Ana səhifə / Sosial / DAK İran prezidentinə məktub ünvanlayacaq

DAK İran prezidentinə məktub ünvanlayacaq

DAK Mətbuat Xidmətindən Azinforum.az-a verilən məlumata görə, iyunun 29-da Dünya Azərbaycanlıları Konqresinin növbəti konfransı keçirilib.
İctimai- siyasi qurumların və müxtəlif araşdırma mərkəzləri məsullarının, aydınların iştirak etdiyi konfrans DAK –ın qərargahında gerçəkləşib.

“Güney Azərbaycanda milli haqlar uğrunda mübarizə- son durum” mövzusuna həsr olunmuş tədbiri giriş sözü ilə DAK həmsədri Sabir Rüstəmxanlı açıb.
İstanbulda məlum terror hadisəsi qurbanlarının xatirəsinin sayğı duruşu ilə yad edilməsindən sonra Sabir Rüstəmxanlı mövzu ətrafında geniş məruzə edib. Hazırkı İranda siyasi vəziyyətin çalarlarını şərh edən natiq bu konteksdə Güney Azərbaycan milli azadlıq hərakatının istiqamət məcrasından və inkişaf təzahürlərindən bəhs edib.
“ Güney Azərbaycan milli hərəkatının güclənməsi Güney Azərbaycanla birgə İranda bütün türklərin öz kimlikləri və milli-mədəni haqlarının tələb və müdafiəsini də artırmışdır. İstər prezident seçkilərində, istərsə də milli məclis seçkilərində Güney Azərbaycan toplumunun bütün tələblərinin mərkəzində milli-mədəni və iqtisadi məsələlər dayanmışdı. Bu o dərəcədə açıq və ardıcıl olub ki, İranın daxili siyasətində yeni dövrün yaranmasına gətirib çıxarıb. Artıq, yerli məsullar o cümlədən Milli Məclis deputatları, İslami Şura nümayəndələri, hətta ali dini liderin səlahiyyətli nümayəndələri belə Tehranın qulluqçusu kimi davranmayaraq mübariz millətin tələbləri istiqamətində ciddi atdımlar atmağa başlayıblar. Məhz bu səbəblərdən İranda yeni siyasət dövrünün başlanması faktını qəbullanmaq mümkündür. Mühüm dəyişikliklərdən biri də odur ki, Tehranda müəyyən dairələrdən dəstək alan kürd terrorizmi seçkilərdə ağır məğlubiyyətə uğradı.”
Çıxışında son dəyişiklikləri bütün detallarına qədər incələyən DAK həmsədri həmçinin Urmiya-Kərkük-Diyabəkir üçbucaq strategiyasını izləyən kürdlərin seçkilərdə ağır məğlubiyyətə uğramasının əsas səbəblərindən , Güney Azərbaycanlı türk millət vəkillərinin qələbəsindən və İran parlament tarixində bir ilk olan “Türk Millət Vəkilləri Fraksiyası” nın yaradılmasından danışdı və bütün bu faktlar arasındakı əlaqələrin inkişaf yönümünü izah etdi.
DAK həmsədrinin Güney Azərbaycan milli azadlıq hərakatının son durumu haqda geniş bilgiləndirməsindən sonra başlayan müzakirələr fonunda bir çox natiqlər də öz fikirlərini bildirdilər. Çıxış edənlərdən milli aydınımız professor Firudun Ağasıoğlu , DAK İdarə Heyətinin üzvü Adil Minbaşı , DAK – ın Güney Azərbaycan təmsilçisi Babək Muğanlı , araşdırmaçı alim professor Qafar Çaxmaqlı, DAK –ın Mədəniyyət Müşaviri Xəzər Emin məsələyə münasibət bildirərək müəyyən təkliflər verdilər.
Ümid Partiyasının Güney Azərbaycan Şöbəsi üzrə müavini Rüfət Muradlı da müzakirəyə qatılaraq öz baxışlarını açıqladı . O, İranın daxilində açıq siyasi mübarizənin mümkün olmadığı indiki məqamda xaricdə fəaliyyət göstərən Güney Azərbaycan mühacir təşkilatlarının əlaqələndirilmiş fəaliyyətinin vacibliyini vurğuladı və bu yöndə mövcud boşluqların necə doldurulması metodlarını göstərdi.
Sonda DAKSAM sədri Yasəmən Qaraqoyunlu da mövzu ətrafında məruzə etdi. O, izlənilən müəyyən inkişafla yanaşı həm də axsayan cəhətlərdən və onları doğuran səbəblərin aradan qaldırılması yollarından danışdı. Güney Azərbaycan milli hərakatının rejimə qarşı bütün müstəvilərdə əks hərəkətə keçməsinin gərəkliyinini bildirən Yasəmən Qaraqoyunlu hərakatı parçalaya biləcək din amilini ortadan qaldırmaq üçün “şiəlik” faktoruna yeni elmi və milli yanaşmanın labüdlüyünü dilə gətirdi. Bu yöndə optimal yol göstərən natiq, həmçinin müzakirə boyu səsləndirilən bütün fikirlərin və təkliflərin dəyərləndirilməsini uyararaq Azərbaycan Respublikası hökümətinə DAK adından müraciətin ünvanlanmasını zəruri saydı.
Konfrans tədbir iştirakçılarının İran prezidentinə Güney Azərbaycanda mədəni haqlar və ana dili tələbini ifadə edən müraciətin qəbul edilməsi qərarıyla başa çatdı.”

Həmçinin oxuyun

“Vəziyyətimiz acınacaqlıdır, Kəlbəcərə qayıtmaq istəyirik, adımızı siyahıya salmırlar”

Kəlbəcərin Ağdaban kəndindən olan Sadiq Məmmədov deyir ki, 30 ildən çoxdur qazı, şəraiti olmayan yataqxanada …

Bir cavab yazın