Ana səhifə / Sosial / “Dedilər ki, Nəriman müəllimin göstərişidir, maaş verilməyəcək” – Qazidən şikayət

“Dedilər ki, Nəriman müəllimin göstərişidir, maaş verilməyəcək” – Qazidən şikayət

Baş Prokurorluq tərəfindən qanunsuz ağac kəsilməsinə görə rəhbərlik etdiyi “Ştutqart” MMC barəsində cinayət işi başlanılan keçmiş deputat Nəriman Əliyev bu dəfə 64 işçinin maaşını ödəməməkdə ittiham edilir. Əmək haqqını ala bilməyən əməkdaşlardan biri də Qarabağ Müharibəsi qazisi İsmayıl Qurbanovdur.

“Qafqazinfo”ya müraciət edən İ.Qurbanov bildirib ki, ötən il həmkarları ilə birgə işlədiyi “Ştutqart” MMC-də işdən çıxarılıblar və maaşlarını ala bilməyiblər:

“2021-ci il sentyabr-oktyabr aylarında 64 nəfər tutduğumuz vəzifələrdən azad edildik. Bizimlə hesablaşma aparıldı və bizə çatacaq əmək haqlarının bir hissəsinin yaxın müddətdə veriləcəyi deyildi. Onlar bizə ümumilikdə 76 813 manat verməli idilər. Mən orada satış meneceri işləyirdim. Məsələn, mənə bir ayın maaşı verilməyib. Digərlərində isə fərqlidir. Elə işçi var ki, iki ayın maaşını ala bilməyib”.

Qazinin sözlərinə görə, bir müddət keçdikdən sonra pulun verilmədiyinə görə, işçiləri vasitəsilə “Ştutqart” mağazalar şəbəkəsinin direktoru Nəriman Əliyevə müraciət ediblər: “Biz Nəriman Əliyevin köməkçisi Hacı Azərə, rəhbərlikdə təmsil olunan Orxan və Hikmət adlı şəxslərə dəfələrlə müraciət etsək də, cavab olaraq bizə deyilib ki, “Nəriman müəllimin göstərişidir, işdən çıxan heç kəsə əmək haqqı qalığı verilməyəcək”.

Biz bu məsələdən güc strukturlarına, lazımi orqanlara şikayət edəcəyimizi desək də, hər dəfə ağır ifadələrlə Nəriman Əliyevin heç kəsdən qorxub-çəkinmədiyini, kimə şikayət edilməsindən asılı olmayaraq bu pulların verilməyəcəyini dedilər. Nəticədə işdən çıxmağımızdan 4 aya yaxın vaxt keçməsinə baxmayaraq, hələ də bizə çatmalı olan pulları ala bilməmişik”.

Məsələ ilə bağlı eks-deputat Nəriman Əliyevdən isə münasibət almaq mümkün olmayıb.

Qeyd edək ki, qazi İsmayıl Qurbanov Vətən Müharibəsində iştirakına görə “Füzulinin azad edilməsinə görə” və “Xocavəndin azad edilməsinə görə” medalları ilə təltif edilib.

“Dedilər ki, Nəriman müəllimin göstərişidir, maaş verilməyəcək”  - Qazidən şikayət

Həmçinin oxuyun

Pensiya və müavinətlər artırıla bilər – VİDEO

Cari ilin ortaları pensiyaların yenidən artırılacağı gözlənilir. Bunu millət vəkili Aydın Hüseynov deyib. O bildirib …