Cümə , Aprel 19 2024
Ana səhifə / Sosial / Dövlət qurumları qarlı havaya hazırdırmı? – Açıqlama

Dövlət qurumları qarlı havaya hazırdırmı? – Açıqlama

Yanvarın 26-sı gecədən başlayaraq Azərbaycanın bir çox ərazilərinə, o cümlədən Bakıya yağış və qar yağır. Temperatur xeyli düşüb. Təbii ki, ölkə ərazisində havaların kəskin soyuması özü ilə bərabər problemlər də gətirəcək. Ötənlərdə havalar kəskin soyuyanda, yollar buz bağlayanda Bakıda və rayonlarda işıq-qaz problemi, nəqliyyatın iflic olmasını müşahidə etmişik.
Bəs bu dəfə aidiyyəti qurumlar yarana biləcək problemlərə hazırdırmı?
“Azəriqaz” İstehsalat Birliyi mətbuat xidmətinin rəhbəri İbrahim Kərbalayev məsələ ilə bağlı “Yeni Müsavat”a açıqlama verib:
“Təbii ki, havalar soyuduqca, təbii qaza olan tələbat artır. Təbii qaza olan tələbat artdıqca təbii qazın verilişi də artır. Yəni əgər yaz-yay aylarında istifadəyə verilən qaz 10 milyon kubmetr olursa, bu, qış mövsümündə 30-40 milyon kubmetr arasında dəyişir. İstisna – qəza halları yarana bildiyi halda, problemin dərhal aradan qaldırılması üçün “Azəriqaz” İstehsalat Birliyinin Təmir-tikinti İdarəsi lazımi alət-avadanlıqlarla təmin edilib. Bir daha qeyd edim ki, havaların temperaturu gözlənildiyindən də artıq soyusa belə, qazın verilişində hər hansı bir çatışmazlıq müşahidə olunmayacaq”.
 
“Azəristiliktəchizat” ASC-nin abonent və müştəri xidmətlərinin rəhbəri Rafiq Əliyev də havaların soyuq keçməsi ilə bağlı qurumun tam hazırlıqlı olduğunu bildirdi: “Əslində qışla əlaqədar tədbirlər planlayanda özümüz ən sərt qış mövsümünə hazırlayırıq. Bütün qazanxanalarımız tam normal rejimdə işləyir və hər hansı bir problem də yoxdur. Bildiyiniz kimi, noyabrın 15-dən qazanxanalarımız işə düşüb və tam rejimdə işini davam etdirir. Sadəcə qazanxanaların iş rejimi qaz, su, elektrik enerjisi təchizatı ilə əlaqədardır. Əgər onların işində hər hansı bir problem yaşanmayacaqsa, qazanxanalarımız normal çalışacaq. Havalar soyuduqca, temperatura uyğun olaraq qazanxanadan verilən istiliyin temperaturu müəyyən qədər artırılır ki, vətəndaşların mənzilində normal istiliyi təmin edə bilək”.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli də mövzu ilə bağlı danışıb:
“Ümumiyyətlə soyuq qış fəsli artıq ucqar dağlıq ərazilərdə və buradan keçən avtomobil yollarında özünü çoxdan büruzə verir, baxmayaraq ki, biz bunu Bakıda müşahidə etmirik. Qeyd etdiyim ərazilərdə yerləşən idarələrimiz artıq qış fəslinə tam hazır vəziyyətdədir və yaranan problemləri, çətinlikləri aradan qaldırmağa davam edirlər. Rayonlara gedərkən şahidi ola bilərsiz ki, dağətəyi ərazilərdən keçən avtomobil yollarında, sərt, enişli-yoxuşlu döngələrdə, o cümlədən avtomobil körpülərinin üzərində, yəni qarın çox düşəcəyi yerlərdə payız fəslindən etibarən duz-qum qarışıqlarından ibarət ehtiyat topaları tökmüşük. Hətta bəziləri elə bilir ki, o topalar süpürülüb, bir kənara yığılan zibildir. Bildiyiniz kimi bəzən buzlu, qarlı havada texnikanın hərəkətində müəyyən problemlər ola bilir. Bu zaman əməkdaşlarımız həmin ərazilərə cəlb olunur və bel vasitəsi ilə həmin topalar yola tökülür və avtomobillərin hərəkəti bərpa olunur.
Beləliklə, havanın kəskin soyuyacağı, yolların buz bağlayacağı ilə bağlı proqnoz var və buna görə də bütün əlaqədar qurumlarımız, texnikalarımız tam hazır vəziyyətə gətirilib. Avtomobil Yolları Dövlət Agentliyinin əməkdaşı kimi qeyd edim ki, yarana biləcək hər hansı bir problemi aradan qaldırmağa qadirik. Lakin biz 100 faiz hazırıq deyəndə bu o demək deyil ki, yollarda hansısa problem olmayacaq. Bəzən bu dediyimiz insanlar arasında çaşqınlıq yaradır. Təbii ki, qar yağarkən, yollar buz bağlayarkən yollarda müəyyən problemlərin yaranması qaçılmazdır və heç bir dövlət və qurum bundan sığortalanmayıb. Bu, təbii hadisədir və yolların buzlardan təmizlənməsi üçün bütün işlər görüləcək. Onu da qeyd edim ki, texnika bir ərazini təmizləyib, digər tərəfə keçəndə, həmin yol yenidən qarla örtülür. Bu səbəbdən sürücülər mütləq şəkildə avtomobillərini qar yağmasına hazırlamalıdırlar. Əsasən də qış şinlərindən istifadə edilməlidir ki, hər hansı bir problem yaşanmasın. Əgər yenə də yay şinlərindən istifadə etsələr bizim gördüyümüz işlər demək olar ki, heçə enəcək və onların yolda qalmaq, sürüşmək ehtimalı artacaq. Onların yolda qalması, sürüşməsi digər hərəkət iştirakçılarına da maneçilik törədir və tıxacların, sıxlığın yaranmasına gətirib çıxarır”.
 “Azərişıq” ASC-nin mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev də təmsil etdiyim qurumun qışa tam hazır olduğunu dedi:
“Hansı mövsümün olmasından asılı olmayaraq qurumumuz hər zaman yarana biləcək problemin qarşısını almağa çalışıb. Qış mövsümü ilə bağlı yüksək səviyyədə hazırlığımız var. Ola bilər ki, təbiətin şıltaqlığı ilə bağlı bizdən asılı olmayan səbəbdən hər hansı bir problem yaranar, lakin bununla da bağlı operativ tədbirlərimiz var. Əgər abonentlər hər hansı bir problemlə qarşılaşarsa, 199 çağrı mərkəzimizlə əlaqə saxlaya bilərlər”.

Həmçinin oxuyun

Adı məktəblilərin zəhərlənməsində hallanan şirkət bu dəfə DİM-ə yemək satacaq

Dövlət İmtaham Mərkəzi (DİM) tərəfindən keçirilən tender müsabiqəsinin qalibi “TAİS-İKF” MMC (VÖEN-1400019741) olub.Yeniavaz.com xəbər verir ki, …