Çərşənbə , Aprel 24 2024
Ana səhifə / Sosial / Deputat Fazil Mustafa ilə ADP sədri Sərdar Cəlaloğlunun söz dueli..

Deputat Fazil Mustafa ilə ADP sədri Sərdar Cəlaloğlunun söz dueli..

Sərdar Cəlaloğlu: “Fazil Mustafa yanlış deyir”

Fazil Mustafa: “Sərdar bəyin mühakimələri çoxlu nöqsanlarla doludur”

ADP sədri Sərdar Cəlaloğlu ilə BQP rəhbəri, deputat Fazil Mustafa arasında günlərdir davam edən söz savaşı səngimək bilmir. ADP sədrinin tanınmış Azərbaycan şairləri Molla Pənah Vaqif və Səməd Vurğun haqqında dediyi sərt ittihamlara deputatın cavabı ilə başlayan narazılıq artan xətlə gedir. Hər iki partiya sədri bir-birilərinin fikirlərini sərt tənqid edirlər.

Son olaraq, S.Cəlaloğlu hurriyet.org saytına geniş müsahibə verərək, F.Mustafanın bostanına daş atıb.

Картинки по запросу fazil mustafa

ADP sədri Fazil Mustafanın “Qacarın Azərbaycanı birləşdirməməsi bizim xeyrimizə oldu” fikirlərinə bu cür cavab verib:“Mən bilmirəm Fazil Mustafa ”biz” deyəndə kimi nəzərdə tutur, amma mən bir azərbaycanlı kimi deyirəm ki, Azərbaycanın bütöv şəkildə İranın tərkibində qalması və yaxud da bütöv şəkildə Rusiyanın tərkibində qalması bizim üçün daha əhəmiyyətlidir, nəinki bugünkü kimi parçalanmış vəziyyətdə olması. Bunun belə başa düşmək lazımdır. Yəni vətənin parçalanmasına heç bir ad altında haqq qazandırmaq olmaz. Bütün ölkə bir yerdə işğal oluna bilərdi. Azad olunanda da bir yerdə olacağdıq, necə ki, Şimali Azərbaycan azad oldu. Amma parçalanma bizə imkan vermədi ki, bir xalq olaraq tam şəkildə azad olaq. Elə təcrübə də göstərir ki, Fazil Mustafa yanlış deyir. Birinci, onun Qacar haqqında dediyi fikirlər yanlışdır. Sonra isə deyir ki, bizə torpaq lazım deyil. Torpaq olmazsa, xalq necə ola bilər? Xalq özü torpaq və qan birliyi deməkdir. Etnoqrafiya elmi də xalq haqqında belə bir tərif verib ki, xalq ərazi birliyi və qan birliyində olan insan kütləsi deməkdir. Əgər bizə yalnız qan birliyi lazımdırsa, yalnız qan birliyi ilə tayfa yarana bilər, xalq, millət yarana bilməz. Millət şüur birliyi, xalq qan və ərazi birliyi, tayfa qan birliyindən yaranır. Hörmətli Fazil bəy isə deyir ki, ərazi birliyinin bizim üçün önəmi yoxdur. Məhz ərazimizin parçalanmasına görə biz hələ də vahid Azərbaycan xalqı kimi formalaşa bilməmişik.

Картинки по запросу Sərdar Cəlaloğlu

F.Mustafa “Yeni Müsavat”da S.Cəlaloğlunun barəsində dediklərinə bu cür münasibət sərgilədi: “Bu cür müzakirələrin aparılmasına müsbət yanaşıram. Əslində cəmiyyətimizin buna çox ehtiyacı var. Sərdar bəyin ”Abbas Mirzə Azərbaycanı birləşdirəcəyi halda daha mütərəqqi yol gedəcəkdik” kimi fikirlərə gəlincə, bunu tarixin inkişaf mərhələlərinə baxanda diqqətlə görürsən ki, bu inandırıcı gəlmir. Azərbaycanın yeni dünyaya açılımı hətta Osmanlı vasitəsilə olsa belə mümkün deyildi. Bunun özü də böyük problemlər yaradırdı. Çünki Türkiyənin özü Osmanlı sisteminin içərisində Avropa məkanından uzaq düşdü və təzminat dövrünü 150 illik sürəcdə keçməyə məcbur oldu. Bu onu göstərir ki, rus mühitinin açılımı ilə Azərbaycanın belə bir şəraiti yarandı və Avropa dəyərlərinə yaxınlaşmağımız baş verdi. Qacarın ingilis, fransız dillərinə bilməsinə gəlincə, Oksford kimi universitetlər bitirmiş dövlət başçıları var idi ki, onlar adam əti yeyirdilər. Onların dil bilmələri adam əti yemələrinə əngəl olmurdu. Ona görə də kiminsə hansısa dili bilməsi, əzbərləməsi o dövrün mütərəqqi adamı olması anlamına gəlmirdi. Ona görə də bu məsələnin arqument olaraq əsas ola bilməz.

