Cümə axşamı , Oktyabr 28 2021
Ana səhifə / Sosial / Deputatdan anons: “Qiymətlər artmaqda davam edəcək”

Deputatdan anons: “Qiymətlər artmaqda davam edəcək”

“Qiymətlər qalxanda bunun real səbəbi deyilməlidir, deyilmir. Biz bu qiymət artımının camaatın xeyrinə olduğunu əsaslandırmağa  çalışırıq. Adını qoyuruq ki, bu, idarəetmənin təkmilləşdirilməsi deməkdir, islahatdır, itkilərin qabağını almaqdır və s. Amma hansı məqsədlə edilir edilsin, qiymət qalxırsa, xüsusilə pensiyaçılar, aztəminatlı ailələr bundan əziyyət çəkir”.

Bu fikirləri Milli Məclisin bu gün keçirilən iclasında deputat Qüdrət Həsənquliyev səsləndirib. O vurğulayıb ki, Parlamentin Sosial siyasət komitəsi bu məsələyə münasibət bildirməlidir.

“Mən deputatları narahat edən məsələlər barədə zaman ayırdığınıza görə çox şadam. 20-30 nəfər çıxış üçün yazılsa da, cəmi 10 nəfər çıxış edə bilir. Mən birinci onluğa düşə bilmirəm. Bu hesabla gərək mənə heç vaxt növbə çatmaya və mən danışmayam. Hesab edirəm ki, danışmaq  üçün ayrılmış bu 30 dəqiqəni arıtra bilərik. Quran ayəsi deyil. Deputat xalqı narahat  edən məsələlər barədə danışmalıdır”,- deyə Qüdrət Həsənquliyev öncə özünü  narahat edən məsləyə toxunub.

“Mən də Razi Nurullayevin bu  fikri ilə razıyam ki, bu tipli məsələlərə dair qiymətlər monopolist dövlət qurumları deyil, parlament tərəfindən müəyyənləşdirilməlidir. Necə ki, cərimələri, dövlət rüsumlarını biz müəyyənləşdiririk, eyni qaydada qiymətlərin yuxarı həddini müəyyən edə bilərik. Qiymətlər bu cür artmaqda davam edəcək. Bunun qarşısını almağın yolu tapılmalıdır. İqtisadiyyatın aparıcı sahələri dövlət mülkiyyətindədir. Özəlləşdirməsək, özəl şirkətlərə verilməsə ciddi uğurlara nail ola bilməyəcəyik”.

Qeyd edək ki,  deputat Razi Nurullayev bu gün keçirilən iclasda Tarif Şurasının ləğv edilməsini, onun səlahiyyətlərinin Milli Məclisə verilməsini təklif edib:

“Tarif Şurasında oturanlar sanki bu xalqa uzaqdılar, verdikləri qərarlarıanlamaq olmur. Hesab edirəm ki, əhalinin sosial rifahı ilə bağlı məsələlərə bu xalqın seçdiyi, xalqın deputatları qərar verməlidirlər”,- deyə Razi Nurullayev bildirib.

Qeyd edək ki, zaman-zaman Tarif Şurası yanacağın və kommunal xidmətlərin qiymətini qaldırır, halbuki bu qərarlarla bağlı hər hansı iqtisadi əsaslandırma yoxdur.

Həmçinin oxuyun

Seymur Mövlayevə nədən ETİMAD GÖSTƏRİLDİ? – AXI NİYƏ?!

Vaxtilə Kənd Təsərrüfatı Nazirliyinin ( KTN ) tabeçiliyində Dövlət Baytarlıq Xidməti ( DBX ) və …