Ana səhifə / Sosial / Dövlət öz şirkətinin 170 milyonluq borcunu bağlayıb

Dövlət öz şirkətinin 170 milyonluq borcunu bağlayıb

“Kommunal xidmət göstərən dövlət şirkətləri uzun illər səmərəsiz və zərərlə işləyiblər deyə aradakı fərqi bağlamaq üçün dövlət onlara yardım edir”

“Azərişıq” ASC-nin “Azərenerji” ASC-yə olan 170 milyon 500 min manat kreditor borcu bağışlanıb.

Bu barədə məlumat “Azərişıq” ASC-nin Maliyyə Hesabatında qeyd olunub. Bildirilib ki, 2022-ci ildə Nazirlər Kabinetinin 795 nömrəli qərarına əsasən “Azərenerji” ASC-yə olan 170 milyon 500 min manat məbləğində kreditor borcu bağlanıb.

Bəs görəsən, dövlət şirkətlərinin borcu necə yaranır? Ümumilikdə xidmət sahəsində olan dövlət şirkətləri büdcəyə yükdür, yoxsa gəlir gətirir?

İqtisadçı Fərid Mehralızadə deyir ki, dövlət şirkətlərinin borclarının yığılmasının əsas iki səbəbi var – infrastruktur layihələri, əvvəlki dövrdən qalan borclar.

“İnfrastruktur layihələri həyata keçirilir və dövlət orada maliyyələşdirici kimi çıxış edə bilir. Digər tərəfdən isə əvvəlki uzun illər ərzində onların fəaliyyəti səmərəsiz olub, böyük zərərlə işləyiblər deyə aradakı fərqi bağlamaq üçün dövlət onlara yardım edir. Əsas bu iki mənbənin hesabına qurumlarda böyük məbləğdə borc yığılır”- F. Mehralızadə bildirib.  

Onun sözlərinə görə, kommunal xidmətlərin göstərilməsilə bağlı daha liberal mühit olsa, dövlət şirkətləri özəlləşdirilsə, bu, ölkəyə fayda gətirə bilər:

“Birincisi, xidmətlərin keyfiyyəti artar. Çünki rəqabət olacaq və rəqabət olan yerdə şirkətlər daha yaxşı xidmət göstərməyə çalışacaqlar. Digər tərəfdən qiymətlər optimal səviyyədə olacaq. Çünki rəqabət həm də optimal qiymətlərin yaranmasına səbəb olur. Ölkəyə xarici investitsiyalar cəlb etmək baxımından da faydalı ola bilər. Ölkədə qiymətli kağızlar bazarının inkişafı baxımından faydalı ola bilər. Yəni, özəlləşdirmənin bir xeyli faydası ola bilər”.

Həmçinin oxuyun

“Vəziyyətimiz acınacaqlıdır, Kəlbəcərə qayıtmaq istəyirik, adımızı siyahıya salmırlar”

Kəlbəcərin Ağdaban kəndindən olan Sadiq Məmmədov deyir ki, 30 ildən çoxdur qazı, şəraiti olmayan yataqxanada …