Çərşənbə axşamı , May 21 2019
Ana səhifə / Sosial / Daha bir döyülən uşaq qalmaqalı – övladını vuran ana həbs edə bilərmi…

Daha bir döyülən uşaq qalmaqalı – övladını vuran ana həbs edə bilərmi…

Xəbər verildiyi kimi, bir neçə gün əvvəl 189-190 saylı orta məktəbin birinci sinif şagirdinin müəllimi tərəfindən döyüldüyü iddia olunurdu. Uşağın anası Xanım Əliyeva sosial şəbəkədə yaydığı açıqlamada Təhsil Nazirliyinin apardığı araşdırmalardan sonra müəllimi işdən çıxardığını bildirmişdi. Bu məsələ Zaur Baxşəliyevin aparıcılığını etdiyi “Bizimləsən” verilişində müzakirə olunub. Qonaqlar arasında şagirdin anası da olub.

Uşağı döydüyü iddia olunan Səyyarə adlı müəllimə canlı yayıma qoşularaq hadisənin danışıldığı kimi baş vermədiyini, valideyn Xanım Əliyevanın qalmaqallı biri olduğunu, onun uşaqların yanında söyüş söydüyünü bildirib. Daha sonra verilişdə yayımlanan görüntülərdə aydın olub ki, ananın özü qızını məktəbdə müəllimənin yanında və dəhlizdə döyüb. Bu an isə təhsil ocağının kameralarında öz əksini tapıb.

uşağı anası döyübmüş ile ilgili görsel sonucu

Ana döysə ata, ata döyəndə ana ondan şikayət edib həbs etdirə bilər

Bu fraqment isə yenidən məktəbdə döyülən uşaqlarla bağlı mövzunu aktual edir. Azərbaycan qanunvericiliyi uşaqların döyülməsi ilə bağlı məsələdə yetərincə ciddi cəza tədbirləri nəzərdə tutub. Cinayət Məcəlləsi (CM) öz uşağını döyən valideynə qarşı ittiham qaldırmağa imkan verir. Uşağın digər valideyni və ya qəyyumu CM-in 132-ci maddəsinə əsasən ittiham qaldırıb övladını döyən valideyni cinayət məsuliyyətinə cəlb edə bilər. Bu halda valideyn 200 manat cərimə, 240 saat ictimai və 1 il islah işləri və ya 6 aya qədər həbs cəzası ala bilər. Qanunda konkret olaraq döymə faktı üçün bu cür cəza tətbiq olunur.

uşağı anası döyübmüş ile ilgili görsel sonucu

Döymə faktı sağlamlığa zərər vurmağın üç növünə (yüngül, az ağır və ağır) aid deyil. Döyülən uşaqlar evi olan halda valideynlərin evində, ya da uşaq himayəsindən məhrum olan uşaqlar üçün xüsusi mərkəzdə yerləşdirilməlidir. Uşaqların yazılı şikayəti bu məsələdə mütləqdir. CM-in 126-cı maddəsi ictimai ittiham əsasında şikayətin mövcudluğunu qeydə alır. Bu ittiham lap ağır zərbələr yetirilən zaman uşağın köməksiz vəziyyətdə olmasından dolayı qaldırıla bilər. İttiham bu zaman prokuror tərəfindən də qaldırıla bilər. Ümumiyyətlə, bu məqamda uşağa dəyən xəsarətin dərəcəsi də bilinməlıdir. CM-in 207.2 maddəsinə görə, zərərçəkmişin şikayət ərizəsi olmalıdır. Hadisənin ictimai əhəmiyyətini nəzərə alaraq, prokuror özü də cinayət təqibini başlaya bilər.

: “Kefin istəyir deyə kimisə işdən azad edə bilməzsən” ile ilgili görsel sonucu

Kamran Əsədov: “Kefin istəyir deyə kimisə işdən azad edə bilməzsən”

Təhsil eksperti Kamran Əsədov isə bildirib ki, 189-190 – saylı orta məktəbdə baş verən hadisəni kimin necə araşdırması sual altındadır. Onun sözlərinə görə, sosial şəbəkələrdə müsbət imic formalaşdırılmaq üçün fəaliyyət göstərmək lazım deyil: “Əmək Məcəlləsinin tələbləri var. Sənin kefin istəyir deyə, kimisə işdən azad edə bilməzsən. İşdən azad edilmənin əsasları var. Yəni azad edilməyə qədər də başqa cəza təyin etmə növləri var. Əvvəllər nazirliyin cəzasızlığı var idisə, indi də yanlış cəzalandırılması dövrü başlayır deyəsən. Düşünürəm ki, müəllimin Əmək Məcəlləsinin tələblərinə uyğun olmayan şəkildə, tam araşdırılma aparılmadan işdən azad edilməsinə görə bu əmri imzalayan, araşdırmada iştirak edənlər də cəzalandırılmalıdır. Bu yanlış addımlar müəllimin nüfuzunun aşağı düşməsinə, ona qarşı inamsızlıq yaranmasına gətirib çıxarır. Özünüzə qəhrəman obrazı yaratmaq üçün insanları düşmən kimi göstərməyin. O müəllimin təhsildə fəaliyyəti sizin təhsildə olduğunuzdan çoxdur. O şəxs pedaqoji təhsil alıb, təhsilin içindən gəlib. Bəsdir müəllimə qarşı belə hörmətsiz yanaşmaq”.

