Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Sosial / Cavid İsmayıl Elçibəydən yazdı: “Ona fərari deyəkmi?”

Cavid İsmayıl Elçibəydən yazdı: “Ona fərari deyəkmi?”

Bu gün Əbülfəz Elçibəyin anım günüdür. Bu təmənnasız Vətən və Millət aşiqinin vəfatından 17 il ötür. Doğulduğu, prezident seçildiyi və hakimiyyətdən əl çəkdiyi iyun ayında olduğu kimi, heç şübhəsiz, bu gün də sosial şəbəkələrin əsas müzakirə mövzusu Elçibəy olacaq. Ona görə “heç şübhəsiz” yazdıq ki, artıq illərdir eyni tendensiyanı müşahidə edirik.

Zaman bizi Elçibəydən daha çox uzaqlaşdırdıqca, onu doğruları və yanlışları ilə daha yaxşı təhlil edə bilirik. Daha doğrusu, edə bilərik. Amma təəssüflə qeyd etmək lazımdır ki, bəzən kimlərinsə məsələlərə soyuq başla yanaşmaq istəməməsi qərəzdə daha irəli getmələri ilə nəticələnir. Xüsusən iyun ayındakı müzakirələrdə Azərbaycan cəmiyyətinin ağıllı nümayəndələri saydığımız bəzi keçmiş hərəkatçıların Elçibəyi fərarilikdə ittiham etməsi, yumşaq desək, barıtın qədərindən çox olmasından başqa bir şey deyildi.

Açıq etiraf etmək gərəkdir ki, xalq hərəkatının bir qisim fəalının Əbülfəz bəyə qəzəbi və qərəzi ildən-ilə artır. Müəyyən mənada başadüşüləndir – insanlar meydanlara tamam başqa arzularla çıxmışdı, qısa müddət ərzində Qarabağı azad edə biləcəkləri də, ideal cəmiyyət quracaqları da onlara su içimi qədər asan gəlirdi. Cəmi üç-dörd illlik mübarizədən sonra əsas məqsədə – Azərbaycanın müstəqilliyinin bərpasına nail olunmuş, hərəkatın lideri prezident seçilmiş, Xalq Cəbhəsi hakimiyyətə gəlmişdi. Bütün bunlar isə hərəkatçıları ən əlçatmaz arzuları belə reallaşdırmaq gücündə olduqlarına inandırmışdı. Amma arzu və istəklər başqa, siyasət və reallıq isə bir başqadır.

Siyasət tək adamın işi deyil, komanda oyunudur. Doğrudur, çox şey kapitanın – liderin oyunu qurmaq və aparmaq bacarığından asılıdır. Amma bir şərtlə ki, komandanı liderin özü seçsin.

Gəlin görək, Əbülfəz Elçibəy komandasını özümü seçmişdimi? Təbii ki, yox. O, komandasını inqilabi hərəkat nəticəsində Tanrının və taleyin silahdaşına çevirdiyi şəxslərdən qurmaq zorunda qalmışdı.

İkincisi, cəmi 7 ay əvvəl müstəqillik əldə etmiş xalqın normal kadr potensialı da yox idi.

Əbülfəz bəyi hakimiyyəti təhvil verməkdə ittiham edənlərin unutması lazım deyil ki, Elçibəy və komandası Rusiyanın dəstəyi ilə Surət Hüseynovun Gəncədə qaldırdığı hərbi qiyamdan əvvəl ictimai rəydə artıq devrilmişdi.Çünki hakimiyyətin gördüyü işlərin təbliği səviyyəsi sıfırın altında idi. Halbuki müharibə aparan Azərbaycanın prezidenti Elçibəyin cəmi bir illik hakimiyyəti dövründə xeyli müsbət addımlar atılmışdı. Təəssüf ki, bu addımların heç biri cəmiyyətdə lazımi qədər təbliğ olunmadı. Hər halda, prezident öz təbliğatını özü aparası deyildi, bunun üçün müvafiq qurumlar və onların rəhbərləri mövcud idi. Lakin onlar hansısa qrupların tərkibində hakimiyyət daxilində nüfuz savaşına qatılmışdılar, necə deyərlər, post-Elçibəy dövrünə hazırlaşırdılar.

