Ana səhifə / Sosial / Çimərlik mövsümü başlayır – qaydalar, tövsiyə olunan yerlər…

Çimərlik mövsümü başlayır – qaydalar, tövsiyə olunan yerlər…

Çimərliklərin açılmasına sayılı günlər qalıb. Məlum olduğu kimi, Operativ Qərargahın qərarına əsasən ölkədə iyunun 10-dan çimərliklərin fəaliyyətinə icazə veriləcək. Bu səbəbdən artıq may ayından etibarən çimərliklərdə monitorinqlərə başlanılıb və mövsümlə əlaqəli 15 gündən bir monitorinq keçirilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) bu günə qədər aparılan monitorinqlərin nəticəsinə uyğun olaraq, Novxanı, Goradil, Sabunçu rayonunda Nardaran, eləcə də Zağulba çimərliklərinin əhalinin istifadəsi üçün yararlı hesab oluna bildiyini açıqlayıb. Lakin hazırda çirklənməyə məruz qaldığından Qaradağ rayonunda Sahil, Səbayel rayonunda Şıx, Suraxanı rayonunda Hövsan, Xəzər rayonunda isə Türkan çimərliyi insanların istifadəsi üçün yararlı hesab olunmur.

Xatırladaq ki, ötən il pandemiya səbəbindən vətəndaşlar o qədər də sərbəst şəkildə çimərliklərə gedə bilməmişdilər. Belə ki, çimərlik mövsümü adəti üzrə iyun ayının 15-dən açıq elan olunmasına baxmayaraq, ötən il yalnız avqust ayında müəyyən qaydalar çərçivəsində fəaliyyətə başlamışdı.

Bu il isə hələlik çimərliklərlə bağlı hansısa qaydalar elan olunmayıb.

O da məlumdur ki, hər il çimərliklərdəki dəniz suyunun yararlı və ya yararsız olması problemi ilə yanaşı Xəzər dənizinin sahilində ictimai çimərliklərin sayının getdikcə azalması, özəl, pullu çimərliklərin isə əksinə, sayının artması problemi məsələ olaraq ortaya çıxır.

Az sayda olan ictimai çimərliklərə gəldikdə isə bu bir faktdır ki, belə çimərliklərin əksəriyyətində adəti üzrə təmizliyə riayət olunmur, bu məsələyə nəzarət edilmir.

Bəs builki çimərlik mövsümündən hansı gözləntilər var?

Ucuz istirahət etməyin yolları - Açıqlama

Müzəffər Ağakərimov 

Mövzu ilə bağlı Azərbaycan Turizm Assosiasiyası sədrinin müşaviri Müzəffər Ağakərimov “Yeni Müsavat”a danışıb:

“Hesab edirəm ki, bu il də çimərlik mövsümü çox zəif olacaq.  Çünki sərhədlər hələ də bağlıdır, xarici turistlər ölkələrə səfər etmirlər. Beləliklə, bu il də ancaq yerli əhali çimərliklərdə dincələcək.

Bu il əhalimiz əsasən Nabran və Lənkəranda istirahət edəcək və bununla yanaşı eyni zamanda orada olan çimərliklərdən də istifadə edəcəklər”.

Ekspert qeyd edib ki, çimərliklərin daha yaxşı, yüksək səviyyədə olması üçün ilk növbədə sanitar-gigiyenik normalara diqqət yetirilməlidir:

“Çox təəssüf ki, bu sahə hələ də bizim istədiyimiz səviyyədə deyil. Əgər çimərliklərdə sanitar-gigiyenik normalar yüksək səviyyədə olarsa, həmçinin xidmət və qiymətlərin münasibliyi uzlaşarsa, kifayət qədər gəlir əldə etmək olar.

Hesab edirəm ki, çimərliklərdə əhali üçün şəraitlər yaradılmalıdır. Məsələn, soyunma-geyinmə, duş qəbul etmək kimi yerlərin şəraiti yaxşılaşdırılmalıdır. Həmçinin əyləncəli proqramlar da təşkil etmək olar.

Hələ ki çimərliklərimiz dünya, Avropa standartlarına cavab vermir. Bildiyiniz kimi, qonşu Türkiyədə “göy bayraq” adlı çimərliklər var. Dəfələrlə bu cür şəraitin ölkəmizdə də yaradılması üçün müzakirələr aparılsa da, təəssüf ki, bu məsələ öz həllini tapmır. Halbuki hansısa çimərliyi götürüb onu “göy bayraq” adı altında inkişaf etdirə bilərik.

Bakı çimərliklərinin hamısı eyni səviyyədə deyil. Elə zonalar var ki, orada şərait yaxşıdır, lakin digərləri  tələblərə cavab vermir. Eləcə də bölgələrdə də vəziyyət bu cürdür. Məsələn, hələ də Nabran zonasında kanalizasiya sistemi həll olunmayıb”.

Həmçinin oxuyun

Sumqayıt Bulvarında kanalizasiya qoxusundan gəzmək olmur VİDEO

Sumqayıt sakinləri artıq 2 aydan çoxdur ki, Sumqayıt Bulvarı boyu dənizdən gələn üfunət- kanalizasiya qoxusundan …