Çərşənbə , Avqust 21 2019
Ana səhifə / Sosial / “Bu nazirliklər ləğv olunmalıdır” (SİYAHI) – “Ümid partiyası ANTİBÖHRAN proqramını açıqladı

“Bu nazirliklər ləğv olunmalıdır” (SİYAHI) – “Ümid partiyası ANTİBÖHRAN proqramını açıqladı

Uzun illərdir aparılan iqtisadi siyasət iflas zolağındadır. Təksektorlu inkişaf xətti ölkənin sosial-siyasi-iqtisadi həyatını ciddi böhranla üz-üzə qoyub. 

Neftdən gələn gəlirlərin səmərəli xərclənməməsi və gəlir gətirə biləcək iqtisadi strukturların formalaşdırılmaması, əlavə olaraq, idarəetmənin də ən pis formasının seçilməsi Azərbaycanın regionda və dünyada yerini tamamilə itirməsinə, ölkə daxilində isə inamsızlıq və psixoloji gərginliklə üz-üzə qalmasına səbəb olub. Ölkə böyük problemlərin astanasındadır –  daxili və xarici faktorlar əleyhimizə işləyir. Həm regionda, həm də dünyada baş verən siyasi hadisələrə adekvat olmayan münasibətdən dolayı yaranan problemlər, həm də ölkə daxilindəki aqressiv və barışa söykənməyən siyasət ikitərəfli təzyiqin formalaşmasını qaçılmaz edib.

Dünyaya meydan oxumaq cəhdi, müstəqil siyasət yürütmək adı ilə ümumi qəbul olunmuş prinsipləri pozma, balanslı siyasət cəhdi kimi manevrlər nəhayətdə beynəlxalq təşkilatların və iri dövlətlərin deyəsən səbrini daşırdı. Bir zamanlar bəlkə kimsə özünü inandırmağa çalışsa da ki, bu siyasət effektli və sistemlidir, bu gün açıq-aydın sezilir ki, sadəcə bizdən istədikləri fərqli imiş. Zaman yetişəndə hər kəsdən mövqeyini formalaşdırmaq və səfini müəyyən etmək tələb olunacaq. İstəsək də, istəməsək də…

İqtisadi baxımdan uğurlu hesab edilən siyasət də dəfələrlə deməyimizə baxmayaraq, dəyişdirilmədi. Ölkə neftdən asılılıqdan qurtula bilmədi. Büdcənin 85 %-ə qədəri, ixrac məhsullarının 95%-ə yaxını məhz neftin payına düşdü. İnvestisiya adı ilə sərf edilən vəsaitlər infrastruktur layihələrindən o tərəfə keçə bilmədi. Hökümət qoyduğu hər manatın 0.10 manat gəlir gətirməli olduğunu unutdu. Layihələrə xərclənən vəsaitlər şişirdildi, talan, korrupsiya baş alıb getdi və davam edir.

İdxal-ixrac, maliyyə-bank siyasətləri neftin dünya bazarında qiymətinə söykəndi və hər bir məmur oliqarxa çevrildi.

Bu gün bunları yenidən sadalamağa heç ehtiyac duyulmur. Hər kəs hər şeyi bilir, görür və öz həyatında hiss edir. Çox güman ki, indi iqtidar mənsubları da bu problemləri hiss edə bilir, daha əvvəlki eyforik vəziyyətdə deyillər.

Azərbaycanın çətin dönəmidir. Xarici və daxili təzyiqlər ciddi, ardıcıl, düşünülmüş addımlar atılmasa sabitliyi poza, ölkəni kataklizmlərlə üz-üzə qoya bilər. Kimin səhvidir, niyə oldu, kim cavab verməlidir sualları bizim axtardığımız və ya araşdıracağımız məsələ deyil. Siyasi institut olaraq, böhrandan çıxış yollarını göstərmək və öz təkliflərimizi vermək bizim vəzifəmizdir. İqtidarın vəzifəsi siyasi institutların, ictimaiyyətin səsini eşitmək və onunla hesablaşaraq problemləri həll etməkdir. Biz vəzifəmizi icra edirik.

