ölkədə könüllü ödəmə mədəniyyətinin artırılması istiqamətində sahibkarlar arasında həyata keçirdiyi tədbirlərdir.
Gəlir vergisi ilə bağlı yığımlar xüsusi çəkiyə malik deyildi
Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) professoru, iqtisadçı-ekspert Elşad Məmmədov isə “Report”a bildirib ki, son aylar ərzində fiskal siyasətlə bağlı həyata keçirilən islahtlar həm vergi, həm Dövlət Gömrük Komitəsinin xətti, həmçinin də Dövlət Sosial Müdafiə Fomdunun xətti ilə yığımları sahəsində artımlar mövcuddur.
Onun sözlərinə görə, burada fiskal intizamın artırılması ilə bağlı neqativ halların kəskin şəkildə azalması ilə bağlı olan məsələlər gündəlikdədir: “Amma eyni zamanda biz unutmamalıyıq ki, sosial müdafiə ilə bağlı olan yığımların bütövlükdə ilin əvvəlindən həyata keçirilən vergi islahatlarında və vergi manevrlərində xüsusi yeri var. Sosial müdafiə ilə bağlı yığımlar 10 faizə qədər artırıldı. Gəlir vergisi ilə bağlı yığımlardan gəlir vergisi ödənilməsindən qeyri-dövlət sektorunda verginin aradan qaldırılması, paralel olaraq əməkhaqqılarındakı gəlirlərdən DSMF-ə 10 faizlik yığımlarla müşahidə edilib. Buna görə də bu sosial müdafiə xətti ilə yığımların artımına səbəb olub”.
Professor deyir ki, əgər sosial müdafiə xərcləri və gəlirlərin göstəricilərə nəzər salsaq, məhz buna görə ilk növbədə DSMF-in gəlirləri xərclərini xeyli dərəcədə üstələməkdədir: “Əslində, bunun məntiqi əsasları da var. Çünki ölkə iqtisadiyyatının strukturuna nəzər salsaq, onsuz da gəlir vergisi ilə bağlı olan yığımlar o dərəcədə böyük xüsusi çəkiyə malik deyildi. Ancaq sosial müdafiə sahəsi ilə bağlı yığımlarda artıma ciddi ehtiyac vardı. Çünki bu həm pensiyaların dayanıqlı şəkildə artımına xidmət etməlidir, həm də bütövlükdə həyata keçirilən sosial iqtisadi siyasətin sosial komponentinin gücləndirilməsinə xidmət edə bilər. Ona görə də məhz sosial müdafiə xətti üzrə yığımların artımı kifayət qədər adekvat yanaşmanın təzahürüdür”.
O hesab edir ki, bu istiqamətdə islahatlar bundan sonra da davam etdirilməlidir və ümid edir ki, yığımların iqtisadiyyatın strukturuna bundan sonra da uyğunlaşdırılması müşahidə ediləcək: “Çünki iqtisadiyyatda büdcə və vergi siyasəti ilə bağlı iqtisadiyyatın idarəedilməsinin adekvatlığı təmin edilməsi üçün başlıca şərt məhz fiskal siyasətin, o cümlədən vergi siyasətinin iqtisadiyyatın strukturuna uyğunluğu ilə bağlı olmalıdır. Əgər iqtisadiyyatda əsas gəlir, əsas mənfəət neft-qaz sektorunda və mədən sənayesində baş verirsə, o zaman vergi yığımları da daha çox o daha çox sahədən yığılmalıdır. Bu adekvatlıq təmin edilməlidir. Bu səbəbdən fiziki şəxslərin gəlir vergisinin yığımının tədricən azalması və bunun əvəzində DSMF-ə sosial müdafiə xətti üzrə ödəmələrin və yığımların artması son dərəcə adekvatdır”.
E.Məmmədovun sözlərinə görə, sosial dövlət statusunun Azərbaycanda mövqeləşməsi istiqamətində çox ciddi işlər görülməlidir: “Bu ilin əvvəlindən həyata keçirilən sosial paketin də əsas fəlsəfəsi budur. Sosial statusun möhkəmlənməsi üçün də sosial müdafiə ilə bağlı olan resurslarımız kəskin şəkildə artırılmalıdır. Təsədüfi deyil ki, DSMF-ə yığımların 10%-ə qədər artırılmasının şahidi olduq. Bu gün DSMF-in gəlirlərinin xərclərini əhəmiyyətli dərəcədə üstələməsinin də şahidi oluruq”. 

Həmçinin oxuyun

DSMF 2 banka 43 milyon manat ödəyəcək

Dövlət Sosial Müdafiə Fondu (DSMF) tərəfindən keçirilən tender müsabiqəsinin qalibləri məlum olub.Yeniavaz.com xəbər verir ki, tender …