Şənbə , Aprel 20 2024
Ana səhifə / Sosial / Dərsə gedən qoçaqların oradan salamat qayıtması üçün nə etməliyik?

Dərsə gedən qoçaqların oradan salamat qayıtması üçün nə etməliyik?

Ötən il ölkəmizin ərazisində yol qəzalarında 821 nəfər dünyasını dəyişib. Daha öncəki illə müqayisədə yol qəzalarının və belə hadisələrdə ölənlərin sayında artım qeydə alınıb. Baş Dövlət Yol Polisi İdarəsinin məlumatına görə, ötən il respublika ərazisində 1870 yol-nəqliyyat hadisəsi qeydə alınıb, nəticədə 821 nəfər həlak olub, 1702 nəfər xəsarət alıb. Bu da 2018-ci illə müqayisədə yol-nəqliyyat hadisələrinin sayının 53 fakt, həlak olanların sayının 99 nəfər artması, xəsarət alanların sayının isə 9 nəfər azalması deməkdir.

Qeydə alınan ümumi hadisələrin 43,6 faizi piyadaların vurulması ilə bağlı olub ki, nəticədə 329 nəfər həlak olub, 527 nəfər xəsarət alıb. Baş verən qəzalarda ölənlər arasında 7-16 yaşda olanların da öz çəkisi olub.

Bir neçə ay bundan öncə də məktəblərin birinin qarşısında bədbəxt olay baş vermişdi. Belə ki, Xırdalanda yerləşən 2 saylı məktəbin qarşısında baş verən yol-nəqliyyat hadisəsi nəticəsində piyada olan 9 saylı məktəbli vurulub.

Maraqlıdır, DYP tərəfindən bu istiqamətdə hansı addımlar atılır və belə hadisələr daha çox nə zaman baş verir?

Baş Dövlət Yol Polis İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyev Sputnik Azərbaycan-a açıqlamasında bu haqda danışıb: “Bağça, məktəb, yaxud da digər müəssisələrin rəhbərləri şagird, tələbə, yaxud da işçilərinin yolu keçməsində hansısa çətinliyin olduğunun görürsə, bununla bağlı olaraq Bakı Nəqliyyat Agentliyinə müraciət edə bilərlər. Çünki Dövlət Yol Polisi ilə razılaşdırılmaqla BNA nizamlanan və nizamlanmayan piyada keçidlərinin qurulmasını, yol nişanının, nişanlanma xətlərinin çəkilməsini həyata keçirir. Lakin respublikanın digər rayonlarında isə bunun üçün Dövlət Yol Polisinə müraciət edilməlidir. Nəticə olaraq da həmin rayonun Təhlükəsizlik Komissiyasının qərarı ilə bu işlər həyata keçirilə bilər”.

K.Əliyev ötən il ölən və xəsarət alan 7-16 yaşlı şəxslərlə bağlı da məlumatı açıqlayıb: “Ötən il bu şəxslər arasında 57-si azyaşlı olmaqla 170 nəfər piyadavurma nəticəsində yaralanıb. Ölənlərdən 24-ü, yaralananalardan 45-i 7 yaşınadək olanlardır.  Ölənlərdən 33-ü, yaralananalardan 125-i 7-16 yaşlı uşaqlardır. Ölənlərdən 23, yaralananlardan isə 90-ı piyada qismində olub. 21 ölən, 66 yaralı isə sərnişin qismində olan azyaşlılardır”.

“2018-c ildə isə 49 ölən, 157 yaralanan azyaşlı olub. 2018-ci illə müqayisədə ötən il ölənlərin sayında 8 artım, yaralananların sayında isə 13 azalma deməkdir”, – deyə o əlavə edib.

K.Əliyev deyir ki, yaşayış yerləri elədir ki, istənilən yerdə, yaxınlıqda bir təhsil müəssisəsi var. Bu səbəbdən baş verən qəzaları məktəblə bağlamaq düzgün deyil: “Ola bilər ki, hansısa hadisə məktəbin yaxınlığında olsun, lakin həmin şagird heç həmin məktəbin şagirdi olmasın. Sərnişin qismində olan uşaqların ölüm və xəsarətini məktəblə bağlamaq olmaz”.

“Təkcə onu qeyd edim ki, 7-16 yaşlı şəxslər arasında piyada qismində olanların əksəriyyəti məktəblərin yanında deyil, başqa ərazilərdə olub. Həm də məktəb vaxtı ilə müqayisədə tətil günlərində bu rəqəmlərdə daha çox artım nəzərə çarpır. İyun-avqust aylarında bu hadisələr daha çox qeydə alınıb”, – deyə o əlavə edib.  

O Təhsil Nazirliyi ilə birgə görüləcək işlərdən də danışarkən deyib ki, bu ildən etibarən Təhsil Nazirliyindən məktəblərdə yol-nəqliyyat hadisəsinə düçar olan şagirdlərlə bağlı məlumat əldə edəcəklər.

Həmçinin oxuyun

Adı məktəblilərin zəhərlənməsində hallanan şirkət bu dəfə DİM-ə yemək satacaq

Dövlət İmtaham Mərkəzi (DİM) tərəfindən keçirilən tender müsabiqəsinin qalibi “TAİS-İKF” MMC (VÖEN-1400019741) olub.Yeniavaz.com xəbər verir ki, …