Çərşənbə axşamı , Sentyabr 21 2021
Ana səhifə / Sosial / “Bu pulları mənə susmaq, kimisə tərifləmək üçün vermirlər”

“Bu pulları mənə susmaq, kimisə tərifləmək üçün vermirlər”

“De Media”nın təsisçisi, tanınmış jurnalist, yutuber Bahadur Seyidovun Yenisabah.az-a müsahibəsi: 

– Bahadur bəy,  bu gün bir neçə işi birdən görürsünüz. Məsələn,  “Demədi Demə” kanalı üçün mövzular hazırlayırsınız,  “Gəzən Adam” kanalı, “Peasant” layihəsi üçün müxtəlif yerlərə gedib çəkilişlər etməli olursunuz, Redaktor.az-da baş məsləhətçi kimi fəaliyyət göstərirsiniz və s. Bütün bunlar sizi heç mi yormur? Vaxtı necə tənzimləyirsiniz?

– Əslində, gördüyüm işlərin 20 faizini sadaladınız. Mən “De Media” şirkətinin təsisçisiyəm. Bütün bu işləri komandamla birgə görürəm. Tanınmış jurnalist və  “De Media”nın baş redaktoru Xəyalə Məmmədova da bu işlərdə mənlə bərabər çiynini yükün altına qoyub. Elə onun da şəxsi kanalı olan “Bir Bax” artıq 400 min abunəyə yaxınlaşır. 

20-yə  yaxın həkimin SMM işini görürük. Hər bir həkimlə özüm şəxsən görüşürəm və imkan olduqca çəkilişlərdə iştirak edirəm. Bundan başqa, “Demədi Demə qadın”, “Demedi Deme Türkçe”, “Ne Xeber”  “YouTube” kanallarımız  da var. Həmçinin Nexeber.az saytının təsisçisi və baş redaktoruyam.  

Sizə deyim ki, bunlara vaxtım çatır, hətta dincəlməyə, əylənməyə də vaxt tapıram. Kim, “Vaxtım yoxdur”,- deyirsə, inanmayın. Vaxt həmişə var. Yetər ki, onu düzgün planlayasan. Günlük görəcəyin işi planlayırsan və hər işə müəyyən vaxt ayırırsan. Vəssalam! 

Bir çoxları iş yerində işləmir, sadəcə qurdalanır. Bir işi 8 saata görür. Vaxt öldürür. Əslində, 8 saat çox böyük vaxtdır. 

– İşlərdən hobbilərinizi həyata keçirməyə vaxt tapırsınızmı, yoxsa işiniz elə sizin hobbinizdir?

– İşim elə mənim hobbimdir. Mənim evdə uşaqlarımla oynamağım da, gecə gördüyüm yuxularım da işlə bağlıdır. Çünkü zövq alıram. 

– Necə oldu ki, jurnalist fəaliyyətinizi “Youtube”a  daşımağı qərara aldınız?

– Düşünürəm ki, “Jurnalist fəaliyətini yutuba daşımaq”  ifadəsi yanlışdır. Mən həmişə qələm adamı olaraq yazılarıma senzuranın qoyulmayacağı, hansısa JEK müdirinin yazı və ya video çıxartdırmayacağı mətbuat orqanında işləmək istəmişəm. Məncə, jurnalist üçün fərqi olmamalıdır ki, o hansı kanalda və ya saytda işləyir. Əsas olan onu nə qədər adam oxuyur, izləyir və yaradıcılığından faydalanır məsələsidir. Əgər mən bir ay ərzində sosial, vətənpərvərlik və maarifləndirici araşdırma mövzuları ilə  5-6 milyon dəfə izlənə bilirəmsə, niyə onu ümumi İP-si  aylıq  150 min olan bir sayta dəyişim?  O sayta ki, orda mənə, “Onu yazma, bunu yaz”,- deyəcəklər…

Mən jurnalist olaraq yenə də fəaliyyətdəyəm. Amma daha azad və daha çox izlənən bir platformada. Məncə, domenin fərqi yoxdur – O, filan.az saytı olsun, ya da Youtube.com, fərq eləməz. 