Biz Qacarın mollaxana açacağını ona görə deyirik ki, Güney Azərbaycan nümunəsini görürük. Sonunda İran İslam Respublikasının qurulması bir mollaxana sisteminin bərqərar olmasının nümunəsi idi. Azərbaycanda Qori Müəllimlər Seminariyası nəticəsində ziyalı nəslinin yetişməsi Müstəqil Azərbaycan dövlətinin qurulması üçün bir zəmin hazırladı. Biz şərt yox, fakt formasında danışırıq. Bu gün bəlkə də biz Avropa dəyərlərinə, müasir dünyaya daha tez qovuşa bilərdik, rus mühiti də bizi xeyli geri saldı. Amma istənilən halda həyatımızda bu mühitin yüksək rol oynadığı danılmazdır. Səfəvilər və digərlərindən daha çox rol oynayıb. Ən azından İran modelli bir dövlətə çevrilmədik. Modern dünyəvi bir dövlət qurmaq imkanı əldə etdik. Lokal, milli təəssübkeşlikdən çıxış etmək hamı üçün məqbul hesab oluna bilər. O zamanlar Qarabağ xanı İbrahimxəlil xanın daha realist yanaşması və Rusiya, İran arasındakı seçimdən daha doğrusunu seçməsi bu gün Azərbaycanın seçdiyi yolun təməlini qoydu. Sərdar bəyin bu məsələlərdəki mühakimələri çoxlu nöqsanlarla doludur. Yanaşma tərzi də doğru deyil. Amma onun axtarışlarına müsbət yanaşıram. Tənqid edə bilər, amma əsası odur ki, kimlərisə təhqir etmədən fikirlərini irəli sürürsə, bunun cəmiyyətə faydası ola bilər. Belə müzakirələr nəticəsində faydalı olan irsimizi, kökümüzü tapırıq. Nəyi kənara tullamağın lazım gəldiyini bunların nəticəsində anlayırıq. Düşünürəm ki, Səfəvilər və Qacar dövrü bizlərin fəxr edəsi dövr deyil. Əslində geriliyimizə səbəb olan dövrlərdir. Tariximizdə çoxlu qaranlıqlar var”.

F.Mustafa İran və Rusiya əsarətində qalan Cənubi və Şimalı Azərbaycanı da müqayisə etdi: “O zaman ya hamımız bir xəstəliyin içərisində qalaraq sıradan çıxmalı idik, ya da müəyyən bir hissəmiz azad olunmalı idi. 3/1-mizin rus mühiti daxilində bütöv bir xəstəlikdən qurtulmağımız xeyrimizə olan bir hadisədir. İran mühitində son 200 ildə yetişən obrazlarla Güneydə yetişən obrazları müqayisə edərək göstərmək istəyirəm. Üzeyir Hacıbəyov, Məhəmməd Əmin Rəsulzadə, Hüseyn Cavid, Xudu Məmmədovun timsalında orada hansısa bir kadrın yetişməməsi göstərir ki, sovet dövründə qazandıqlarımız daha fərqlidir. Demək olar tərəzinin gözü boş qalır. Bu gün İranda hələ də 30 milyondan çox azərbaycanlı dilinin tanınması üçün mübarizə aparır, maddi imkanları da normaldır, Sərdar bəyin dediyi kimi ingilis və fransız dillərini bilirlər, amma nə olsun, ortaya qoyduqlar performans nədir. Say etibarı ilə qat-qat çox olan bir cəmiyyəti ondan az olan cəmiyyət necə əzə bilər? Demək çatışmayan şeylər çoxdur. Görün İranda bir Axundov yetişsəydi, nələr dəyişə bilərdi. Daha mütərəqqi bir mühit yaranmazdımı? Rusiyanın tərkibində olaraq, sonradan 9 milyonluq xalqın müstəqil dövləti ola bilər. Amma 30 milyonluq xalq bunu əldə edə bilməz. Biz bu reallıqları deyirik”.

Həmçinin oxuyun

Birinci sinfə qəbul üzrə prioritet məktəblər – SİYAHI

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil müəssisələri üzrə I sinfə qəbul prosesində prioritet …

Bir cavab yazın