Şənbə , Aprel 20 2024
Ana səhifə / Sosial / “Burada özümüzü qul kimi hiss edirik”

“Burada özümüzü qul kimi hiss edirik”

Akademik C.M.Abdullayev adına Elmi-Tədqiqat Kardiologiya İnstitutunda baş verən özbaşınalıqlar xeyli vaxtdır medianın gündəmindədir.Azərbaycan tibb elminin vacib mərkəzlərindən biri olan bu İnstitutdan və onun direktoru Gülnaz Dadaşovadan gələn şikayətlərin ardı-arası kəsilmir. Vəziyyət o dərəcədə dramatikdir ki, Səhiyyə Nazirliyi Kardiologiya İnstitutunda təcili yoxlamalara başlayıb.
Daha bir təcrübəli kadr – 22 ildir burada çalışan Nurlana Rüstəmova da rəhbərliyin ona qarşı etdiyi haqsızlıqlar və qərəzli münasibətdən şikayətçidir.

Pribaltikada təhsil alan, bir müddət Latviyada (Riqa Elmlər Akademiyasında) və Rusiyada çalışan kəskin miokardlar üzrə mütəxəssis, reanimatoloq Nurlana xanım Bakupost.az -a müsahibə verib.
Həmin müsahibəni təqdim edirik:

– Nurlana xanım, 22 ildir Kardiologiya İnstitutunda külüng vurursuz. Əvvəllər institutda vəziyyət necə idi, indi necədir? Nədən narazısız?
– Mən 17 il institutun miokard infarktı şöbəsində, reanimasiyada reanimatoloq kimi fəaliyyət göstərmişəm. Çox razı idim işimdən. Düzdür, əvvəllər də çatışmayan cəhətlər var idi. Latviya Elmlər Akademiyası ilə müqayisədə təbii ki, fərq var idi, amma belə deyildi. İndi isə vəziyyət dözülməz həddə çatıb.
Daha çox mənəvi təzyiq altındayıq. Hesab edirəm ki, həkim və elmi işçi kimi hüquqlarımız tapdalanır. Biz özümüzü həkim və alim kimi hiss etmirik. O həkimlik qüruru, ləyaqəti, rahatlığı yoxdur.
Mən bu müddət ərzində reanimatoloq kimi çox insanların həyatını xilas emtişəm. Eləcə də digər reanimatoloqlar. Kardilogiyada biz ölümlə əlbəyaxa çarpışmışıq. Bunun müqabilində hörmət-izzət görürdük, işimizi qiymətləndirirdilər. Əvvəl baş həkim Əhməd doktor bizə deyirdi ki, sizinlə qürur duyuram, çünki üzümüzü ağ edirsiz. Biz xəstələri ölümdən xilas etməsək, hər gün o institutun ölüm statistikası artardı. Bunu rəhbərlik etmir. Rəhbərlik saat 5 oldu, gedir evinə, reanimatoloq gecə saat 12-yə 1-ə qədər işindədir. İstirahət yox, bayram yox. İndi reanimatoloq kimi çalışmıram. Səhhətimə və yaşıma görə çıxdım. Amma reanimatoloqlarımız var. Onlar da dəyərləndirilmir, mənəvi basqı var.
Mən infakrt şöbəsinin əvvəlki ləzzətini duymuram. Mənə tematik xəstələr verilməlidir. Amma ümumiyyətlə, xəstə verilmir.
Gələn xəstələr neçə illərdir özümün müalicəsini apardığım xəstələrdir, adımızı tutub gəlirlər.
Əslində miokard infarktı şöbəsinə, reanimasiya və stasionara gələn xəstələr bölünməlidir. Bu şöbənin ayrıca palataraları olmalıdır. Xəstələr elmi mövzu üzrə bölünməlidir. Nəzarət altında saxlanmalıdır, reabilitasiyası, müalicəSİ, dərmanları, hər şeyi.
Bunun üzərindən elmi məqalələr yazılır, elmi iş aparılır. Şöbədə çalışanlar əl-ələ verib işləməlidir.