Dünyada hər il 2.5 milyon uşaq valideyni tərəfindən döyülür

Statistikaya görə, dünyada 14 yaşına qədər 2,5 milyon həddi-buluğa çatmamış uşaq valideyni tərəfindən döyülür. Sərt rəftardan xilas olmaq üçün 50 mindən çox uşaq hər il evdən qaçır. Məişət zorakılığına məruz qalan uşaqların sayı 50 faizi keçib. Məişət zəminində ailələrdə baş verən cinayətlərin 30-40 faizi uşaqlarla bağlı olur.

Azyaşlılara qarşı törədilən mənəvi və fiziki zorakılıq ailə çərçivəsindən çıxaraq cəmiyyətin müxtəlif sferalarını əhatə etməyə başlayıb. Bir çox valideynlərin inadla “uşaqların özləri zorakılığın yaranmasına səbəb olur” deməsinə baxmayaraq, qanun bütün hallarda valideyni məsuliyyət qarşısına çəkir.

Məsələn, Polşada uşaqların döyülərək tərbiyə edilməsi qadağan edilib. Ölkədə “Ailədə zorakılığa qarşı mübarizə” haqqında qanuna yeni əlavələr qüvvəyə minib. Yeni əlavələr uşaqlara işgəncələrin verilməsini, habelə uşaqların mənəvi cəhətdən alçaldılmasını yasaqlayır. Bu norma pozulduğu halda polisin iştirakı ilə sosial xidmət əməkdaşları uşaqları ailədən ala və məhkəmələr 24 saat ərzində qəddar valideynləri bu hüquqlarından məhrum edə bilər.

Yeni əlavələrin müzakirəsi zamanı bir çox valideyn bildiriblər ki, onlar uşaqların döyülmədən tərbiyə edilməsini təsəvvür edə bilmirlər. Bu iddianı rədd edən sosial xidmət əməkdaşları bildirirlər ki, uşaqların düzgün tərbiyəsi üçün onlara da böyüklər kimi hörmət qoyulmalıdır.

Amerikanın bəzi ştatlarında məktəblilər döyülə bilər…

İnsan Haqları İzləmə Təşkilatı (HRW) və Amerikan Mədəni Azadlıqlar Birliyinin hazırladığı bir sənədə görə, bundan öncəki təhsil ilində ölkədəki dövlət məktəblərində 200 mindən artıq şagird fiziki şiddətlə cəzalandırılıb. “Şiddət əks etdirən təhsil: Amerika dövlət məkəblərində uşaqların fiziki şiddətlə cəzalandırılması” başlıqlı sənədə görə, ildə mindən artıq uşağın şiddətə məruz qaldığı 13 ştatda Afrika-Amerika kökənli qız tələbələr ağdərili yaşıdlarına görə iki dəfə artıq şiddətə məruz qalır.

HRW araşdırmaçılarıTexas və Missisipi ştatlarında 3-19 yaşlarındakı uşaqların saqqız çeynəmək, müəllimə cavab qaytarmaq və ya geyim qaydalarını tapdamaq kimi səbəblərlə şiddətlə cəzalandırıldığını ortaya qoyub. Fiziki cəzalandırma, xüsusən də müəllim və ya sinif rəhbərinin taxta bir xətkeşlə uşağın yançağına vurması 21 ştatda qanunidir. Sənəddə qeyd olunub ki, bu hal bir çox uşağın yaralanmasına, özünü təhqir olunmuş hiss etməsinə və məktəbdən uzaqlaşmasına yol açır.

Cənub ştatlarında uşaqların fərqli sahələrində intizamsızlıq etməsi ilə bağlı bir fakt olmasa da, qaradərililər ağlardan 1.4 dəfə, qaradərili qız uşaqları da 2.1 dəfə daha artıq cəzalandırılır. Zehni və ya fiziki məhdudiyyəti olan uşaqlar da mütəmadi olaraq cəzalandırılır.

Hər iki təşkilat Amerika hökumətində bütün dövlət məktəblərində fikizi cəzalandırmanın qadağan olunmasını, ştat üsullarına, məktəb rəhbərliyinə və müəllimlərə də bu mövzu ilə bağlı çağırış etməsini istəyib. Amerikanın Texas ştatında üç məktəb pis davranan şagirdlərə kötək cəzası gətirməyə hazırlanır. Texasda 4 ilə 18 yaş arasında ibtidai, orta məktəb və lisey tələbələrinin getdiyi Üç Nəhrlər Məktəb Bölgəsi qaydalara riayət etməyən şagirdləri intizama salmaq onlara fiziki cəza vermə qərarı aldı. Bir uşaq, sinifdə qaydalara riayət etməmək və ya müəllimin sözünü dinləməmək kimi hər bir pis davranışında bir dəfə kötəyə məruz qalacaq. Valideynlər uşaqlarını məktəbə yazdıranda, onlardan kötək cəzasına razılıqlarının olub-olmadığı soruşulacaq. Təkcə valideynləri razılıq verən uşaqlara şiddət tətbiq oluna biləcək.

