Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Sosial / Canavar nə gəzir: Fermer şikayət edir, İH isə inanmır

Canavar nə gəzir: Fermer şikayət edir, İH isə inanmır

Yırtıcıların ev heyvanlarına növbəti hücumu Lənkəran rayonunun Urqa kəndi yaxınlığında baş verib. Bunu Sputnik Azərbaycan-a Lənkəran Şəhər İcra Hakimiyyəti başçısının Göyşaban kəndindəki icra nümayəndəi Yusif Xamiyev bildirib. Məsələnin sirli tərəfi ondan ibarətdir ki, meşədə yaşayan canavarların ov dalınca dənizin sahilinə endiyinə icra nümayəndələri şübhə ilə yanaşırlar.

Xamiyevin sözlərinə görə, bu günlərdə heyvandarlıqla məşğul olan yerli sakin Savalan Rəhimov İcra Hakimiyyətinə müraciət edib. Kişi bildirib ki, bir neçə gün əvvəl canavar onun iki inəyini parçalayıb. Fevralın 25-də isə canavar yenidən heyvanlara hücum edib və onlardan birini yaralayıb.

Lakin fermerin şikayəti İcra Hakimiyyətinin nümayəndələri arasında inamsızlıq yaradıb.

“İş orasındadır ki, bizdə heç vaxt canavar olmayıb. Kənd sahil ərazisində yerləşir, canavarlar isə meşədə yaşayır. Mən baş vermiş hadisədən xəbər tutan kimi əlaqədar orqanlara, eləcə də Ekologiya və Təbii Sərvətlər Nazirliyinə, həmçinin Baytarlıq Xidmətinə məlumat vermişəm” – deyə icra nümayəndəsi bildirib.

Xamiyev deyib ki, o, fermerin danışdıqları ilə razılaşır. Çünki heyvanlara hücum bir neçə il əvvəl Xəzər dənizinin sahildən içərilərə doğru çəkilməsindən sonra yaranan qamışlıqda baş verib. Öz növbəsində baytarlar və ekoloqlar da hadisə yerinə və zərərçəkmiş heyvanlara baxış keçirərkən o nəticəyə gəliblər ki, həqiqətən də heyvanlara yırtıcılar hücum edib. Lakin o yırtıcının canavar, çaqqal, tülkü və yaxud başqa heyvan olduğunu hələlik müəyyən etmək mümkün olmayıb.

Xamiyev onu da bildirib ki, bu, kənddə baş verən ilk belə haldır. Qamışlığın yanında digər fermerlərin də heyvanları otlayır, lakin hələlik heç kəs belə bir hücumla rastlaşmayıb.

Baş verənlərdə qəribə olan həm də odur ki, ətrafda canavarı görüb-görmədiyini heç fermer özü də dəqiq bilmir.

Son zamanlar Azərbaycanın ayrı-ayrı rayonlarında canavarların ev heyvanlarına hücum etməsi halları çoxalıb. Belə ki, fevralın ortalarında canavarlar Goranboy rayonunun Eyvazlılar kəndi yaxınlığında otlaqdakı sürülərə hücum ediblər və çoban tərəfindən fərq edilmədən beş qoyunu aparıblar. Sürüyə canavarın girdiyini görən çoban haray salıb ki, onları qovsun. Çobanın dediyinə görə, o, yırtıcıları qovmağa müvəffəq olub. Kəndə qayıdanda isə sürüdən beş qoyunun yoxa çıxdığını görüb.

Oxşar hadisə bu il fevral ayının 22-də Ağdaş rayonunda da baş verib. Rayonun Yenicə kəndində canavarlar sürüyə hücum edib. Kənd sakini Nemət Şirinov ona məxsus qoyun sürüsünü otlaq sahəsində otararkən canavarlar sürüyə hücum edib. Canavar 3 xırdabuynuzlu heyvanı tələf edib, 3-nü isə yaralayıb.

Analoji hadisə fevralın 20-də Şəkinin Aşağı Göynük kəndində baş verib. Təsərrüfata soxulan canavar Şahin İbrahimova məxsus boğaz inəyi parçalayıb.

Həmçinin oxuyun

“OMİD” 10 min manatədək cərimə oluna bilər – Məhkəmə davam edir

Azərbaycanda inşaat mallarının topdan və pərakəndə satışı üzrə ən böyük satış mərkəzlərindən birinə sahiblik edən …