Bazar , Fevral 25 2024
Ana səhifə / Sosial / Daşınmaz əmlak bazarında kəskin bahalaşma – Video

Daşınmaz əmlak bazarında kəskin bahalaşma – Video

Bakıda daşınmaz əmlak bazarı dəyər qazanmağa davam edir. Qiymət artımı son 30 ilin rekordu hesab edilir.

Hazırda Bakıda çoxmərtəbəli yaşayış binalarında təklif edilən ən ucuz təmirsiz 100 kvadratmetrlik mənzillər Ramana qəsəbəsində 70 minə, eyni ölçüdə ən bahalı təmirsiz mənzil isə mərkəzdə yarım milyon manata satılır.

Dövlət Statistika Komitəsinin təqdim etdiyi rəqəmlərdən görünür ki, 4 ildə yeni tikilən binalarda 180 minə yaxın mənzil satışa  çıxarılıb.

Həyət evlərinin sayı barədə dəqiq məlumat olmasa da, Bakı və Abşeron yarımadasında 500 mindən çox sənədsiz evin olduğu ehtimal edilir. Binalar ucaldılıb, evlər tikilsə də, onların hamısı satılmır.

Mövzu ilə bağlı danışan əmlak məsələləri üzrə ekspert Ramil Osmanlı deyir ki, paytaxtdakı yeni  binaların əksəriyyətinin 30 faizdən çox hissəsi satılmayıb.

Ramin Osmanlının sözlərinə görə, tikinti ən xərcli investisiya alətlərindən biridir. Bu sahədə qazanc əldə etmək üçün daim yatırım etmək lazımdır. İstənilən halda investor dövriyyə aktivlərindən asılıdır. Yerli investorlar isə tikdiyi binada mənzillərin satış səviyyəsindən asılı olmayaraq, qiyməti yuxarı həddə saxlayır.

Lakin bütün investorların heç də həmişə əlinin altında kapitalı yoxdur. Bakıda illərdir üzərinə yağış yağıb, gün döyən yarımçıq tikililər buna nümunədir.

Bakıda bir çox ərazilərdə ərazinin tikinti sıxlığı əmsalı tətbiq edildiyindən layihələr dayandırılıb. Tikinti şirkəti ilkin layihədə vətəndaşlara məxsus evləri alaraq 20 və daha artıq mərtəbəli binanın tikintisini nəzərdə tutub. Lakin bir sıra rayonlarda ərazinin tikinti əmsalı yalnız 12 mərtəbəli bina tikməyə icazə verir. Belə olan halda isə şirkət nəzərdə tutduğu qazancı əldə etmək üçün ya ikiqat qiymətə satmalı, ya da tikintini yarımçıq saxlayıb yeni investor tapmalı olur. Buna görə də bir sıra ərazilərdə bu məsələ vətəndaşla şirkət arasında ciddi problemlərə səbəb olub.

Daşınmaz əmlaka tələbin çox olmasının səbəblərindən biri isə bunun ən effektiv investisiya aləti olmasıdır. Vətəndaş düşünür ki, aldığı evi kirayə verməklə pulu 10-15 il müddətinə geri almış olur.

Torpaq  sahələrinin məhdud olması kimi amillər də son 7 ildə əmlak bazarında qiymətlərin təxminən 19 % bahalaşmasına səbəb olub.

Bakının Baş planın tətbiqi ilə bu qiymətlərin daha da artacağı proqnozlaşdırılır.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Həmçinin oxuyun

Uşağın bioloji atası olmayan kişi aliment ödəməlidir? – VİDEO

Kişi yeddi ildən sonra övladının bioloji atası olmadığını öyrənib. Bir müddət əvvəl yayılan bu xəbər …