Bazar ertəsi , Avqust 26 2019
Ana səhifə / Sosial / “Diqlas”ın əsas binasının söküntüsü yekunlaşır

“Diqlas”ın əsas binasının söküntüsü yekunlaşır

İşlər artıq tikilinin birinci mərtəbəsində aparılır; ərazinin tam olaraq sentyabr ayına təmizlənəcəyi gözlənilir…

Martın 26-da yanğın baş verən “Diqlas” Ticarət Mərkəzinin əsas hissəsinin söküntüsü yekunlaşır. “Yeni Müsavat”ın əməkdaşı ərazidə olduğu zaman müşahidə edib ki, ticarət mərkəzinin artıq birinci mərtəbəsinin söküntüsü həyata keçirilir.

Məlumat üçün bildirək ki, ötən aydan etibarən ticarət mərkəzini yuxarıdan aşağı olmaqla sökməyə başlayıblar. Söküntü xüsusi texnikalar vasitəsilə həyata keçirilir.  “Diqlas”ın qarşısında avtomobillərin hərəkəti məhdudlaşdırılmasa da, piyadaların əraziyə buraxılması yasaqlanıb. Bundan əlavə, ticarət mərkəzinin qarşısından polislərin quraşdırdığı maneə götürülüb. Bunun yerinə təhlükəsizlik məqsədilə dəmirdən hasar çəkilib. Hazırda  “Diqlas”ın arxasında, sağ və sol yanlarında eskalatorlar işləyir. Bildirilib ki, söküntü işləri sentyabr ayınadək tamamilə yekunlaşacaq.

Bundan əlavə, hazırda ticarət mərkəzinin ətrafında fəaliyyət göstərən tikililərin hamısı sökülüb. Onlara hər hansı bir maddi yardımın edilməsi nəzərdə tutulmayıb. Eyni zamanda “Diqlas”ın arxasında böyük bir sahədə piştaxta qurub, müxtəlif ucuz geyimlər satanlara da dövlət tərəfindən maddi yardımın edilməsi nəzərdə tutulmayıb. Lakin müşahidə etdik ki, bazarın yuxarı hissəsində yenidən piştaxta qurub ucuz geyimlər satırlar.

Hüquqi Aktların Dövlət Reyestr Xidmətinin yaydığı məlumatda qeyd edilib ki, maddi yardımın məbləği  mağaza, anbar icarəyə götürmüş zərərçəkmiş sahibkara – 10000 manat; piştaxta və digər sahə icarəyə götürmüş zərər çəkmiş sahibkara – 2000 manat müəyyən edilib.

Məlumat üçün qeyd edək ki, rəsmi açıqlamalara görə,  binanın yanğından tam şəkildə mühafizə olunan sahəsi isə 275 kvadratmetr təşkil edib. Belə ki, yanğından tam qorunan 175 kvadratmetrlik sahə binanın sağ yan hissəsinə, 100 kvadrat metrlik sahə isə binanın ön hissəsində yerləşən mağazalara aiddir. Binanın ümumi sahəsi 17 559 kvadratmetrdir.

Yanğın nəticəsində zərər görən sahibkarlara İqtisadiyyat Nazirliyi tərəfindən müxtəlif yerlərdə, aylıq icarə haqqı ödəmədən obyektlərdə ticarətlə məşğul olma imkanı yaradılıb. İstəyən sahibkar bu imkandan yararlana bilir. Lakin sahibkarların əksəriyyəti ilə söhbətimiz zamanı onlar bildirdilər ki, əlavə iş qurmaq üçün əllərində heç bir vəsait yoxdur. Ona görə də yaradılan imkandan yararlana bilmirlər…

 “Diqlas”ın binası söküldükdən sonra yerində hansı məqsədlə və nə üçün tikilinin ucaldılacağı barədə rəsmi açıqlama verilməyib. Sadəcə olaraq, ticarət mərkəzinin rəhbərləri zərərçəkən sahibkarlarla söhbətləri zamanı bildiriblər ki, burada yenidən bina inşa ediləcək və yenidən ticarət mərkəzi kimi fəaliyyət göstərəcək.

Qeyd edək ki, ticarət mərkəzində baş verən yanğın zamanı ölən olmayıb, 6 nəfər yüngül xəsarət alıb, 10-a yaxın şəxs isə tüstüdən zəhərlənib.

Həmçinin oxuyun

Qaraçuxurda uşaq bağçasında yanğın – FOTO/VİDEO

Bakının Suraxanı rayonunda yanğın hadisəsi olub.Yanğın Qaraçuxur qəsəbəsindəki “Tumurcuq” uşaq bağçasının həyətində baş verib.Belə ki, …