Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Sosial / “Diqlas”ı sökməyə başlayırlar – ərazi hasara alınıb

“Diqlas”ı sökməyə başlayırlar – ərazi hasara alınıb

Ticarət mərkəzinin qarşısında piyadaların hərəkəti məhdudlaşdırılıb

Martın 26-da yanğın baş verən “Diqlas” Ticarət Mərkəzinin söküntüsünə başlanılıb. “Yeni Müsavat”ın əməkdaşı olaraq ərazidə olduğumuz zaman müşahidə etdik ki, ticarət mərkəzinin qarşısında olan piyada keçidinin girişləri bağlanılıb. “Diqlas”ın qarşısında avtomobillərin hərəkəti məhdudlaşdırılmasa da, piyadaların əraziyə buraxılması yasaqlanıb. Yanğından sonra ticarət mərkəzi polis tərəfindən qoruyucu sədlərlə əhatələnmişdi. Hazırda isə həmin sədlər ticarət mərkəzinin yalnız önündədir. Digər ətraflara isə dəmirdən qoruyucu hasar çəkilib. Yanan ticarət mərkəzinin arxa hissəsinə tikinti texnikaları gətirilib. Orada hələ ki xırda söküntü işləri aparılır. Eyni zamanda ərazidən yanan konstruksiyanın qalıqları da çıxarılır. Binanın əsas hissəsinin söküntüsünə isə bu həftə ərzində başlanılacağını öyrəndik.

Ticarət mərkəzinin qarşısında olan zaman müşahidə etdik ki, ərazidə Fövqəladə Hallar Nazirliyinin 1 ədəd yanğınsöndürən maşını var. Nazirliyin əməkdaşları da ərazidə müvafiq xidmətlərini aparırdılar. Eyni zamanda ticarət mərkəzinin qarşısında polislər də xidmət aparıb, ətrafa nəzarət edirlər.

Ticarət mərkəzinin ətrafında fəaliyyət göstərən tikililərin hamısı sökülüb. Onlara hər hansı bir maddi yardımın edilməsi nəzərdə tutulmayıb. Eyni zamanda “Diqlas”ın arxasında böyük bir sahədə piştaxta qurub, müxtəlif ucuz geyimlər satanlara da dövlət tərəfindən maddi yardımın edilməsi nəzərdə tutulmayıb. Demək olar ki, bu piştaxtalardan heç biri  sağ qalmayıb. Yanğından sonra isə onların sahiblərinin bir qismi yenidən piştaxta quraraq, hasarlanmış hissədən kənarda fəaliyyətlərini davam etdirirlər. Ərazidə olduğumuz zaman yanğından zərər çəkən sahibkarlara rast gəlmədik. Xidmət aparan polislər də bildirdilər ki, sahibkarlar qalan mallarını ticarət mərkəzinin anbarından çıxardıqdan sonra bura gəlmirlər. Polisin sözlərinə görə sahibkarlara müvafiq qaydalara uyğun olaraq kompensasiya ödənilib.  Hüquqi Aktların Dövlət Reyestr Xidmətinin yaydığı məlumatda qeyd edilib ki, maddi yardımın məbləği  mağaza, anbar icarəyə götürmüş zərərçəkmiş sahibkara – 10000 manat; piştaxta və digər sahə icarəyə götürmüş zərər çəkmiş sahibkara – 2000 manat müəyyən edilib.

Məlumat üçün qeyd edək ki, rəsmi açıqlamalara görə,  binanın yanğından tam şəkildə mühafizə olunan sahəsi isə 275 kvadratmetr təşkil edib. Belə ki, yanğından tam qorunan 175 kvadratmetrlik sahə binanın sağ yan hissəsinə, 100 kvadrat metrlik sahə isə binanın ön hissəsində yerləşən mağazalara aiddir. Binanın ümumi sahəsi 17 559 kvadratmetrdir.

Yanğın nəticəsində zərər görən sahibkarlara İqtisadiyyat Nazirliyi tərəfindən müxtəlif yerlərdə,  aylıq icarə haqqı ödəmədən obyektlərdə ticarətlə məşğul olma imkanı yaradılıb. İstəyən sahibkar bu imkandan yararlana bilir. Lakin sahibkarların əksəriyyəti ilə söhbətimiz zamanı onlar bildirdilər ki, əlavə iş qurmaq üçün əllərində heç bir vəsait yoxdur. Ona görə də yaradılan imkandan yararlana bilmirlər…

Onu da qeyd edək ki, “Diqlas”ın binası söküldükdən sonra yerində hansı məqsədlə və nə üçün tikilinin ucaldılacağı barədə rəsmi açıqlama verilməyib. Sadəcə olaraq, ticarət mərkəzinin rəhbərləri zərərçəkən sahibkarlarla söhbətləri zamanı bildiriblər ki, bina bərpa ediləcək və yenidən ticarət mərkəzi kimi fəaliyyət göstərəcək..

Həmçinin oxuyun

Pensiya, maaş və müavinətlər yenidən artırılır

Cari ilin yanvar ayında ölkədə əmək pensiyaları artırılsa da, maaş və əlilliklə bağlı müavinətlər olduğu …