“De Media” şirkəti rəsmi olaraq media orqanı kimi qeydiyyatdan keçib və biz öz məhsullarımızı media olaraq insanların kütləvi şəkildə izlədiyi “YouTube”  üzərində yayımlayırıq. Bu gün hazır press-reliz üzərində mövzu hazırlamaqdan savayı heç bir fəaliyyəti olmayanlar da özünə jurnalist deyirlər. Jurnalistlik fəaliyyəti sənin hansısa az domeni ilə bitən saytda  çalışmağınla və ya hansısa  dövlət orqanının mətbuat katibi olmağınla ölçülməməlidir. Jurnalist hər şeydən əvvəl öz dəst-xətti, iti qələmi, yaradıcılığı və xalqa faydası olan adama  deyilməlidir. 

– Belə başa düşdüm ki, “De Media” çərçivəsində həyata keçirdiyiniz layihələr sizin üçün sayt fəaliyyətindən daha maraqlıdır. 

– “De Media” mənim üçüncü övladımdır. Öz övladlarım necə əzizdirsə, bu şirkət də  mənim üçün elədir. İnşallah ki, həmişə də yaşadacam, böyüdəcəm. Amma əsas prinsipim azad media olmaqdır. Düşünürəm ki, artıq bizim ölkədə buna zəmin var. 

– Dörd il əvvəl “YouTube”dan pul qazanmaqla ehtiyacları ödəməyin çətin olduğunu demisiniz, indi də eyni fikirdəsiniz? 

– Mən “Demədi Demə” kanalını 2016-cı ildə açmışam. 4 il əvvəl cəmi 40-50 min abunəçim vardı. Amma bu gün kanala  635 min abunə var. Bundan başqa,  beynəlxalq “YouTube” kanalımız da var. 

Bir çox yerli şirkətlərlə reklam əməkdaşlığı edirik. Düzdür, yenə də Azərbaycandan izlənilən videolara görə qazancımız elə də çox deyil. Amma xarici  ölkələrdən izlənilən videoların “YouTube” gəlirləri yaxşıdır. Bu gün “De Media”dan 7 nəfər əməkhaqqı ala bilirsə, demək ki, nələrsə qazana  bilirik. Həmişə şükür eləmək lazımdır. Həm də ona görə şükür edirəm ki, bu pulları kimsə mənə susmaq üçün, hansısa videonu silmək üçün və ya kimisə tərifləmək üçün vermir. Hazırladığımız videolar maraqlı və faydalı olduğu üçün çox izlənir. Ona görə də reklam gəlirlərimiz artır. 

– “YouTube” platformasında fəaliyyətə başladıqdan sonra səhv etmirəmsə, “Cambly” ilə əməkdaşlıq edib ingilis dilini öyrənirdiniz.  Hazırda bu dili mükəmməl şəkildə öyrənmisiniz? 

– Çox sağ olun ki, müsahibə almazdan əvvəl məni yaxşıca araşdırmısınız. İngilis dilini mükəmməl olmasa da, yaxşı bildiyimi deyə bilərəm. Bu gün hansısa kanalımızda problem olan kimi, “YouTube” ilə birbaşa əlaqəyə keçirəm. Onlarla ingilis dilində danışarkən, müzakirələr aparkən çətinlik yaşamıram. “Cambly”  yaxşı proqramdır. Amma davamlı məşğul olmaq lazımdır. 

– Gələcəkdə dil tədrisi ilə bağlı layihə həyata keçirməyi planlaşdırırsınız?

– Mən “Demədi Demə” kanalında “İngiliscə danışıq kursu” adlı silsilə videolar yayılmayıram. Artıq 47 video yayımlanıb. Videoların ümumi izlənmə sayı milyondan çoxdur. Amma tədrisi mən yox, daha peşakar biri- Cəmilə müəllimə edir. Özümün tədris edəcəyimə inanmıram. Mənim əsas işim Mediadır. Gələcəkdə də  yeni layihələrim çox güman ki, media sahəsində olacaq. 

– Yutuber olmaq sizə tam olaraq nə qazandırdı?

– Hər şeydən əvvəl mətbuat azadlığı. Maliyyə asılılığım olmadığı üçün öz işimi qurdum. Daha çox tanındım. 

