Çərşənbə axşamı , Sentyabr 21 2021
Ana səhifə / Sosial / “Deyirlər ki, vaksin vurdurub ölənlərə dövlət 5 min manat pul verəcək…”

“Deyirlər ki, vaksin vurdurub ölənlərə dövlət 5 min manat pul verəcək…”

Son günlər sosial şəbəkələrdə və TV-lərdə vətəndaşlara saxta Covid-19 pasportu verən həkimlər haqda məlumatlar yayılır. Bununla bağlı müxtəlif iddialar irəli sürülür.

Deputat Rəşad Mahmudov məsələyə özünəməxsus münasibət bildirib. Millət vəkili təklif edib ki, vətəndaşlara saxta Covid-19 pasportu verən həkimlərin diplomları əlindən alınsın. Maraqlıdır, bu kimi halların qarşısını almaq üçün hansı mübarizə üsullarından istifadə etmək lazımdır? Həmin həkimlərin dipomları ləğv edilə bilərmi?

Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu Yenisabah.az-a cinayətə görə peşənin əlindən alınmasının düzgün olmadığını deyib:

“Hansısa həkim saxta bir pasport veribsə, onun həkimlik peşəsinin ləğv olunması düzgün deyil. Belə radikal üsullarla cəmiyyəti idarə etmək olmaz..Tutaq o adam öldürür və ya hər hansı bir cinayətə əl atırsa, peşəsinin əlindən alınması nə dərəcədə doğrudur? Bu cür məsələlərə ancaq aydınlıq, izahat gətirilməlidir”.

S.Cəlaloğlu vaksinlərlə bağlı birmənalı mövqenin olmadığını söyləyib:

“Bir çox alimlər vaksinasiyanın düzgün olmadığını deyirlər. Bəziləri isə tam əksini. Bu səbəbdən də əhalidə tərəddüd içərisində qalır. Çünki vaksinasiya olunanların içərisində virusa yoluxub, ağır şəkildə keçirənlər, hətta həyatını itirənlər belə var. Aydınlıq olmadığına görə əhali narahatdır. Birmənalı şəkildə bu məsələyə münasibət olmadığına görə, insanlarda iki tirəli mövqe yaranır. Bu səbəbdən də qeyri-qanuni yollarla pasport əldə etmək istəyirlər”.

Cəlaloğlu bu kimi halların inzibati üsulla qarşısının alınmasının gülünc mənzərə yaratdığını qeyd edib:

“Qətiyyən inzibati üsullarla mübarizə aparmaq olmaz. Gülünc bir şeydir. Ancaq izahat işi aparılmalı, narahatçılıqlarının aradan qaldırılması üçün təlimatlar verilməlidir.

Bunları etmək əvəzinə deyirlər ki, vaksin vurdurub ölənlərə dövlət 5 min manat pul verəcək. Kim 5 min manata görə özünü ölüm riski ilə üz-üzə qoyar?! Bu olduqca yanlışdır. Ona görə də insanlar qeyri-müəyyən vəziyyətdə qalır. Digər tərəfdən də vaksinasiya ilə bağlı elə qərarlar qəbul edirlər ki, vətəndaşların konstitusiya hüquqları pozulur. Bütün bunlar da vətəndaşları qeyri-qanuni yollara üz tutmağa məcbur edir”.

Həmçinin oxuyun

Karantin cərimələri silinir? – VİDEO

Sərtləşdirilmiş karantin dövründə açıq havada maska taxmayan vətəndaşlara yazılmış cərimələrin silinməsi ehtimalı yenidən gündəmdədir. Bəs …