– Bəs gələn xəstələr necə yönləndirilir, hara gedir?
– Bizim elmi şöbəmizdə heç kimə tematik xəstə verilmir. İnstitut elə bil bazardır. Adi klinik xəstəxana kimi fəaliyyət göstərir.
Bu strukturada 2 elmi şöbə var. Miokard infarkt şöbəsinin bir klinik hissəsi, bir elmi şöbəsi var. O şöbənin də müdiri var. Əslinə qalanda iyerarxiyaya, qanunu və elmi struktura görə, klinik hissə elmi şöbəyə tabe olmalıdır. Bizdə əksidir. Klinik şöbənin müdiri artıq xəstələri özü istədiyi həkimlərə verir, özü qəbul edir. Yəni xəstə o şöbədən kənara çıxmır.
Bizim şöbə müdiri bu məsələni qaldırdı. Əvvəl bizdə rəhbər Elman Ələkbərov idi, bunlara dözmədi, çıxdı. İndiki müdirimiz təklif etdi ki, gələn tematik xəstələr şöbədəki elmi işçilərə verilsin ki, elmi işlər aparılsın. Həkimlər mütəmadi xəstə görməlidir. Ona dedilər ki, xəstəlik tarixçəsini götürüb baxıb elmi iş yazın. Yəni yenə də xəstə yoxdur. Kənardan necə elmi iş yazmaq olar? Belə şey dünyada yoxdur. Həkim müalicənin gedişatının içində olmalıdır.
– Bəs xəstə azalması həkimlərin gəliri və əlavələrinə təsir edirmi?
– Əlbəttə, olur. Stasionarda həmişə xəstələr var. Amma tematik xəstələr yoxdur. Mənim şöbə müdirim il ərzində 2-3 xəstə verir.

İcbari Tibbi Sığorta ilə gələn xəstələrin 90%-i başqa yerə – özəl kontraktlı klnikalara göndərilir. Axın necə baş verir? Məsələn, infarkt var, bizdə angioqrafiya yoxdur, anjuya göndərilən xəstə daha instituta qayıtmır, ondan xəbərimiz olmur. Xəstələr evə göndərilir və ya özəl klinikanın həkimi necə istəyir, xəstəni idarə edir. Bunun nəticəsində açıq deyim ki, xəstələr ağırlaşır, hətta bir xəstəm öldü.

– Necə öldü? Bəs infarktlı xəstə necə anju olunmalıdır?
– Birincisi, əgər xəstə infarktdan 2 saatdan artıq vaxt keçəndən sonra gəlibsə, onu təcili angioqrafiyaya göndərib, stend taxmaq düzgün deyil.
Çünki orada artıq nekroz zonası var.
Proses artıq başlayıb, gözləmək lazımdır həmin sahə bir az düzəlsin, kəskin period səngisin, sonra planlayıb anjuya və stendə göndərmək olar.
Bizdə isə fərqi yoxdur, infakrt gəlirsə, 5 saat keçib, 1 gün keçib, dərhal təcili özəl klinikaya anjuya göndərilir.
Mənim özümə müraciət edən xəstəm vardı, kardioqramma çəkildi, baxmayaraq ki, çox keçmişdi, onu anjuya göndərdilər.
İnfakrtlı xəstəni təcili yardımla yox, taksi ilə Olimpin yanında özəl klinikaya göndərdilər. Xəstə gedib və ona nə desələr, yaxşıdır: bu gün anju edən həkim yoxdur, sabah gələrsiz. İnfakrtlı xəstəni evə göndəriblər. Mənə zəng edəndə ki, bizi evə göndərdilər, başımı itirdim. O evə getməməliydi. Təzədən məsələni qaldırdım, onu gətirdim, təcili yardımla göndərdik ki, ciddiliyi anlasınlar. Onu anju etdilər, arxa divarın infarktı təsdiqləndi, stent qoyuldu. 1 gün sonra evə göndərdilər. O klinikanın kardioloqu deyib ki, stent qoyduq. Hər şey yaxşıdır. 10 gün sonra gələrsən.
Elə xəstəni azı 1 həftə stasionarda yatırıb nəzarətdə saxlamaq, ölü nekrozlu sahəni müalicə etmək lazım idi. Dedim, niyə evə getdiz, gəlin, sizi yatıraq. Bilmirəm, yəqin gördülər, get-gəl olur, burda xəstəyə münasibəti gördülər, inanmadılar, ya da özəldəki kardioloq arxayın etmişdi. Dedilər, 10 günə elə o həkimə gedəcəyik. Mən daha heç nə deyə bilmədim. Yenə ürəyim dözmədi, telefonla müalicə yazdım, amma 3 gündən sonra xəbər çıxdı ki, xəstə vəfat etdi.
İndi bu xəstənin ölümündə kim günahkar oldu? Anju, stent çox şeyi həll etmir. Xəstəyə kompleks yanaşılmalıdır.
Mən Rusiyada işləmişəm, orda belə şeylər görmədim. Orda bizə tapşırırdılar ki, indi sığorta sistemidir, şübhələndiyiniz xəstəni invaziv müayinələrə göndərin, bacardıqca çox xəstə göndərin ki, çox insan xilas olsun. Ordan sizə müəyyən faizlər yazılacaq.
Burda isə həkimlərə heç nə gəlmir. Xəstələr anjuya birbaşa institutun adından, bir adamın əli ilə ümumi şöbədən göndərilir. Sığorta ilə o müayinənin əlavə hesablanan pulu hara gedir? Müqavilə ilə xəstə göndərilən özəl klinikalar hər xəstəyə görə faiz ayırır. Onlar həkimlərə verilmir. Bu məsələ özü müəmmalıdır.
– Sizə verilən töhmət və izahatlarla bağlı danışaq. Nəyə görə töhmət aldınız. Deyəsən, bu barədə Səhiyyə Nazirliyinə də müraciət etmisiz.

