Ana səhifə / Sosial / Deputat: “Allaha şükür, bizdə elə aclar yoxdur, kasıblar var…”

Deputat: “Allaha şükür, bizdə elə aclar yoxdur, kasıblar var…”

Milli Məclisin deputatı Tahir Rzayev Xalq artisti Əbdül Mahmudovun “deputatlar ictimai əsaslarla işləsinlər, maaşları kəsilsin, vəsait “uşaqpulu”na yönəldilsin, hər uşağa min manat verilsin” təklifinə münasibət bildirib.

T.Rzayev Pravda.az-a açıqlamasında deyib ki, bu fikri deyənin qanunvericilikdən, deputatların statusundan xəbəri yoxdur.

Deputat vurğulayıb ki, hər hansı fikri səsləndirəndə qanunlara, statusa, dövlətin verdiyi müəyyən qərarlara əsaslanmaq lazımdır: “Bəzi adamlar elə fikirlər yürüdürlər ki, “bişmiş toyuğun gülməyi gəlir”. Deputatlar dəfələrlə “uşaqpulu”nun müasir tələblər əsasında verilməsi haqqında təkliflər veriblər. Mən özüm on dəfədən çox bu məsələ ilə bağlı müsahibə vermişəm. Bildirmişəm ki, “uşaqpulu”nun verilməsinin tərəfdarıyam, amma vəsaitin verilməsində sosial ədalət bərpa olunmalıdır. Fikrim bu olub ki, hamıya “uşaqpulu” verilməsin. Kimin ehtiyacı var, o adamlara daha artıq miqdarda “uşaqpulu” verilsin, dərəcələr müəyyən olunsun. Məsələn, ailədə beş nəfər insan varsa, hərəsinə beş yüz manat əməkhaqqı düşürsə, bu ailəyə iki min beş yüz manat əməkhaqqı gəlirsə, onda bu ailə “uşaqpulu” almasın. Hər ailə üzvünə beş yüz manatdan aşağı vəsait düşürsə, belə aztəminatlı ailəyə “uşaqpulu” verilsin. Buna da gedirik. Ölkədə insanların hamısına “uşaqpulu” vermək dövlət büdcəsinin imkanları xaricindədir, həm də sosial ədalət prinsipi pozular. Mən də “uşaqpulu” alım, kasıb da? Belə şey necə mümkündür? Təkliflərimdən biri bu olub ki, üçdən artıq – dörd-beş-altı uşağı olana uşaqların sayına görə “uşaqpulu”nun  miqdarı artırılsın”.

T.Rzayev deyib ki, bu gün deputatları hamı hədəfə götürüb: “Kimin nə ağlına gəlir, deputatların üstünə yönəldir. İqtisadiyyatı bilmək, dövlət büdcəsini hesablamaq lazımdır, əhalinin sayı, ölkənin müdafiə büdcəsi, bərpa-quruculuq işləri nəzərə alınmalıdır. Elə hamı deyir ki, filan maaşı üç-dörd min edək. Hesabla, gör, bu pul hansı büdcədən verilməlidir? “Deputatlar ictimai əsaslarla işləsinlər…” deyənlər savadsızdırlar. Bu fikirlərin əsası yoxdur. Yaxşı, bəs deputat insan deyilmi? Deputat çörək yeməməlidir, uşaq saxlamamalıdır, xarici ölkəyə getməməlidir? Milli Məclisdə hörmətli deputat həmkarlarım “uşaqpulu” ilə bağlı müxtəlif səpkidə fikirlərini söyləyirlər. Bu adamlar həmin informasiyaları gedib oxusunlar. Fikir yürütmüşəm ki, mən millət vəkiliyəm, əməkhaqqım çoxdur. Əməkhaqqı çox olan adamların uşaqları olsa da, onlara “uşaqpulu” verilməsin. Bizim pulumuzdan kəsilsin, ehtiyacı olanlara “uşaqpulu” artıqlaması ilə verilsin. Bu gün ölkədə imkanlı insanlar çoxdur – şirkət rəhbərləri, yüksək maaşla çalışan dövlət qulluqçuları var. İnzibati orqan işçiləri, deputatlar yüksək əməkhaqqı alırlar. Ona görə də bu insanlara “uşaqpulu” verilməsini məqbul hesab etmirəm…”

Deputat Əməkdar artist Yusif Mustafayevin “uşaqpulu” ilə bağlı səsləndirdiyi “”uşaqpulu” verilmirsə, deməli, dövlət belə msələhət bilir” fikirlərinə görə tənqid edilməsinə də münasibət bildirib: “Yusif müəllim düz deyir. Ziyalıdır, məclislərdə olur, müəyyən hadisələri, reallıqları görür və deyir ki, “dövlət necə məsləhət bilsə…”. Yəni dövlət bu gün insanlara bu qədər qayğı göstərir, amma qiymətləndirilmir. Xırda məsələ olan kimi dövlətin, dövlət məmurlarının, deputatların əleyhinə təhqiramiz ifadələr işlətməyə başlayırlar, adam utanır. Vallah, belə olmaz. Bu, düzgün yol deyil. Biz azərbaycanlıyıq. Hər birimizin fikrinə hörmətlə yanaşmalıyıq. Ağıllı fikirləri qəbul etməliyik, yanlış fikir varsa, alternativ nədirsə, irəli sürsünlər, əsaslandırsınlar. Desinlər ki, filan layihəni həyata keçirib, hər uşağa iki-üç min manat “uşaqpulu” verə bilərəm. Mən də bir azərbaycanlı kimi hər bir ailənin yaxşı dolanmasının tərəfdarıyam, istəyirəm, azərbaycanlı ailələr yaşayış tərzlərinə görə dünyada nümunəvi olsunlar. Amma müəyyən çətinliklər, iş problemi var. Bunları bir yerdə həll etməliyik. Söyüşlə, təhqirlə, bir-birimizə düşmən kəsilməklə yox. Mən də müəyyən müsbət fikirlər söyləyirəm, məni də həddindən artıq təhqir edirlər. Ancaq buna əhəmiyyət vermirəm. İnsanlar insani cəhətdən reallıqları, vəziyyəti araşdırmırlar, kiməsə xoş gəlməkdən ötrü deyirlər ki, hər uşağa min, iki min manat pul verək. Camaat da onu alqışlayır. Bu xalqın bir oğlu kimi istərdim ki, insanlar hadisələrə açıq gözlə baxsınlar, reallıqları, dünyada baş verənləri düzgün qiymətləndirsinlər. Hazırda dünyada 1 milyard 600 milyondan çox insan aclıq içində yaşayır. Allaha şükür, bizdə elə aclar yoxdur, kasıblar var. Birdən-birə elə populist çıxışlar edirlər ki, məəttəl qalıram. Tutaq ki, populist çıxış edənin dünya görüşü yoxdur, bəs əks-səda verənlərin necə? Gərək, o insalar özləri düşünsünlər axı…”

Həmçinin oxuyun

Pensiya və müavinətlər artırıla bilər – VİDEO

Cari ilin ortaları pensiyaların yenidən artırılacağı gözlənilir. Bunu millət vəkili Aydın Hüseynov deyib. O bildirib …