Amerikada 2016-cı ildə aparılan bir araşdırmanın ardınca məktəbə gedən 110 min amerikalı tələbənin hər il müəllimləri tərəfindən fiziki şiddətə məruz qaldığı ortaya çıxınca təhsil naziri King Jr. Ştatların rəhbərlərinə yazdığı məktubda, məktəblərdə kötək cəzasının tamamən qadağan olunmasını istəmişdi. John King, kötək atmanın tələbələr üçün çox təhlükəli və zərərli olduğunu, belə bir sistemin dövlət məktəblərində əsla yer olmadığını bildirib. Amerikada hələ də 15 ştatda kötək cəzasına icazə verildiyi halda, 7 ştatda nə qadağan olunub, nə də icazə verilir.

Azərbaycanda isə məktəbdə uşaqların hüquqları “Uşaq Hüququ Konvensiyası” və “Təhsil haqqında” qanunda öz əksini tapıb. Savadlı valideynlər əslində bu hüquqlarının məktəb kollektivi tərəfindən qorunmasını tələb etməyi bacarmalıdırlar. Azərbaycanda isə bu məsələyə ictimai qınaq olduqca aşağı səviyyədədir. Qanuna əsasən, qeyri-hökumət təşkilatları təhsil strukturuna daxildir. Amma valideynlər həmin qeyri-hökumət təşkilatlarının məktəbdə hər hansı bir monitorinq aparması, hər hansı bir məsələnin izlənilməsinə yardımçı olmurlar, əksinə maneəçilik yaradırlar.

öğretmen çocuğu dövdü ile ilgili görsel sonucu

Cismani cəza alan uşaq eyni zamanda travma alır

Hələ 2014-cü ildə internatda döyülən uşaq qalmaqalı çıxanda ombudsman Elmira Süleymanova da mövzu ilə bağlı sərt danışmışdı. E.Süleymanova demişdi ki, insanlar arasında hələ də “müəllim uşağı döyə bilər” stereotipi var: “Televizorda bir nəfər çıxış edir ki, nə hay-küy qoparmısız, müəllimdi də, uşaq dəcəllik edib, döyüb. Deməli, bu stereotiplər hələ də yaşayır. Müəllim uşağı tərbiyə etməli, qayğısına qalmalı, onun intellektual inkişafı üçün münbit şərait yaratmalıdır. Kim deyir ki, müəllim uşağı döyə bilər? Kimin nə ixtiyarı var?! Bununla bağlı biz qanunların sərtləşdirilməsini istəyirik. Cismani cəza aradan qaldırılmalıdır. Uşaqlara qarşı zorakılığın nəinki sayı, hətta qəddarlıq səviyyəsi belə artmaqdadır”.

Ombudsmanın sözlərinə görə, cismani cəza uşağa həm fiziki, həm də psixoloji travma vurur: “Cismani cəza alan uşaq həm də psixoloji travma alır. Və bunu heç vaxt unutmur. İndi bu uşaq böyüyəndə də bunu unutmayacaq. Qocalanda belə deyəcək ki, müəllimə mənim başımdan elə vurdu ki, gözlərim belə olmuşdu. Sonra mənəvi əzablar qalır uşaqda. Sabah uşaqlar başlayacaqlar o uşağı ələ salmağa. Bundan əlavə, uşaqda əlillik yarana bilər. Hətta bir hal oldu, döyülmə nəticəsində uşaq dünyasını dəyişmişdi…”

öğretmen çocuğu dövdü ile ilgili görsel sonucu

Bu arada ekspertlər bildirirlər ki, əslində Azərbaycanda uşaqlar daha çox internat müəssisələrində döyülürlər. Burada onlara adi həmyaşıdlarından fərqli münasibət göstərilir. Buna səbəb həmin uşaqlara sahibsiz, kimsəsiz kimi baxılmasıdır. Psixoloqların fikrincə, uşaqlara qarşı fiziki təzyiq göstərən şəxslərin iki əsas səbəbi var. Bunlardan biri onların da uşaq vaxti fiziki travma görməsidir.

Digər səbəb isə zəif əsəblər, dözümsüzlükdür. Müntəzəm olaraq fiziki şiddət görən uşaqda isə aqressiyanın dərəcəsi yüksək olur. Ekspertlər hesab edir ki, bir çox cinayətkarlar, serial qatillərin həyatını araşdıranda onların uşaqlıq travmasının qurbanı olduğu üzə çıxır. (Musavat.com)

Həmçinin oxuyun

“Tarqovı”ya giriş 7 günlük qadağan edilir – Vətəndaşlara xəbərdarlıq

Mayın 25-dən 31-dək “Tarqovı”, İstiqlaliyyət küçəsi və Fəvvarələr meydanına vətəndaşların girişi məhdudlaşdırılacaq. Verilən məlumata görə, …