Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Sosial / Deputat: “Cəmiyyətimizdə varlılara qarşı küdurət və həsəd var”

Deputat: “Cəmiyyətimizdə varlılara qarşı küdurət və həsəd var”

“Bu gün Azərbaycanda bir çox meyvə-tərəvəz məhsullarının da xaricdən gətirilməsi, şəxsən, məni utandırır”.

Bunu Qafqaznews.az-a müsahibəsində Milli Məclis üzvü, iqtisadçı-alim Rüfət Quliyev bildirib.

“Azərbaycanın daxili bazarı idxaldan asılıdır. Bu, heç də yaxşı deyil, çünki ixracat nəticəsində Azərbaycanda gələn valyutanın böyük qismi idxal prosesində yenidən ölkədən çıxır”, – deyə deputat qeyd edib.

“Bəs nə etməliyik?” sualına R.Quliyev belə cavab verib: “İlk növbədə, sahibkarlığın təbliğatını gücləndirməliyik. İnsanlarda kiçik və orta sahibkarlığa, şəxsi təşəbbüslərini artırmağa həvəs yaratmalıyıq. Prezident hər ay ən az 10 sərəncam imzalayır ki, bu sərəncamlar ölkədə sahibkarlığın inkişafına stimul verir. Biznesin inkişafı üçün, ölkədə münbit hüquqi şərait yaradılıb. Lakin yenə də, təbliğatı gücləndirmək lazımdır ki, cəmiyyətdə sahibkarlığa olan psixoloji yanaşmanı dəyişək. Mən Lənkəran zonasında adam tanıyıram ki, kənd təsərrüratı ilə məşğul olur, əziyyət çəkərək ayda 3-4 min manata yaxın gəlir əldə edir. O adam öz zəhmətiylə dolanır. Amma onun qonşusu bunu bilmir, deyir ki, zavod və fabrik açın, gedim orda stabil maaşla işləyim. Lənkəranda nə qədər fabrik və zavod açmaq olar? Sənaye müəssisəsi üçün xammal lazımdır. Meyvə olsun, tərəvəz olsun… Yüzlərlə yox, minlərlə ton olmalıdır. Bu xammalı, yəni çayı, südü, taxılı və digər kənd təsərrüfatı məhsullarını da aqrar biznes verməlidir. SSRİ vaxtında digər müttəfiq ölkələrə yüz min tonlarla meyvə-tərəvəz ixrac edirdik. Amma indi bu sahədə axsama var”.

Onun sözlərinə görə, son zamanlar müəyyən dinamika hiss olunur.

“Bəli, dinamika var, lakin bu, daha da artıq olmalıdır. Dövlət şərait yaradır, islahatlar aparılır.. Lakin hər şeyi də dövlətdən gözləmək olmaz. Vətəndaşlar özləri də zəhmət çəkməyə, təşəbbüskarlığa maraqlı olmalıdır. Bu gün bəzi rayonlarda, məsələn, Astarada görürəm ki, əhalinin əksəriyyəti əkinlə məşğul olur. Primitiv istixanalar da var, yaxşı vəziyyətdə olanlar da. Bu yaxınlarda tütünçülüyün inkişafı ilə bağlı tədbir təşkil olundu, mən də dəvət olundum. Mənim fikrimi soruşdular, bildirdim ki, keyfiyyətli tütün olmalıdır və yerli istehlakçılar üçün münasib qiymətdə olmalıdır. Uğurlu sahibkarları da təbliğ etmək lazımdır. Cəmiyyətimizdə bugün varlılara qarşı küdurət və həsəd var. Bəziləri düşünür ki, əgər kimsə bizneslə varlanıbsa, deməli, yaxşı adam deyil, quldurdur, dağıdır… Varlılara ümumi yanaşma yaxşı olmadığına görə, sahibkarların çoxu gəlirini gizlətməyə çalışır, çünki cəmiyyətdə mənfi münasibətdən çəkinirlər. Milli burjuaziyamız doğulur, ona dəstək olmalıyıq. Televiziyalarda əyləncəli verilişlərin sayı-hesabı yoxdur. Sahibkarlığın inkişafı üçün müxtəlif proqramlar yayımlanmalıdır. Nə qədər olar? Çal-çağır, ər axtarıram, sən məni sevmirsən, mən səni sevirəm… Cəmiyyət üçün faydalı verilişlər də hazırlayın, reportajlar aparın”, – deyə millət vəkili vurğulayıb.

Rüfət Quliyevin fikrincə, sahibkarların özündə də məsuliyyət və koordinasiyaya, yeniliklərə maraq olmalıdır.

“Dövlət daha paternalizmlə məşğul ola bilməz. Dövlət öz problemlərini uğurla həll edir. Amma biz cəmiyyət olaraq, qeyri-neft sektorunun inkişafı üçün zəhmət çəkməliyik”, – deyə Rüfət Quliyev əlavə edib.

Həmçinin oxuyun

“OMİD” 10 min manatədək cərimə oluna bilər – Məhkəmə davam edir

Azərbaycanda inşaat mallarının topdan və pərakəndə satışı üzrə ən böyük satış mərkəzlərindən birinə sahiblik edən …

Bir cavab yazın