Bazar ertəsi , May 27 2024
Ana səhifə / Sosial / Dövlət qurumlarının göyə sovurduğu 157 milyon: Kim cəzalandırılacaq?

Dövlət qurumlarının göyə sovurduğu 157 milyon: Kim cəzalandırılacaq?

Hesablama Palatasının məlumatına görə, dövlət qurumları 157 mln. manat vəsaiti səmərəsiz xərcləyib.

Belə ki, 2023-cü ildə Hesablama Palatası tərəfindən 5 səmərəlilik auditi keçirilib. 

Qeyd edilib ki, audit mövzuları müəyyənləşdirilərkən predmetin Dayanıqlı İnkişaf Məqsədləri (DİM) ilə uzlaşması, dövlət proqramları diqqətdə saxlanıb, ilk dəfə olaraq, hökumət əsaslı DİM qiymətləndirilməsi həyata keçirilib, investisiya fəaliyyətinin səmərəliliyi, eləcə də rəqəmsallaşma istiqamətinin (“Hökumət buludu”nun) səmərəliliyi qiymətləndirilib. Başa çatdırılmış səmərəlilik auditləri və digər auditlərlə əhatə olunan qurumlar tərəfindən ümumilikdə 156,8 mln. manat məbləğində səmərəsiz xərclərə yol verildiyi müəyyən edilib. Hesabat ilində Hesablama Palatası tərəfindən səmərəlilik auditlərində predmetlərin müəyyənləşdirilməsi zamanı bu auditə xas hər 3 prinsip ( səmərəlilik, nəticəlilik və qənaətlilik) tətbiq edilib. 

Maraqlıdır, niyə bu qədər vəsait səmərəsiz xərclənib və Hesablama Palatasının açıqladığı mənfi qiymətləndirmələrlə bağlı cəza tədbirləri həyata keçirilirmi?

 İqtisadçı-ekspert Natiq Cəfərlinin “Cebhe.info”-ya açıqlamasına görə, sənəddə səmərəsiz xərclərin hansı növü olduğu barədə detallı məlumat verilmir:

“Bu, satınalmalarda, təmir işlərində, yoxsa nəzərdə tutulmayan xərclərmi olub? İstənilən halda büdcə vəsaitinin xərclənməsində qeyri-dəqiqliyə, səmərəsiz xərclərə və yaxud da korrupsiyaya yol verilirsə, bu, mütləq araşdırılmalı, günahkar cəzalandırılmalıdır. Çox təəssüf ki, Hesablama Palatası bundan öncə də bu tipli yoxlamalar aparıb, açıqlamalar verib. Ancaq cəzalandırılanları görməmişik. 

Ümid edək ki, bu cəza mexanizmi işə düşəcək. Çünki yoxlamalarla paralel olaraq cəza mexanizmi olmasa, bu, çəkindiricilik gücünü itirir. Ya Hesablama Palatasının özünə səlahiyyət verilməlidir ki, daha ciddi cəza mexanizmləri yarada  və ya istintaq apara bilsin. Yaxud da Hesablama Palatasının qərarları istintaq orqanları üçün araşdırma aparmağa əsas yaratmalıdır”. 

Ekspert deyib ki, əslində qanunda bu var, belə bir əsas yaradılır:

“Ancaq daha dəqiq ifadələrlə qanunvericilikdə də dəyişiklik edilməsinə ehtiyac var. İstənilən halda bu, korrupsiya ehtimalıdır. Korrupsiya ehtimalı isə çox ciddi şəkildə araşdırılmalı və cəzalandırılmalıdır”. 

Həmçinin oxuyun

MTK-ların yığdığı “komendant pulu” hara xərclənir? — VİDEO

Coxmərtəbəli binalarda sakinlərdən yığılan “komendant pulu”, yaxud “jek pulu”nun məbləği ilə xidmətin keyfiyyəti arasında tərs …