Cümə , Dekabr 9 2022
Ana səhifə / Sosial / “Çevrəmizdə qız övladını qətlə yetirmiş analar, atalar yaşayır” – Deputat

“Çevrəmizdə qız övladını qətlə yetirmiş analar, atalar yaşayır” – Deputat

“Bu gün qızlar günüdür. Günün sualını belə düşünmək olar: Şərqdə doğulan qızların günü olurmu? Məsələn, Əfqanıstanda, İranda, Ərəbistanda, Banqladeşdə və bir az da bizim Azərbaycanda qız övladının hansı gününü təbrik etmək olar?”.

Bu barədə millət vəkili Fazil Mustafa özünün “Facebook” hesabında paylaşım edib.

“İlk öncə onları doğulmağa qoymurlar. Ana bətnində öldürürlər. Müasir texnologiya qədim ərəb toplumunda olduğu kimi sadəcə onların diri-diri basdırılmasına imkan vermir. Şərqdə müasir texnologiyanı həm də buna görə sevirlər. Qız olması aparatdan bəlli olan kimi öldürməyə qərar verirlər. Biz azərbaycanlıların şərqli tərəfi o qızları abort etdirərək öldürənlərdir. Çevrəmizdə çox sayda mədəni görünüşdə qız övladını qətlə yetirmiş analar, atalar yaşayır. Yaxşı ki, bizim bir az da avropalı tərəfimiz var. Təhsil alan, azadlığına, ləyaqətinə sayğı göstərilən Azərbaycan qızları bizim avropalı tərəfimizin görüntüsüdür. Narkomaniya, fahişəlik, cinayətkalıq məsələsində isə Şərqlə Avropanın ayrılmaz şərikliyi var.

Ölümdən qurtulanlar necə, xoşbəxt sayıla bilirlərmi? Qarşıda bizim şərqli tərəfimizə uyğun yarımçıq təhsil gəlir, erkən nikah gəlir, könülsüz ailə qurmaq gəlir, boşanmaq gəlir, aylarla aliment gözləmək gəlir. Yaxşı ki, bu məmləkətdə avropalı tərəfimiz bir az ağır basır, qız övladına təhsil veririk, sağlam ailə qurmasına, ləyaqətli yaşamasına imkan veriririk.

Bu gün İranda, Əfqanıstanda, Ərəbistanda yaşayan qızların aqibətini gördükcə daha dərindən anlayırıq ki, qız övladlarına ayrıca diqqət yetirməliyik, onların şəxsiyyətli, ləyaqətli vətəndaş olması üçün bütün əngəlləri ortadan qaldırmalıyıq. Birinci növbədə onlara keyfiyyətli təhsil verməliyik, onların sağlam böyüməsinə çalışmalıyıq, onları gələcəkdə quracaqları ailənin mənəvi dirəyi olması üçün hazırlamalıyıq. Qız övladı əslində ailənin zərifliyinin qoruyucusudur. Qız övladına özəl dəyər verilən ailələr hər cür sayğıya layiqdirlər. Sevimli qızım Duru da daxil olmaqla bütün qız övladlarına dünyanın ən gözəl nemətlərini arzulayıram”, – deyə deputat bildirib.

Həmçinin oxuyun

“Toppuş bacı”ya tətbiq olunan immunoterapiya xərçəngi tam sağaldır? – AÇIQLAMA

Hazırda onkoloji xəstələrin qəbul etdiyi “ağıllı dərman” və immunoterapiya ən bahalı müalicələrdəndir.Bəzən xəstələr bu terapiyaları …