Ana səhifə / Sosial / “ Bu, Prezidentin ordu gününə hədiyyəsidir ” – Ekspert

“ Bu, Prezidentin ordu gününə hədiyyəsidir ” – Ekspert

Azərbaycan Silahlı Qüvvələri atəşkəs haqqında sazişin imzalandığı 1994-cü ilin mayından bugünədək çox böyük bir inkişaf yolu keçib.

Bunu Teleqraf.com-a açıqlamasında hərbi ekspert, ehtiyatda olan polkovnik-leytenant Üzeyir Cəfərov deyib.

O bildirib ki, Azərbaycan Ordusunun bilik və bacarığı təkcə ölkə hüdudlarında deyil, ölkə hüdudlarından kənarda da kifayət qədər tanınır: “Bu gün Azərbaycan əsgərləri Əfqanıstanda sülhyaratma missiyasında iştirak edirlər. Bundan əlavə Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin dünən ali hərbi rütbələr və fəxri adlar verdiyi hərbçilərin bir neçəsi Qarabağ müharibəsinin birbaşa iştirakçıları olublar. General-mayor ali hərbi rütbəsi alan polkovnik Azər Əliyevlə vaxtilə Füzulidə döyüş briqadasında bərabər xidmət keçmişik. General-mayor ali hərbi rütbəsi almış Hilal Nəcəfov da həm Silahlı Qüvvələr Gününə, həm də ümumiyyətlə, Azərbaycana çox böyük bir hədiyyə etdi. Dünən axşam saatlarında Azərbaycan Ordusu düşmənin diversiya-təxribat qrupunu zərərsizləşdirdi, qrupun bir üzvünü də ələ keçirdi. Yəni, bunun özü Silahlı Qüvvələr Gününə böyük bir stimuldur”.

Ü.Cəfərov qeyd edib ki, Azərbaycan əsgəri düşməni ən amansız şəkildə cəzalandırmaqda davam edəcək: “Ordumuzun NATO-nun aparıcı üzvü olan Türkiyə ilə birgə hərbi təlimlərini, o cümlədən iyunun 19-da başlayan və 23 min nəfərədək şəxsi heyətin iştirak etdiyi əməliyyat-taktiki təlimlərini göstərə bilərik. Bu il yenə də təlimlər gözlənilir. Yəni, bunların heç biri boşa getmir. Azərbaycan əsgər və zabitinin bacarığı hər təlimdən sonra bir qədər də güclənir. Bu gün Azərbaycan zabitləri NATO-nun təlimlərinə təkcə müşahidəçi qismində qatılmır. Onlar eyni zamanda NATO təlimlərinin aparıcı simaları kimi təqdim olunur”.

Ü.Cəfərov bildirib ki, ordumuzun inkişafı üçün dövlət tərəfindən kifayət qədər maliyyə ayrılır, infrastruktur kifayət qədər yenilənir: “ İnşallah, müharibə başa çatdıqdan sonra Azərbaycan əsgərinin yaşadığı kazarmalar, istifadə etdiyi hərbi texnikalar, hərbi infrastrukturlar, silah-sursat və qarnizonlar dünyada bəlkə də ən aparıcı olacaq. Çünki Azərbaycan ordunun inkişafı üçün kifayət qədər maliyyə vəsaiti ayırır. Bu illər ərzində Azərbaycan Ordusu üçün xeyli kazarmalar, hərbi şəhərciklər, xidməti və daimi mənzillər tikilərək istifadəyə verilib. Bütün bunlar qürurvericidir. Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev də dünən iftar mərasimindəki nitqində ordumuzun fəaliyyətinə çox böyük qiymət verdi. Bu yaxınlarda Cocuq Mərcanlı kəndinə səfərə gələn Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev bu faktları qeyd etməklə yanaşı uğurlarımızın davamlı olacağını bildirdi.

Son hadisələr – ordumuzun düşmənə vurduğu ağır zərbələr, o cümlədən dünən axşam düşmənin təxribat-diversiya qrupunun zərərsizləşdirilməsi, bir üzvünün ələ keçirilməsi Silahlı Qüvvələr Gününə hədiyyə olmaqla yanaşı, həm də çox yaxşı haldır. Bu hallar düşmənin mənəvi mənəm-mənəmliyini başına vuracaq addımlardır. İnşallah, bunun yaxşı davamı gələcək və biz tez bir zamanda işğal altındakı digər ərazilərimizin də Azərbaycana qayıtmasının şahidi olacağıq”.

Həmçinin oxuyun

Pensiya və müavinətlər artırıla bilər – VİDEO

Cari ilin ortaları pensiyaların yenidən artırılacağı gözlənilir. Bunu millət vəkili Aydın Hüseynov deyib. O bildirib …

Bir cavab yazın