– Son 2 ay ərzində işə gəlib-getməyi izləmək üçün kart sistemi tətbiq olunur. Mənimlə bir xanım işləyir, yaşlı qadındır, institutun təməlini qoyanlardan biridir. Şəhərin vəziyyətini bilirsiz. Səhər tıxaclarla istər-istəməz yubanırıq. 15 dəqiqə gecikir, izahat, akt yazdırır. Nə onun xidmətlərinə, nə onun elmi dərəcəsinə, yaşına hörmət qoyulmur. Özü də izahata yazdırır ki, bir daha bunu etməyəcəm, gecikməyəcəm. Belə izahat harda görülüb? Uşaq bağçasıdır?
3 izahat, sonra töhmət, töhmət artdıqca da işçini çıxara bilir. 3 ay ərzində 10-a qədər insana töhmət və başqa cəza tədbirləri görüb. Ona kim sərf edir, kim qara siyahıda deyil, onun izahatını sonra cırıb atır, qalan işçilərin izahatları isə işinə tikilir. Bunu ona görə edir ki, sabah əlində əsası olsun. Elə bil məktəbdir, bağçadır.
Ona görə insanlar işdə gərgin olur, bir-birinə dəstək olmur, xəstə yaddan çıxır.
Bir çox alimlər, həkimlər bu münasibəti özünə sığışdırmır, çıxıb gedir.
İnzibati şöbə yaradıb, oranı da özünə sərf edən tərzdə idarə edir. Ağa deyir, sür dərəyə, sürür. Camaatı o şöbə ilə qorxudur.

Həmin şöbənin müdiri Azər müəllim əvvəl Cəlilabadda Sosial Müdafiə şöbəsinin müdiri olub. Onun haqqında da yaxşı şeylər danışılmır. Bir araşdırsınlar ki, tanınmış elm adamlarına kimi nəzarətçi qoyublar. Azər müəllim də töhmətlərin şahıdır. Mənə sonuncu dəfə haqsız yerə, əsassız töhmət verib.
Mənim izahatım nəyə görə alınıb? 2 gün Formula ilə bağlı yollar bağlı oldu. Mənim səhər bundan xəbərim yox idi, evdən eyni vaxtda çıxsam da, yolda hərəkət dayandığı üçün gecikdim. Xəbərdar etmək üçün Azər müəllimə zəng etdim, yollar bağlı olduğu üçün işə vaxtında çata bilməyəcəyimi dedim. Bizdə 10-a 15 dəqiqə işləmişə kimi limit qoyulub. Mən isə 15 dəqiqə gecikdim və limiti aşdım. Mən izahat yazmamaq üçün zəng etmişdim.
Mənim günahım nədir ki? Bu, prezidentin qərarı ilə dövlət səviyyəsində olan bir tədbirdir.
Səhərisi gün bir az da tez çıxdım, amma bu dəfə lap pis situasiyaya düşdüm. Yenidən üzrxahlıq üçün zəng etdim, telefonda ağzını açıb, gözünü yumdu. Bu nədir gündə mənə zəng edirsiz. Yaxşı bəhanə tapmısız? Səsini qaldırdı. Bu həkimə və ümumiyyətlə, institut işçisinə yaraşan ton deyildi. Heç küçədən keçənə belə münasibət göstərməzlər.
Təkcə biz deyilik. Adi texniki işçilər az maaş alır, qorxusundan deyir, taksiyə minib gəlirəm ki, cəza almayım. O işdən nə qazanır ki, pulunu taksilərə versin.