– “Peasant” (kəndli)  layihəsini son illər azərbaycanlıların yemək videoları dünyanın müxtəlif ölkələrində böyük rəğbətlə qarşılandığı üçün həyata keçirməyi qərara aldınız? 

– 5 ildir ki, “Demədi Demə” kanalı ilə Azərbaycan kütləsinə xitab edirdim. Hər zaman beynəlxalq bir layihəyə imza atmaq istəmişəm. 2017-ci ildə “Peasant” (kəndli) layihəsini yaradıb milli mətbəximizi, təbiətimizi tanıtmaq istəmişəm.

Bu barədə Xəyalə Məmmədova ilə də xeyli söhbətlərimiz olub. Amma işlər çox olduğu üçün bu məsələdə geridə qaldıq. Çünki Xəyalə də “Bir Bax” kanalına və “De Media”nın digər işlərinə çox enerji qoyur. Doğrudur, bu sahədə çoxlu sayda “YouTube” kanalları açıldı və uğur qazananlar da çox oldu. Məşhur “Kənd Həyatı” kanalı açılandan sonra ideyanın üstündən bir müddət xətt çəkdim. Amma həmişə dediyim bir şey var, lovğalıq kimi çıxmasın, ölkədə bu sahəni bizdən yaxşı bilən yoxdur. Məndən demirəm, bizdən deyirəm. Çünki Xəyalə artıq bu sahədə məni vurub keçib. Elə “Kənd adamı” kanalının SEO işlərini də o gördüyü üçün bu qədər sürətlə inkişaf edirik. Ona görə də qısa müddətdə bütün kanalları geridə qoyacağıq.  İki aya 27 min abunə, 6 milyon baxış var. Artıq dünyaca məşhur “Taste Life” “Facebook” səhifəsi də videoalarımızı paylaşır. Bu isə hələ başlanğıcdır. 

– Hazırda rəqabət mühitinin çox olduğu bir sahədə uğur qazanacağınıza necə əmin oldunuz?

– Uğur qazmağın bir açarı var-davamlılıq. Tibetlilərin məşhur bir atalar sözü var: “Daşı deşən suyun qüvvəti deyil, damlaların davamlılığıdır”. Davalılıq həmişə uğur gətirir. Təbii ki, nə istədiyini bilib yola çıxmaq lazımdır. 

– “Taste life” səhifəsi ilə əməkdaşlığınız necə baş tutdu? Bunun üçün onlara vəsait ödəyirsinizmi?

– Xeyr, onlar özləri bizi kəşf etdilər. Xəyalə xanıma yazmışdılar. İcazə istəyirdilər ki, videolarınız çox maraqlıdır, olarmı biz də istifadə edək. Biz də şərt qoyduq ki, istifadə edərkən mənbəni göstərin. Biz niyə onlara pul ödəməliyik? Ödənişə qalsa, onlar bizə ödəniş etməlidir ki, onlara hazır məhsul veririk. 

– Özünüz yemək bişirməyi bacarırsınız?

– Bəli, 4 il tələbə olan, kirayədə qalan biri olaraq yemək bişirməyi öyrənmişəm. Hələ ki inkişaf mərhələsində “Gəzən adam” (The Walking Man) kanlımda bəzən özüm də yeməklər bişirirəm.

– Ölkəmizdə maraqla qarşılanacağını düşündüyünüz daha hansı layihələri həyata keçirməyi hədəfləyirsiniz?

– Bir TV layihə hazırlamışam. Böyük büdcə tələb olunur. Amma düşünürəm ki, bu layihə baş tutarsa, reytinqləri qıracaq. Hətta beynəlxaq layihə də ola bilər. Xəzər TV-nin rəhbəri Murad Dadaşova bu haqda məlumat vermişəm. Yaxınlarda görüşüb danışmalıyıq. 

Həmçinin oxuyun

Karantin cərimələri silinir? – VİDEO

Sərtləşdirilmiş karantin dövründə açıq havada maska taxmayan vətəndaşlara yazılmış cərimələrin silinməsi ehtimalı yenidən gündəmdədir. Bəs …