Unudulmaması gərəkən daha bir məqam – Əbülfəz bəy nəinki komandasını, hətta prezident olmağı da özü seçməmişdi. O, istəyərək, öz arzusu ilə prezident olmamışdı. 25 mart 1992-ci ildə Ali Sovetin prezident seçkiləri ilə bağlı qanun qəbul edilən sessiyasında çıxış edən Əbüfəz Elçibəy Azərbaycanda prezident üsul-idarəsinin ləğvinin zəruriliyini əsaslandıraraq, prezident seçkiləri ilə bağlı qanunun qəbul edilməməsini təklif etmiş və əgər qanun qəbul edilərsə, ölkənin çox ciddi problemlərlə üzləşəcəyini söyləmişdi: “Üç aydan sonra seçəcəyiniz prezidenti bir ildən sonra yıxacaqsınız”.

Ali Sovetin kommunist çoxluğu prezident seçkilərində öz namizədinin qalib gələcəyi ümidi ilə bu xəbərdarlığı nəzərə almadı, nəticədə Elçibəy siyasi şəraitin diktəsi ilə prezident seçkilərinə qatılmaq zorunda qaldı və təəssüf ki, xəbərdarlığında nəzərdə tutduğu hadisələr öz başına gəldi. Zatən o çıxışdan əvvəl – Ayaz Mütəllibov devriləndən sonra Elçibəyin prezidentliyə gedən yolunun açıldığı görünürdü, lakin Əbülfəz bəy cəmiyyəti baş verəcəklər barədə xəbərdar etməyi özünə borc bilirdi. Bəli, Elçibəy kimlər üçünsə zəif lider, qətiyyətsiz prezident ola bilər, lakin o, mübaliğəsiz-filansız Vətəninin və Xalqının xoşbəxt gələcəyi üçün çalışan dövlət xadimi idi. Hakimiyyətdən əl çəkməyi də məhz bu amala xidmət edirdi.

Elçibəy bir lider olaraq siyasi və ideoloji mübarizəsində səmimi idi, xalqa yalan danışmırdı, milyonların eşitmək istədiyi sözləri deyirdi. Millətə sevgisi o qədər böyük idi ki, bir il əvvəl onu əllərinin üstündə, böyük şövqlə hakimiyyətə gətirən xalqın bir il sonra hakimiyyətdən getməsini susqunluqla qarşılamasına görə heç vaxt inciklik nümayiş etdirmədi.

Bəs Elçibəy hakimiyyətdən niyə getdi? Bu suala özü dəfələrlə cavab verib –vətəndaş müharibəsinin baş verməməsi üçün. O, ölkəyə nəzarətin itirilməsini özünə də, komandasına da bağışlamadı və qanuni prezident olaraq qiyamçılara qarşı silahlı müqavimət göstərib daha çox qanların axıdılmasına bais olmaqdansa, situasiyaya nəzarəti bərpa edə biləcək siyasi qüvvənin lehinə iqtidardan getməyi üstün tutdu. Bu səbəb nəinki indiki gənclərə, hətta o günlərin bəzi şahidlərinə belə, hələ də inandırıcı gəlmir. Elə isə həmin dövrü daha detallı xatırlayaq.

1992-1993-cü illərdə iki keçmiş sovet respublikasında – Gürcüstan və Tacikistanda vətəndaş müharibəsi baş vermişdi. Bu müharibələrin hansı dövlətin təsiri ilə baş verdiyi sirr deyil və həmin dövlətin müvafiq qurumlarının planına əsasən, növbəti poliqon Azərbaycan olmalı idi. Lakin prezident Əbülfəz Elçibəyin hakimiyyətdən könüllü gedişi bu planın qarşısını aldı. Vətəndaş müharibəsinin nə demək olduğunu anlamayanlar varsa, onlara tövsiyəmiz odur ki, gürcü və tacik dostları, tanışları ilə bu barədə söhbət etsinlər. Gürcüstan din faktoruna görə Qərbdən lazımi dəstəyi ala və vətəndaş müharibəsinin travmalarını bir neçə ilə adlada bildi. Tacikistan isə hələ də bu travmaları sağalda bilməyib. Müsəlman Azərbaycanda vətəndaş müharibəsi baş versəydi, bizi də tacik dindaşlarımızın taleyinin gözləyəcəyi şübhəsiz idi. Biz vətəndaş müharibəsi təhlükəsi qarşısında Qarabağı və ətrafındakı 5 rayonu itirdiksə, vətəndaş müharibəsi baş versəydi, əlimizdə qalan bölgələri barmaqla sayardıq, yəqin.