– Bu qədər sərt intizam varsa, özü vaxtında gəlirmi?


– Xeyr. Bəziləri üçün dediyim kimi, bu qanunlar keçmir. 10-da gəlir, 10 yarısı gəlir, 11 yarısı gələ bilər. Ürəyi istəyən vaxt çıxır, qalır. Axşam üstü 4-ün yarısı qapının ağzında dayanıb elmi işçiləri güdürlər.


Əslində elmi işçilər üçün sürüşən qrafik olmalıdır. Bir az rahatlıq olmalıdır. Çünki bəzən biz iş saatını aşırıq, elmi işə görə elə ola bilər, saat 6-da çıxıram, elə olar gecəyə kimi qalaram. Bəzən xəstə ağır ola bilər.


Mən Pribaktikada işləyəndə artıq qaldığım saatları toplayıb, axırda mənə pul və ya məzuniyyət kimi verirdilər.

Mən demək olar, hər gün ən gec gedən həkimlərdən biri olmuşam. Necə olur, gec qalanda buna təşəkkür, bonus düşmür, amma 15 dəqiqə tez çıxanda qapıda güdüb, izahat yazdırırlar? Onda həkim işə can yandırar? Həkimlik elədir ki, ağır xəstə olsa, gecə 12-də də gəlib dəyə bilər, bazar günü də gələ bilər.


İnsanı dözülməz həddə gətirmək olmaz.


Əvvəl işə sevinə-sevinə, qürurla gedirdiksə, indi səhər açılanda xofla, stresslə gəlirik ki, bu gün nə eşidəcəyik.


Təsəvvür edin, reanimasiya işçisinə də töhmət verirlər. Onun işi onsuz da gərgindir. Deyirlər, sənin nə xidmətin var? Neynəmisən? İnsan 20 ildir reanimasiyada işləyib. Bu xidməti bilməyən, elmi işçi ilə həkimi ayırmayan insandan nə gözləmək olar?


Direktor bütün bu təzyiqləri adamları vasitəsilə etdirir. Özü heç kimlə üz-göz olmur. Onun qəbuluna düşmək mümkün deyil. Gedirsən, gah yoxdur, gah deyirlər, “adam var, get, sonra gəl”. Hamını süründürür. Təkcə məni yox, məndən də qocaman üstün professorları gözlədir.


5 dəqiqəlik görüşlərdə hər kəs ürək sözünü deyə bilmir. Çünki bilir ki, dinləyən olmayacaq. İnsanlar qorxusundan bilmir, nə etsin. Çünki bu 4 il ərzində o qədər insanlar işdən çıxmağa məcbur edilib ki..




– Xəstələr, pasiyentlər nədər şikayətlənir? Bu 4 ildə maddi bazanız necə dəyişib, nə düzəlib? Yoxsa problemlər çoxalıb?


– Heç nə yaxşılığa doğru dəyişməyib. Kabinetləri palata ediblər. Bütün şöbələrdən fond pulu toplanır. 4-5 ay əvvələ qədər bizim şöbədən də fond pulu yığılırdı. Guya əyər-əskikləri düzəldəcəklər. O boyda institutun pulu yoxdur. Amma yenə də tualet yox, palatalar bərbad, pəncərə qulpları qırıq, kondinsioner yox, sabunu xəstə gətirir, tualet kağızı yox, salfet yox. Lampanı güclə dəyişirlər.


