Bazar ertəsi , Aprel 22 2024
Ana səhifə / Sosial / Deputat: ““Uşaq pulu” onsuz da verilir” 

Deputat: ““Uşaq pulu” onsuz da verilir” 

Azərbaycanda əhalinin sayı açıqlanıb.

Belə ki, 2023-cü ildə ölkə üzrə əhalinin sayı 53625 nəfər və ya 0,5 faiz artaraq 2024-cü il yanvar ayının 1-i vəziyyətinə 10180770 nəfərə çatıb. Azərbaycanda 9 milyonuncu şəxs 2010-cu ilin yanvarında doğulub. Ölkədə 10 milyonuncu insan isə 9 il sonra 2019-cu ilin aprelində doğulub. Yəni, 9 il ərzində artım cəmi 1 milyon nəfər olub.

Əhalinin sayı 2019-un aprelindən 2024-ün fevralınadək isə 180 min nəfər artıb. Yəni 9 il ərzində 1 milyon artdığı halda, 5 il ərzində cəmi 180 min artıb. İndi bir çox ailələrdə uşaq sayı 1-dən çox deyil. 

Xüsusilə, gənc ailələr dolanışıq səbəbindən ikinci uşağı dünyaya gətirmək istəmir. “Uşaq pulu”nun verilməməsi də əsas səbəblərdən biri kimi göstərilir. 

Milli Məclisin deputatı Fazil Mustafa “Cebhe.info”-ya açıqlamasında demoqrafik problemin olduğunu təsdiqləyib: 

“Selektiv abortdan tutmuş uşaqlara olan münasibətə qədər ailələrin, cəmiyyətin bu məsələ ətrafında bəzi standartlarının dəyişməsi və müəyyən dərəcədə ailələrin gec qurulması, gənclərin evlə təmin olunmasında problemlər, məşğulluq məsələsinin çözülməməsi, sabit iş yeri olmayan gənclərin evlənməyə maraq göstərməməsi öz təsirini göstərir.

Ayrı-ayrı koteqoriyadan olan insanların xarici ölkələrə üz tutması bu sayın azalmasındakı əsas səbəblərindən biridir. Biz demoqrafik vəziyyətin kəskin dəyişməsini COVID-19 pandemiyasından sonrakı dövrdə də daha kəskin hiss etməyə başladıq. Narahatedici demoqrafik geriləmə var. Bunun ətrafında ciddi müzakirələr aparılmalı, səbəbləri araşdırılmalı və həll yolları tapılmalıdır”. 

Deputatın sözlərinə görə, belə məsələlərdə vaxtında konkret qərar qəbul olunmadıqca, nəticələr arzuolunan səviyyədə olmayacaq və gecikəcək: 

“Gecikmə də bizim əhali potensialımıza, gələcəkdə əmək qüvvəsinə, həm hərbiyə, həm ailə sisteminin təkmilləşməsinə təsir göstərəcək mahiyyətdə olacaq. Ona görə də mütəxəssislər tərəfindən müzakirə olunub müəyyən təkliflərin hökumətə verilməsi vacibdir”. 

F.Mustafa deyib ki, burada “uşaq pulu” məsələsi həlledici rol oynayan məsələ deyil: 

““Uşaq pulu” onsuz da verilir. Bu termin doğru izah olunmur. Əslində müavinətlərin şəbəkəsi genişlənməlidir ki, ehtiyacı olan uşağın hər biri bu dövlətdən dəstəyini ala bilsin. Məsələ bu formada həllini tapmalıdır”. 

Həmçinin oxuyun

Sumqayıt sakini: “Yollara görə maşın hər gün ustadadır” – Video

Sumqayıtda yaşayan sakinlər yolların keçilməz olmasından şikayətçidirlər. Burada elə küçələr var ki, 42 ildir asfalt …