Keçmişə ekskurs kifayət etmədisə, o zaman yaxın tarixə – Suriyada baş verənlərə diqqət yetirək. Bu ölkədə vətəndaş müharibəsi ilə başlayan proses sonradan qlobal xarakter aldı və Suriya böyük güclər arasında hesablaşma poliqonuna çevrildi. Prezident Bəşər Əsəd vaxtında müdriklik göstərə və proseslərin mahiyyətini anlaya bilmədi, bu səbəbdən böyük dövlətlərin hakimiyyətdən səssizcə çəkilmək təklifini qəbul etmədi. Öz aləmində Suriyanın müstəqilliyi uğrunda döyüşdü, əslində isə ölkəsinin sonunu gətirdi. Nəticədə, milyonlarla suriyalı həlak oldu, yaralandı, şikəst oldu, yetim və dul qaldı, ölkəsindən didərgin düşdü. Bəxti gətirənlərin qismətinə Avropa ölkələrində dilənçilik etmək düşdü, bəxti gətirməyənlər dənizlərə qərq oldular. İndi suriyalılar dirilərindən xəbər tuta bilmirlər, ölülərinin məzarlarını ziyarət etmək isə heç ağıllarının ucundan belə keçmir.

Azərbaycan da bu duruma düşə bilərdi – fərari adlandırdığınız Elçibəy hakimiyyətdən əl çəkməsəydi. Bunun adı hər nədirsə, fərarilik deyil. Elçibəy fərarilik edib neylədi ki? Hakimiyyətdən çəkilib ölkədən qaçdı, yoxsa böyük dövlətləri hakimiyyətini bərpa etmək üçün Azərbaycana hərbi müdaxilə etməyə çağırdı? Heç birini etmədi! Çünki anladı ki, hər hansı siyasi məğlubiyyətin nəticələri vətəndaş müharibəsindən daha fəlakətli ola bilməz. Heç bir siyasi lider və təşkilatın taleyi isə Vətəndən qiymətli deyil! Qarabağ və ətrafındakı rayonlar işğal olunsa da, ölkənin 80%-i azərbaycanlıların əlindədir. O torpaqlarda toylar çalınır, yeni ailələr qurulur, dünyaya körpələr – azərbaycanlılar gəlir. İnsanlarımız rahat şəkildə valideynlərinin məzarlarını ziyarət edirlər. Ərazilərimizin 4/5-də Azərbaycan əsgəri keşik çəkir. Təkcə keşik çəkmir, həm də Qarabağı azad etmək üçün fürsət axtarır, fürsət düşəndə isə düşmənə ölümcül zərbə endirir – ötən ilin aprel döyüşlərində olduğu kimi…

Bizim üstünlüyümüz həm də ərazimizdə rus ordusunun olmamasındadır. Azərbaycandakı – Qəbələ RLS-dəki sonuncu rus əsgərini Prezident İlham Əliyev 2013-cü ildə ölkədən çıxardı. Yəni son illərdə dövlət olaraq o qədər gücləndik ki, Qəbələ RLS-in icarəsinə görə Rusiyadan 300 milyon dollar icarə haqqı tələb etdik, Rusiya isə bu şərtlə razılaşmadı və RLS-i bağlamaq qərarına gəldi, bunun bədəlini bizə 1993-cü ildə olduğu kimi hərbi qiyamla ödətdirmədi.

Ərazisində rus ordusunun mövcud olması Gürcüstana nəyin bahasına başa gəldi, 2008-ci ildə gördük – Rusiya Abxaziya və Cənubi Osetiyanı “müstəqil” elan etdi. Moldova da rus ordusunu ərazisindən çıxara bilmədi, nəticədə Dnestryanı bölgədə separatçı rejim hələ də qalmaqdadır. Mərkəzi Asiya ölkələrinin ərazisindəki Rusiya qoşunları da başları üzərində asılmış “Domokl qılıncı”dır əslində. Kimsə zəmanət verə bilərdimi, ərazimizdə rus ordusu olsaydı, ötən ilin aprel döyüşləri zamanı Rusiya, Gürcüstana etdiyi kimi, Azərbaycana da hərbi müdaxilə etməyəcək və Qarabağın “müstəqilliyini” elan etməyəcəkdi? Yəqin ki, heç kim… 

Cavid İSMAYIL

Həmçinin oxuyun

“OMİD” 10 min manatədək cərimə oluna bilər – Məhkəmə davam edir

Azərbaycanda inşaat mallarının topdan və pərakəndə satışı üzrə ən böyük satış mərkəzlərindən birinə sahiblik edən …

Bir cavab yazın