Bugünlərdə ölkə başçısıının sərəncamı ilə Cahangir Əsgərov “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinin prezidenti vəzifəsindən azad edilib.
Qeyd edək ki, Cahangir Əsgərov 1996-cı ildə “Azərbaycan Hava Yolları” Dövlət Konserninin baş direktoru vəzifəsinə təyin edilmişdi. 2008-ci ildən isə “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinin prezidenti təyin olunmuşdu. Sərəncamla “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinin prezidenti təyin olunanadək həmin vəzifənin müvəqqəti icrası “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinin birinci vitse-prezidenti Samir Musa oğlu Rzayevə həvalə edilib. Cahangir Əsgərovun fəaliyyəti dövründə “AZAL”la bağlı bir sıra narazılıqlar müşahidə edilirdi. Xüsusilə də təyyarə biletlərinin qiymətinin artan xətlə getməsi əhalinin narazılığına səbəb olurdu. Hətta Hesablama Palatası “Azərbaycan Hava Yolları” QSC-də (AZAL) apardığı dövlət əmlakının və dövlət vəsaitlərinin idarə olunmasının auditinin nəticələrində bir sıra nöqsanlara yol verildiyi öz əksini tapmışdı. Ölkədə quru sərhədlərin bağlı olması ilə bağlı yeganə nəqliyyat vasitəsi kimi hava nəqliyyatından istifadə edilsə də, qiymətlərin baha olması barədə dəfələrlə fikirlər səslənsə də, “AZAL” rəhbərliyi tərəfindən bu istiqamətdə heç bir dəyişiklik müşahidə edilmirdi. “AZAL”ın rəhbərliyindəki dəyişiklik qurumda dönüş yaradacaqmı və bu, qiymətlərə təsir edəcəkmi?
Bununla bağlı iqtisadçı-ekspert Natiq Cəfərli Cebhe.info-ya bildirdi ki, “AZAL”ın rəhbəri Cahangir Əsgərovun vəzifəsindən azad edilməsinin qiymətlərə təsir edib-etməyəcəyini zaman göstərəcək:
“Bu, şəxslə bağlı deyil. Əgər “AZAL” yeni konsepsiya, yeni idarəetmə fəlsəfəsi ilə idarə olunacaqsa, hava məkanının açılması, rəqabətli mühitin yaradılması, yerüstü xidmətlərdən istifadənin “AZAL”dan alınması və bu tipli addımlar atılacaqsa, o zaman dəyişikliklər də olacaq. Yəni bu, şəxsə bağlı deyil, idarəetmənin fəlsəfəsinə bağlıdır. Əgər fəlsəfədə, yanaşmada dəyişiklik olacaqsa, biz qiymətlərdə də ucuzlaşmanı görə bilərik”.