Hətta bəzən həkimlərə deyirlər ki, hər xəstə üçün fonda 5 manat pul ödənməlidir, tualeti təmir edirlər. Elə bilin ki, orta məktəb kimi. Mən deyərdim ondan da betər, kənd xəstəxanası kimi.


Həkimlər üzünə üz bağlayıb, xəstəyə deyir ki, bəs 5 manat ver. Deyə bilməyən cibindən verir.

Bundan təbii ki, xəstələr narazı olur. Özü də indi sığorta ilə gəlir çoxu, pul deyən kimi şikayət olunur.

Sonra dedilər ki, xəstəyə deməyin, xəstə palatada yatırsa, sən ver. İstifadə olunan suyun pulu da hesablanır.

Bizim mərtəbədə dəhlizdə pəncərə düzəlmədiyi üçün qışda xəstələr soyuqdan respirator xəstəliklərə tutuldular, əsas xəstəlik qaldı bir kənarda, qrip, öskürəklə mübarizə apardıq. Nə qədər deyilsə də, o pəncərə dəstəyi düzəldilmədi.


Kardiologiya İnstitutunda elm adına bir şey qalmayıb. Adi xəstəxanadır, elm adı ilə maskalanıb.


Burda məqsəd sığortadan maksimum pul əldə etməkdir.


Bu 1 il ərzində bütün elmi işçilərin, kliniki ordinaturanın otaqları boşaldıldı. Qalan həkimlər hamısı bir otağa salınıb. Bir otaqda 5 -6 həkimdir. Birinci mərtəbədə Elman Ələkbərov dissertantları ilə əyləşirdi. İndi onun otağında 6 nəfər əyləşir.


2-3 nəfər öz həkimləridir, çağırışçılara baxırlar, qalanları da xəstələri qəbul edir.


Bu boyda institutun 5 elmi şöbəsi var, xroniki ürək çatışmazlığı şöbəsinin müdirinin əyləşməyə yeri yoxdur, heç küncü də yoxdur. Neçə vaxt məcbur olub evdə oturdu, yeri yox idi. İndi bir otaqda, küncdə reanimasiyanın banisi olan tanınmış reanimatoloqu qoyub, onun yanında da şöbə müdiri. Qapını açırsan, qapı həkimin belinə dəyir. Hələ bir küncə də kuşetka qoyub, tibb bacısı kardioqramma çəkir.


Bu otaqlara başını salıb yoxlayan olacaq, ya yox?


İkinci mərtəbədə hörmətli Rafiq müəllimin otağını alıb, kiçik otağa 5 həkimi salıb. Bir masada 2 elmi işçi oturub. Heç sahə həkimləri elə şəraitdə oturub işləməz.


Professor Abdullayev ən birinci aritmioloqdur ölkədə, gəlin görün, nə şəraitdə işləyir. Rentgen otağını bağladılar, həkim otağı etdilər.


Gülməmməd Hacıyev ürək çatışmazlığı üzrə ən öndə gedən həkim, professor idi, onu 1-ci mərtəbədə nə şəraitdə işlədirdilər. Rəhmətə gedəndən sonra qiymətə mindiriblər.


Halbuki əvvəl belə deyildi, hamısının öz yeri, otağı, işi, hörməti vardı. Əgər belədirsə institutun adını dəyişin, edin xəstəxana, klinik mərkəz, poliklnika.


Bilirsiz, mən töhmətimlə də, elmi şöbəmizin işi ilə də bağlı problemləri yazıb təqdim etmişəm. Bu gün İnstitutda elə şeylər baş verir ki… Deyiləsi deyil. Kim necə istəyir, işləri elə də yönəldir. Xahişim odur ki, İcbari Tibbi Sığorta, Səhiyyə Nazirliyi, Milli Məclis bizim instututun qara gününə bir əncam çəksinlər.

Həmçinin oxuyun

Adı məktəblilərin zəhərlənməsində hallanan şirkət bu dəfə DİM-ə yemək satacaq

Dövlət İmtaham Mərkəzi (DİM) tərəfindən keçirilən tender müsabiqəsinin qalibi “TAİS-İKF” MMC (VÖEN-1400019741) olub.Yeniavaz.com xəbər verir ki, …