Cümə , Oktyabr 30 2020
Ana səhifə / Sosial / Çavuşoğlu Bakıya niyə gəlmişdi? – Səfərin əsl səbəbi

Çavuşoğlu Bakıya niyə gəlmişdi? – Səfərin əsl səbəbi

Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu dekabrın 2-3-də Azərbaycanda işgüzar səfərdə olub. Səfəri çərçivəsində Çavuşoğlu Azərbaycan prezidenti İlham Əliyev, xarici işlər naziri Elmar Məmmədyarovla görüşlər keçirib.

Çavuşoğlu Bakıda həmkarı E.Məmmədyarovla birgə keçirdiyi mətbuat konfransında Dağlıq Qarabağ münaqişəsindən söz açaraq işğalçı Ermənistanın tezliklə Azərbaycan torpaqlarından çıxarılmasının vacibliyini diqqətə çatdırıb.

Çavuşoğlu deyib: “Biz problemin həlli üçün əlimizdən gələni edirik. Türkiyəyə səfəri zamanı Rusiyanın xarici işlər naziri Sergey Lavrovla da Dağlıq Qarabağ münaqişəsini müzakirə etdik. Türkiyə olaraq öz mövqeyimizi Lavrova bildirdik. Vurğuladım ki, tezliklə bu problem Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunmalıdır. Hesab edirəm ki, tez bir zamanda münaqişə ilə bağlı nəticə əldə olunmalıdır”.

Çavuşoğlunun hansı səbəbdən və hansı mesajlarla Azərbaycana gəlməsi maraq doğurur.

“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlunun fikrincə, Çavuşoğlu Rusiyanın xarici işlər naziri Sergey Lavrovla Dağlıq Qarabağ problemi ətrafında apardığı danışıqların detalalarını rəsmi Bakıya çatdırmaq üçüb Bakıya gəlib.

“Çavuşoğlu Bakıya gəlmədən bir gün öncə rusiyalı həmkarı Sergey Lavrovla görüşərək geniş fikir mübadiləsi aparıb. Aydındır ki, Rusiya-Türkiyə münasibətləri normallaşma dövrünü yaşayır və müzakirə olunacaq bir çox məsələlər var. Yeganə fikir ayrılığı Suriya məsələsi ilə bağlıdır. Ancaq burada da ortaq məxrəcə gəlməyə çalışırlar. Bununla yanaşı tərəflər arasında Dağlıq Qarabağa münaqişəsi ilə bağlı fikir mübadiləsi olub. Son zamanlar rəsmi Ankara Dağlıq Qarabağ problemi ilə əlaqədar Rusiya ilə danışıqları intensivləşdirib ki, Moskva Ermənistan hakimiyyətinə problemin həlli üçün təsir etsin. İlk növbədə Dağlıq Qarabağ ətrafındakı rayonlar boşaldılmalıdır ki, sülh prosesinə start verilsin. Hesab edirəm ki, bu istiqamətdə türkiyəli və rusiyalı rəsmilər dialoqu intensivləşdiriblər. Dəqiq bilmirik ki, Lavrov Qarabağlı təkliflərə nə cavab verib. Əsas odur ki, bu istiqamətdə danışıqlar gedir və Çavuşoğlu Lavrovla aparılan danışıqların detallarını rəsmi Bakıya çatdırmaq üçün səfər edib və fikir mübadiləsi aparıb”,-deyə E.Şahinoğlu şərh edib.

Politoloq Cümşüd Nuriyevun sözlərinə görə, Çavuşoğlunun Sergey Lavrovun Ankara səfərindən sonra Bakıya gəlməsi Azərbaycanla nələrisə razılaşdırmaq məqsədi daşıyır.

“Mövlud Çavuşoğlunun Bakı səfərinin arxasında təkcə Rusiya-Türkiyə münasibətləri yox, eyni zamanda Azərbaycan-Rusiya, Azərbaycan-Türkiyə münasibətlərinin strateji olaraq bir istiqamətə yönəldilməsinə xidmət edir. Bütün hallarda Çavuşoğlunun Bakıya səfəri Türkiyənin Azərbaycana önəm verməsindən irəli gəlir. Bu, o deməkdir ki, Azərbaycanın hazırkı xarici siyasəti Türkiyə ilə razılaşdırılır və hər iki ölkənin maraqlarına xidmət edir”.

Dağlıq Qarabağla bağlı məsələyə gəlincə, C.Nuriyev vurğulayıb ki, Azərbaycan sülh yolu ilə bir neçə rayonu geri qaytarmaq imkanlarına malikdir: “Hazırda dünyada geosiyasi vəziyyət dəyişir. Belə ki, Avropada mərkəzdənqaçma prosesi getməsi, ABŞ-da Donlad Trampın hakimiyyətə gəlməsi, eyni zamanda Qafqazın önəminin artması, Azərbaycanın isə regionun açar dövləti olması ermənilərlə bağlı Rusiyanın mövqeyində yumuşalmaya səbəb ola bilər. Ona görə də Türkiyə Rusiya ilə Azərbaycanın maraqlarına xidmət edən xüsusilə Dağlıq Qarabağdan kənar işğal olunmuş rayonların boşaldılması istiqamətində danışıqlar aparır. Burada müəyyən müsbət dəyişiklik gözləmək mümkündür. Erməniləri tanıdığımıza görə, bu məsələdə onlara inanmağım gəlmir. Çünki, ermənilər zaman-zaman belə yalanlar çox danışıblar. Bütün hallarda müharibələrin sonu danışıqlardır. Ola bilər, indi danışıqlar müharibəni qabaqlasın. Aprel döyüşlərində ermənilər Azərbaycanın hərbi gücünü görüblər”. (AzVision.az)

Həmçinin oxuyun

İş adamı “McDonald’s“la bağlı dəhşətli faktlar AÇIQLADI

“Onsuz da nə mən, nə ailəm, nə də ki yaxın ətrafım gündəmdə olan məşhur fast …

Bir cavab yazın