Şəhər sakini Nigar Əliyeva AzNews.az-a bildirib ki, yaşadığı evin yaxınlığında yerləşən mağazadan “Sağlam çörək” alıb. Evdə çörəyi kəsən zaman içərisində qaraltı görən Nigar Əliyeva, diqqətlə baxdıqdan sonra onun taxta qırıntısı olduğunu müəyyən edib. N.Əliyevanın sözlərinə görə, ailədə hər gün bu çörəkdən istifadə edirlər, ancaq indiyədək belə bir mənzərə ilə qarşılaşmayıblar.

Qeyd edək ki, qablaşdırılan çörəyin əmtəə nişanında istehsalçının Sumqayıtda yerləşən “Çörəkçi” zavodu olduğu göstərilib. Gündəlik istehsal gücü 100 ton olan zavod Almaniyadan gətirilmiş avadanlıqlarla təchiz edilib. Buna baxmayaraq, istehlakçının qarşılaşdığı fakt zavodda gigiyenik qaydalara nəzarəti sual altında qoyur.

“Çörəkçi” zavodundan faktla bağlı saytaa bildirildi ki, bu barədə zavodun “Qaynar xətt”inə müraciət daxil olub və müvafiq araşdırmalara başlanılıb.