Cümə , Dekabr 4 2020
Ana səhifə / Sosial / Çörək zavodları iki gün işləməyəcək: Uşaq sığınacaqları nə edəcək?

Çörək zavodları iki gün işləməyəcək: Uşaq sığınacaqları nə edəcək?

“Biz artıq bütün tədbirlərimizi görmüşük”.  
Bu sözləri Uşaq İctimai Birliyinin sədri Kəmalə Ağazadə bu həftə sonu üçün nəzərdə tutulmuş gücləndirilmiş karantin rejiminin sığınacaqdakı vəziyyətə təsirindən danışarkən deyib:

“Sığınacağı çörəklə təmin edən çörək zavodu bizə bildirdi ki, şənbə-bazar günləri onlar da işləməyəcək. Ona görə də biz artıq çörək ehtiyatımızı görmüşük. Uşaqları ziyarət eləmək istəyənlərə də bildirmişik ki, bu günlərdə ziyarət qeyri-mümkündür”. 
Uşaqlarda həmin günlərdə tibbi müdaxiləyə zərurətlə bağlı məsələnin də həll edildiyini deyən birlik sədri bildirib ki, iki gündə uşaqların sağlamlığında hər hansı bir problem olarsa, uşaqlarımıza daimi olaraq tibbi yardım göstərən “Medi Club” xəstəxanası ilə əlaqə saxlayacağıq: “Önəmli dərman preparatlarının hamısını almışıq. Fikirləşirəm ki, iki günlə heç bir şey olmaz”.
İnsanların sərtləşdirilmiş karantin vəziyyəti ilə bağlı marketlərdə yaratdığı uzun növbələrə də münasibət bildirən Kəmalə Ağazadə deyib ki, axşam gördüyü səhnə gözünün önündən getmir: 
“Sanki dünyanın sonudur, apokalipsis başlayıb və bunlar qurtuluş yolunu ancaq marketlərdə görürlər. Bilirsiniz, bu, artıq insanların bir psixozu, inamsızlığı, güvənsizliyi və şayiələrə uymasıdır. Onlar bunu şayiələrə inanaraq edirlər. Halbuki yazılanları diqqətlə oxusalar, görərlər ki, burda qeyri-adi heç nə yoxdur. Yəqin ki hamının evində ən azı 3-4 günlük azuqəsi var. Bizdə bunu idarə edən kütlə psixozudur. Filankəs getdisə, biz də onun arxasınca getməliyik deyə düşünülür”. Qaynarinfo

Həmçinin oxuyun

Azərbaycanda daha 4 267 nəfər COVID-19-a yoluxub

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 4267 yeni yoluxma faktı qeydə alınıb, 2566 nəfər müalicə olunaraq …