Çərşənbə axşamı , Aprel 16 2024
Ana səhifə / Sosial / “Bu terakt Putinin xarici siyasətdəki fəallığı ilə bağlıdır” – Zərdüşt Əlizadə

“Bu terakt Putinin xarici siyasətdəki fəallığı ilə bağlıdır” – Zərdüşt Əlizadə

“Məlumdur ki, terror aktı yalnız və yalnız qatı cinayətkarlar tərəfindən törədilir və məqsədi də məlumdur; insanları qorxutmaq, qisas almaq, sabitliyi pozmaq və sair. Hər halda bu dəfə heç bir qüvvə terror aktını öz boynuna götürməyib və heç bir tələb irəli sürməyib. Sadəcə partladıblar, günahsız insanları öldürüblər, vəssəlam. Təbii ki, terror dünyanın bütün ölkələrində baş verir. Rusiyada isə xüsusilə çox baş verir. Çünki Rusiya öz fəaliyyəti ilə mütəmadi olaraq terrorun hədəfindədir. Dubrovkada teatr binasına hücumu, Beslanda məktəbdə baş verən faciəni, Kaspiyskdə, Volqodonskda yaşayış binalarının, Volqoqradda avtobusun, trolleybusun, dəmiryol vağzalının partladılmasını, Moskva metrosunda, Moskva-Sankt-Peterburq qatarında törədilən terror aktlarını, Şarm-əş-Şeyx-Sankt-Peterburq təyyarəsinin partladılmasını yada salmaq istəyirəm. Dağıstanda, Çeçenistanda isə terror aktları ümumiyyətlə adi hala çevrilib. Rusiya terror burulğanının düz ortasındadır. Burda hansısa qeyri-adi nəsə düşünmək lazım deyil. Belə terror aktları Rusiya üçün sıradan bir hadisədir. Bütün bunlar onunla bağlıdır ki, Rusiya hökuməti xarici siyasətdə çox fəaldır. Təbii ki, Rusiyanın özünün xeyli müşkülləri var. Milli, etnik, iqtisadi və sair. Bunlar öz həllini tapmır və hakimiyyətdən narazı şəxslər çoxdur. Vladimir Putinə heç nə edə bilmirlər və camaatın üstünə düşürlər”.

Bunu aprelin 3-də Sankt-Peterburq metropolitenində törədilən terror aktını Teleqraf.com-a şərh edən politoloq Zərdüşt Əlizadə bildirib.

Qeyd edək ki, sözügedən terror aktı nəticəsində 14 nəfər həlak olub, 45 nəfər xəstəxanaya çatdırılıb. Ümumilikdə zərər çəkənlərin sayı 51 nəfərdir. Rusiya İstintaq Komitəsinin məlumatına görə terror aktını Qırğızıstan əsilli terrorçu-kamikadze Akbarjon Cəlilov törədib.

Bəs, bu terror aktı kimə xeyirdir? Bu sualımızı da cavablandıran politoloq deyib: “Verilən şərhlər arasında mən belə bir şərhə rast gəldim ki, guya bu terror aktı Putinə xeyirdir. Xeyr. Putinə xeyir deyil. Putinin müstəsna yüksək reytinqi var və ona hakimiyyətinin zəifliyini sübut edən hər hansı terror aktı əsla sərf etməz. Bəs, kimə sərf edir? Əlbəttə, bu terakt Putinin rəqiblərinə, Rusiyanın bədxahlarına əl verir. Ola bilsin, Qərbin gizlicə dəstəklədiyi beynəlxalq radikal islamçı terror təşkilatları tərəfindən törədilib. Amma bir daha qeyd etmək istəyirəm ki, bu terror aktı Rusiya üçün əsla nadir hadisə deyil. Rusiyada belə hadisələr çox təkrarlanıb. Xüsusilə, Rusiyada prezident seçkiləri yaxınlaşır. Belə bir şəraitdə terror aktı yalnız və yalnız siyasi mahiyyət daşıyır”.

Terror aktının Rusiyanın bir çox şəhərlərində keçirilən mitinqlərdən az sonraya təsadüf etməsinə gəldikdə isə, Z.Əlizadə bu iki hadisə arasında hər hansı əlaqə olmadığını vurğulayıb: “Mitinqləri liberal qanada məxsus Aleksey Navalnı təşkil edib. Navalnı partlayıcı maddələrlə deyil, internetlə, antikorrupsiya araşdırmaları ilə məşğul olur. Amma bunu edən qüvvə, görünür sırf terrorla məşğul olan qüvvədir. Çünki heç bir siyasi tələb də səsləndirməyib. Məqsədlərinin nə olduğuna gəldikdə isə onu demək olar ki, terror bütün dünyada mövcud vəziyyətdən narazı olan, bu vəziyyətin dəyişilməsi üçün qanuni üsulların müyəssər olmadığını görən, çarəsizlikdən, canından bezən insanların fəaliyyətidir. Kim əziz canını qurban verib özünü öldürər? Onu elə həddə çatdırmalıdırlar ki, o gedib terrora əl atsın. Dünyanın yanlış olaraq islam terrorçuluğu adlandırdığı bir nəsnə var. Ancaq islam terrorçuluğunun mənbəyi islam deyil, islam dünyasına qarşı qərb dünyasının ədalətsiz siyasətidir. Fələstin torpaqlarının işğalı, Fələstin xalqının incidilməsi, islam müqəddəsatının təhqiri, alçaldılması müsəlmanları qəzəbləndirir. Onlar BMT-nin sənədlərinin, beynəlxalq qanunların, beynəlxalq əxlaqın işləmədiyini görəndən sonra çarəsizlikdən terrora əl atırlar. Terrorun mahiyyəti budur. Adətən terrorda səbəb və nəticə var. Dünya gücləri, dünya dövlətləri səbəbi, yəni ədalətsiz quruluşu, ədalətsiz dünya nizamını dəyişə bilmirlər. Belə olanda onun doğurduğu nəticələrlə mübarizəyə əl atırlar”.

Həmçinin oxuyun

Vəfat edənlərin pensiya kapitalını bu şəxslər ala bilər? – Açıqlama

 “Pensiya yaşına çatmadan dünyasını dəyişən insanların pensiya kapitalı qanunla heç kimə verilməli deyil”.  Bunu Qaynarinfo-ya …

Bir cavab yazın