Bazar ertəsi , İyun 17 2019
Ana səhifə / Sosial / Dərdli atanın iki oğul faciəsi: “Kömək edə bilmirəm, əzab çəkirəm”

Dərdli atanın iki oğul faciəsi: “Kömək edə bilmirəm, əzab çəkirəm”

“Allah heç bir ataya belə bir dərd göstərməsin. Heç bir valideynə belə dəhşət yaşatmasın. Çünki ilk dəfə yox, ikinci dəfədir bu dərdlə üzləşmişəm”. Bu, xəstə oğlunun qarşısında aciz qalmış bir atanın – Yardımlı rayonunun Köryədi kənd sakini Sübhan Adışovun fəryadıdır.

Yardımlı rayonunun Köryədi kənd sakini Sübhan Adışov və övladı

© SPUTNİK / RAHİM ZAKİROGHLUYardımlı rayonunun Köryədi kənd sakini Sübhan Adışov və övladı

Çarəsiz  ata öz dərdini Sputnik Azərbaycan-ın bölgə müxbirinə danışıb: “Gözəl-göyçək bir balam bir yaşında leykoz xəstəliyindən dünyasını dəyişib. İlk mənəvi zərbəni həmin vaxt aldım. İkinci dəfə isə 2015-ci ildə, oğlum Ruslanın xəstəliklə dünyaya gəldiyi gün dünya başıma uçdu. Ruslana ağır dərəcəli serebral iflic diaqnozu qoyulub”.

Atasının dediyinə görə, Ruslan əsasən, xəstəxana şəraitində nevropatoloqun nəzarətində qalmalıdır: “Balamda panik hücumlar, tez-tez qıc olmalar, epilepsiya olur. Udquna bilmir deyə yemək də yemir. Xəstəxanada olmalıdır ki, heç olmazsa, yuxusu normallaşsın. Bir neçə həkim uşaqdakı qıc olmaları, yuxusuzluğu və başqa problemləri beyninin normal fəaliyyət göstərməməsi ilə əlaqələndirib”.

Yardımlı rayonunun Köryədi kənd sakini Sübhan Adışovun övladı

© SPUTNİK / RAHİM ZAKİROGHLUYardımlı rayonunun Köryədi kənd sakini Sübhan Adışovun övladı

S.Adışov oğlunun ən çox yuxusuzluqdan əziyyət çəkdiyini bildirib: “Ruslan ən çox 30 saniyə yatır. Gecələr belə, yata bilmir. Bir də görürsən ki, uşağı şirin yuxu aparır, ancaq qəfildən yuxudan ayılır. Sanki beynində güclü ağrılar yaranır, yatmasına imkan vermir. Beynində şiddətli ağrılar olduğundan dişi ilə dodağını kəsir, ya da əli ilə ağzını dartıb cırmaq istəyir. Əl və ayaqları normal fəaliyyət göstərmir. Bu xəstəlik balama heç yatdığı yerdə də rahatlıq vermir”.

Çarəsiz ataya deyiblər ki, Almaniya və İsraildə oğlunun xəstəliyinin  müalicəsi var, ancaq bunun üçün 25-30 min manat lazımdır: “Mən isə kasıb olduğuma görə oğlumu müalicə etdirə bilmirəm. Buna görə də vicdan əzabı çəkirəm, onu bu vəziyyətdə görmək çox dözülməzdir. Vəziyyət o həddə çatıb ki, ürəyimdə problemlər yaranıb. Həyat yoldaşım məndən də betər əzab çəkir. Böyük övladım qız uşağıdır, qardaşına baxmaqda anasına köməklik edir. Qardaşına görə dərsləri ilə məşğul ola bilmir”.

Yardımlı rayonunun Köryədi kənd sakini Sübhan Adışovun övladı

© SPUTNİK / RAHİM ZAKİROGHLUYardımlı rayonunun Köryədi kənd sakini Sübhan Adışovun övladı

Ruslan Adışov indiyədək bir dəfə Heydər Əliyev Fondunun dəstəyi ilə müayinə edilib: “Bir dəfə məktubla Mehriban xanıma müraciət etdik və məktubumuza baxıldı. Heydər Əliyev Fondunun dəstəyi ilə Ruslanın 1 yaşı olanda Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzində müayinə olundu. Müayinələr zamanı onun gözlərində görmə sinirinin atrofiyası və gözlərinin torlu qişasının yox dərəcəsində olması aşkar edildi. O vaxt həkim bizə dedi ki, uşaq hər ay müayinə və müalicə olunmalıdır. Ancaq bir yaşından sonra onu müalicə etdirməyə maddi imkanım çatmadı”.

S.Adışovun indi heç yerdən gəliri yoxdur. Bir tək oğlu 50 manat məbləğində xəstəlik pensiyası alır: “Kəndimizin biz yaşayan hissəsində qaz və su yoxdur. Burada yaşayan sakinlərə su daşıyıb satmaqla gündəlik qazancımı zorla çıxarıram. O da ancaq yay aylarında olur. Qazancım çox az olduğundan ancaq gündəlik ərzaq və başqa tələbat mallarına almağa güclə çatır. Elə imkanlı qohumlarım da yoxdur ki, mənə, az da olsa, yardım edə bilsinlər. Bir tək qayınatamla, qayınanam vəziyyətimizi başa düşüb mənə dayaq olur”.

Yardımlı rayonunun Köryədi kənd sakini Sübhan Adışov və övladı

© SPUTNİK / RAHİM ZAKİROGHLUYardımlı rayonunun Köryədi kənd sakini Sübhan Adışov və övladıAllahın verdiyi bu dərdə də şükür edən ata imkanı çatan şəxslərdən ona yardım etmələrini xahiş edir: “Olduqca dözülməz halda yaşayırıq. Artıq bir neçə müddətdir evdə tək qalıram. Oğlumu müalicə etdirməyə isə qəti imkanım yoxdur. Bu dəhşətdən qurtulmaq üçün ilk öncə Allahdan kömək istəyirəm. Daha sonra isə xalqımızdan, bütün imkanlı şəxslərdən mənə kömək etməyi xahiş edirəm”.

Həmçinin oxuyun

Prezident 40 milyon ayırdı, şagirdlərdən yenə pul yığılır

Prezident İlham Əliyev “Bakı şəhərində və onun qəsəbələrində təhsil müəssisələrinin tikintisi və təmiri ilə bağlı …