Çərşənbə , Aprel 24 2024
Ana səhifə / Sosial / Deputat: “Bizim faciəmiz odur ki, əhalimizin qazancında artım yoxdur”

Deputat: “Bizim faciəmiz odur ki, əhalimizin qazancında artım yoxdur”

“Sərnişin daşıma qiymətlərinin qalxmasına isti yanaşa bilmərəm”. 

Bunu Demokrat.az-a açıqlamasında Milli Məclisin deputatı Razi Nurullayev deyib. Deputat vurğulayıb ki, bu gün iqtisadiyyatın müxtəlif sahələrində qiymət artımı dayanmadan gedir: “Biz indi desək ki, qiymət artımı yalnız Azərbaycanda gedir, əlbəttə ki, yalan olar. Çünki bütün dünyada qiymət artımı gedir. Ancaq orada insanların həm də qazancında artım baş verir. Bizim faciəmiz odur ki, qazancımızda artım yoxdur, varsa da cüzidir. Yəni, artımı ödəmək imkanımız yoxdur. Başa düşürəm kİ, dəmir yolunun da ciddi xərcləri var. Həmçinin, sürət qatarları dövlət qarantiyası ilə alınır, bunun pulu borc şəklindədir. Hər il o kreditlər ödənilməlidir, xidmətin keyfiyyəti yüksəldilməlidir və s. O cümlədən də hər il enerji daşıyıcılarının qiyməti artır. Bu da təbii ki, onların qiymət prinsiplərinə təsir edir. Ancaq ölkəmizdə insanların qazancı bu bahalaşmanı qarşılya biləcək dərəcədə artmır. Əgər əvvəllər vətəndaşın 100 manat qazancı var idisə, bundan dolanırdı. İndi bütün qiymətlər qalxır, onun qazancı da yerində sayır, yaxud cüzi artıb. Təbii ki, bu da həmin insanlar üçün böyük çətinliklər yaradır və nəticədə dolana bilmir, narazılıqlar da buradan yaranır. O baxımdan hesab edirəm ki, bütün dövlət müəssisələri çalışmalıdır ki, maksimum dərəcədə qənaətlə işləsinlər. Maksimum dərəcədə bu sahələrdən qazanc güdməsinlər, maksimum dərəcədə insanların sosial vəziyyətini nəzərə alsınlar. Dövlətin isə vəzifəsi budur ki, rəqabətli iş yerləri yaratmağa nail olsun. Bunun üçün də Azərbaycanda biznesə şərait yaradılmalıdır”. 

Millət vəkili əlavə edib ki, Azərbaycanda azad biznes şəraiti yoxdur: “Azərbaycanda investisiyaların cəlbi üçün şərait deməzdim ki, normaldır. Bizim vergi, gömrük, rüsum sistemimiz əlçatandır, onlar üçün sərf edicidir. Yaxud bizim onlara təqdim etdiyimiz stimullaşdırıcı addımlar qənaətbəxşdir. Əgər belə olsa, xarici investor da gəlib pul qoyar, qazanar, rəqabətli, yüksək maaşlı iş yerləri açar. O zaman insanların pulu olar  və baha bilet alıb gedər. Habelə, çörək bahalaşarsa, yenə də çörəyini ala bilər. Bahalaşmanın yaratdığı fəsadları insanlar aldıqları əmək haqqı ilə ödəyə bilər. Bizdə bu olmadığına görə, bu problemlər yaşanır və təbii ki, mən buna isti yanaşmıram”. 

Həmçinin oxuyun

Sabiq baş pediatr Nəsib Quliyev intihar edib – Rəsmi

Azərbaycanın sabiq baş pediatrı Nəsib Quliyev intihar edib.Bu barədə Baş Prokurorluğun Mətbuat xidməti məlumat yayıb.Bildirilib …