Ana səhifə / Sosial / Dağlıq Qarabağa Muxtar Respublika statusu verilə bilər

Dağlıq Qarabağa Muxtar Respublika statusu verilə bilər

Azərbaycan Respublikasının Prezidendi cənab İlham Əliyev Azərbaycan torpaqlarının Ermənistan Silahlı Qüvvələrinin işğalından azad edilməsi və Dağlıq Qarabağ münaqişəsinin həll edilməsi üçün Azərbaycanın gedə biləcəyi ən böyük güzəşti elan etdi. İlham Əliyev bildirdi ki, keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinə Azərbaycanın ərazi bütövlüyü çərçivəsində “Dağlıq Qarabağ Muxtar Respublikası” statusu verilə bilər.

Mən düşünmürdüm ki, Ermənistan hakimiyyəti bu təklifi canla-başla qəbul edib, toy-bayram edəcək. Ancaq Azərbaycan torpaqlarının işğalını birbaşa həyata keçirmiş sabiq prezident Levon Ter Petrosyanın rəhbərlik etdiyi partiyanın qurultayındakı məruzəsində Azərbaycanla sülhə getməyin və işğal edilmiş torpaqların qaytarılmasının vacibliyi barədə bəyanatları da Ermənistan hakimiyyəti tərəfindən ciddi qarşılanmadı və Ermənistan prezidenti Sərkisyan bu bəyanatları hansısa siyasətçinin versiyası kimi adlandırdı. Bu hadisələrdən çox keçməmiş Ermənistan silahlı qüvvələrinin Dağlıq Qarabağ ərazilərindən çox uzaqda olan Tovuz rayonu ərazisinə hücumu və burada baş verən döyüş, verilən qurbanlar Ermənistan hakimiyyətinin Azərbaycan torpaqlarının işğalı ilə bağlı niyyətlərindən geri çəkilmədiyini, bu torpaqları Ermənistan ərazisinə qataraq anneksiya etmək niyyətində olduğunu çox aydın göstərdi.

Elə buna görə də Ermənistan hakimiyyətinin məqsədi, aprel provakasiyasında olduğu kimi, sərhəddə silahlı münaqişə yaradıb Azərbaycanı bu insidentdə günahlandırmaq, bunu bəhanə edib sülh danışıqlarından imtina etmək, heç olmasa daha uzaq bir müddətə təxirə salmaqdır. İndi Azərbaycanın qarşısışnda bir neçə yol var. Bunlardan biri Ermənistanın ərköyün işğalçı tələblərinə boyun əyərək, onun bu niyyətlərini həyata keçirməsi ilə razılaşmaqdır. Bu, Minsk qrupunun məqsədlərinə də çox uyğundur. İkinci yol Suriyanın ərazi bütövlüyü məsələsində razılığa gəlməyi bacarmış Rusiya və Türkiyənin Qarabağ probleminin də eyni prinsip əsasında, yəni Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll edilməsi ilə bağlı sülh sazişi bağlanmasına nail olmaq üçün edə biləcəkləri bir təşəbbüs ola bilər. Rusiya Ermənistan tərəfdən, Türkiyə isə Azərbaycan tərəfdən təminatçı ölkə kimi çıxış edə bilərlər. Əgər bu da baş verməsə, yaxud Ermənistan tərəfindən bu təkliflər qəbul edilməsə, üçüncü yol düşməni işğal etdiyi əraziləri tərk etməyə məcbur etməkdir. Azərbaycan da Ermənistanın ərköyünlüyünə boyun əyməyəcəyini elan edib və birinci yol Azərbaycanın qəbul edəcəyi bir yol deyil. Azərbaycanın və Ermənistanın seçə biləcəkləri iki yol qalır. Bir az da səbr etsək bu yolların hansının seçiləcəyi də məlum olacaqdır.

İxtiyar Şirin, keçmiş baş prokuror

Həmçinin oxuyun

Başı yarılan uşağa yardım etməyən həkimlərlə bağlı qərar verildi

Jurnalist Məhərrəm Əliyev bir neçə gün öncə qardaşı oğlunun başından xəsarət aldığını, lakin xəstəxanaların heç …

Bir cavab yazın