Cümə , Aprel 19 2024
Ana səhifə / Sosial / Daha hansı qadağalar götürülə bilər – Açıqlama

Daha hansı qadağalar götürülə bilər – Açıqlama

Sentyabrın 8-dən ölkədə karantin rejimi ilə bağlı bir sıra məhdudiyyətlər də aradan qalxır. Belə ki, restoranlara daxildə xidmət göstərilməsinə icazə verilir. Həmçinin restoranlar gecə saat 00:00-a qədər fəaliyyət göstərə biləcək. Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonuna gediş-gəlişlə əlaqədar tətbiq olunmuş məhdudiyyət də aradan qalxır. Lakin avtobus və qatar ilə şəhərlərarası sərnişin daşımaya tətbiq edilən qadağa hələ də qüvvədədir. Yəni vətəndaşlar yalnız  şəxsi avtomobilləri ilə bölgələrə gedib-gələ biləcəklər.

Növbəti yumşaldılma mərhələsində iri ticarət mərkəzlərinin fəaliyyətinə icazə verilə bilərmi?

O da məlumdur ki, karantin rejimi qaydaları yumşaldıqca koronavirusa yoluxma sayı da artır. Bəs son məhdudiyyətlər paralel yoluxma sayını nə dərəcədə artıra bilər? Aidiyyəti qurumlar bu məsələ ilə bağlı hansı önləyici tədbirləri nəzərdə tutub?

İnfeksionist Vasif Əliyev: “Düşünürəm ki, koronavirusa yoluxma iyunun  ortalarında pik həddə çatacaq”

Vasif Əliyev: “İri ticarət mərkəzləri o zaman açıla bilər ki… ”

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) Yoluxucu xəstəliklər üzrə İşçi Qrupunun rəhbəri, infeksionist Vasif Əliyev bu və digər suallarla bağlı “Yeni Müsavat”a danışıb. O deyib ki, karantin rejiminin yumşalması ilə əlaqədar yoluxma sayı arta bilər: “Çünki istər-istəməz insan faktoru var və deməli, risk də var.  Bu səbəbdən hər zaman vətəndaşlara bildiririk ki, sosial məsafə saxlamağı, maska taxmağı, gigiyenik qaydalara əməl etməyi unutmasınlar. Əks halda, yoluxma sayı artarsa, təbii olaraq  təkrar karantin rejimini sərtləşdirmək qərarına yenidən baxıla bilər.

Məlum olduğu kimi, yumşaldılmalara baxmayaraq, həssas dönəm keçiririk, bu baxımdan insanlar daha diqqətli olmalıdırlar. Çünki digər ölkələrdə də təcrübə onu göstərdi ki, yumşaldılmalardan sonra yoluxma sayında artma müşahidə edilir. Bunun səbəblərindən biri karantin rejiminin yumşaldılmasından sonra insanların arxayın, rahat davranışları ilə bağlı ola bilər. Bəzi insanlar “karantin rejimi yumşaldısa, deməli, koronavirus da yoxdur” deyə düşünürlər ki, bu da səhv fikirdir. Nəinki ölkəmizdə, bütün dünyada hələ də koronavirusa yoluxma halları davam etdiyi üçün biz hər zaman risk altındayıq.

Beləliklə, yumşaldılmalar dövründə qayda-qanuna əməl etmə faizi daha da yüksək olmalı, insanlar daha məsuliyyətli davranmalıdırlar”.

“Növbəti mərhələdə iri ticarət mərkəzlərinin də fəaliyyətinə icazə verilə bilərmi?” sualımıza TƏBİB rəsmisi bu cür cavab verdi:

“Təbii ki, zamanla məhdudiyyətlərin aradan qaldırılması düşünülür. Əlbəttə, heç kim bu məhdudiyyətlərin davamlı olmasını istəmir. Sadəcə, qeyd olunan məhdudiyyətlər anidən qaldırıla bilməz. Gördüyünüz kimi, yumşaldılma qərarları sadə məhdudiyyətlərdən mürəkkəb məhdudiyyətlərə doğru verilir.

Qeyd olunan böyük ticarət mərkəzləri insanların daha sıx olduğu məkanlardır. Əgər hazırkı yumşaldılma qərarlarından sonra yoluxma sayı stabil qalarsa, vəziyyət nəzarətimiz altında olarsa, təbii ki, monitorinq aparılaraq, bu qadağanın da aradan qaldırılmasına qərar verilə bilər.

Beləliklə, bu qərar yumşaldıma qərarlarından sonra yoluxma riskinin ani yüksəlməyə keçməməsindən,  insanların qayda-qanunlara necə riayət etməsindən asılıdır”.

Professor Adil Qeybulla Azərbaycanda koronavirusun tamamən yoxa çıxacağı  dəqiq vaxtı açıqladı

Adil Qeybulla: “ÜST-in son açıqlamaları göstərdi ki, sərt karantin tədbirləri o qədər də effektli deyil”

Tibb elmləri doktoru, professor Adil Qeybullanın sözlərinə görə isə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) son açıqlamaları, rəyləri də onu göstərdi ki, sərt karantin tədbirləri o qədər də effektli deyil: “Onun özü əlavə problemlər yaradır, o cümlədən iqtisadiyyata, sosial həyata, münasibətlər sisteminə və sairə. Ona görə də sosial məsafə saxlamaq, maska taxmaq, gigiyenik qaydalara ciddi əməl etməklə insanlar bu virusla yaşamağa öyrəşməlidirlər. Bu baxımdan həkim heyəti olaraq dəfələrlə qeyd etmişik ki, sərt karantin rejimi aradan qalxmalı, qaydalara riayət etməklə rayonlara gediş-gəliş açılmalı, məktəblər fəaliyyətə başlamalıdır. Obyektlərdə karantin qaydalarına əməl olunması həmin məkanların sahiblərinin üzərinə qoyulmalıdır. Bütün bunlarla bağlı Operativ Qərargahın təlimatları olmalıdır”.

Həmçinin oxuyun

Adı məktəblilərin zəhərlənməsində hallanan şirkət bu dəfə DİM-ə yemək satacaq

Dövlət İmtaham Mərkəzi (DİM) tərəfindən keçirilən tender müsabiqəsinin qalibi “TAİS-İKF” MMC (VÖEN-1400019741) olub.Yeniavaz.com xəbər verir ki, …