Azərbaycanın bu günkü problemlərinin mahiyyəti

  1. Siyasi problemin mahiyyəti

Ölkə iqtidarının yürütdüyü siyasi kurs həm daxili, həm də xarici siyasətdə ciddi gərginlik yaradıb.

Daxildə uzun illər iqtidarın apardığı “müxalifətsiz cəmiyyət” siyasəti partiyaları  tam sıradan çıxara bilməsə də əhəmiyyətli dərəcədə zəiflədib və təşkilatların ictimai nüfuzunu ciddi şəkildə zədələyib. Siyasi institutların cəmiyyətdəki zəifləmiş yerini dini və məzhəb qrupları əvəz etməyə çalışıb, bəzi hallarda buna nail də olub. Bir neçə il əvvələ qədər siyasi institutların yerini QHT-lər və jurnalistlər tutmağa çalışsa da hakimiyyətin onlarla sərt və repressiv davranışı bu ictimai institutları da təsir etmə gücündən məhrum edib.

Siyasi institutların olmadığı və ya həddən artıq zəif olduğu ölkələrdə təbii ki, seçki və demoratikləşmə məsələləri də ciddi tənəzzülə uğrayır. Nəticələr xalqın rəyi ilə adekvat olmur və ya seçici hakimiyyətlərin seçki ilə dəyişəcəyinə öz ümidlərini itirir. Müxtəlif səylər və təşəbbüslər belə basqı ilə qarşılanır, ya da siyasi institutlar ictimai rəyin ümumi rənginə qarışaraq, lokomativlik funksiyasını itirir.

Azərbaycan hakimiyyəti iqtisadiyyatda neft faktorunun güclü olduğu vaxtda qarşısına qoyduğu missiyanı uğurla həyata keçirdi – xalq siyasətdən və seçkidən təcrid olundu.

Lakin hakimiyyət unutdu ki, iqtisadiyyatın siyasət üzərində hökmranlığı tarixin heç bir dönəmində uzun müddət davam edə bilməyib. Dünya liderləri bunun qorxulu tendensiya olduğunu bildikləri üçün müəyyən zaman fasiləsindən sonra iqtisadiyyatı təbii axarına qaytarmağı əsas vəzifələri biliblər və hətta bunun üçün müharibələrdən belə çəkinməyiblər.

Çoxları “Ərəb baharı”nı siyasi və demokratikləşmə faktoru ilə bağlamağa çalışsa da, həqiqətlər ayrı nəsnələrdən xəbər verir. İqtisadiyyatın hakim olduğu dairələr, fərdlər pulu ilə dəyərlərə söykənən ölkələrin liderlərinə əlini öpdürür, siyasi seçimlərinə belə təsir edirdilər. Dəyərlər üzərində sistem qurmuş ölkələrin pulun və iqtisadiyyatın təsiri ilə dağılmaq ehtimalları çox böyük idi.

Bu gün dünyada iqtisadiyyatın siyasi idarəetmə üzərindəki ağalığına qarşı savaş başlayıb. Çünki dəyərlər deyil, pul əsas rol oynayanda avtoritar və totalitar quruluşların sayı artaraq, dünya düzənində yeri və mövqeyi olan ölkələri də təhdid edir.

Neftin təbii ağalığı dövrü durdurulur. İqtisadiyyatını yalnız bu amil üzərində quran ölkə ciddi şəkildə düşünməli və siyasətini gələcəyə yönəlik formalaşdırmalı idi. Heç baş verməmiş hadisə də deyildi ki, nəticə çıxarmaq çətin olsun. SSRİ-nin son illərində neft dünya bazarında az qala 2 dəfə dəyərini itirdi və nəhəng imperiya çökdü.

Nədən İran və Rusiya ətrafında cərəyan edən hadisələr hakimiyyət nümayəndələri tərəfindən gözardına alındı? Heç kim inanmaq istəmədi ki, Rusiyanı da təbii yollarla gücdən və liderlikdən salmaq olar?! Əslində ölkə daxilində siyasi böhranın əsas səbəblərindən biri məhz daxildə Rusiya meylli qüvvələrin çox olması və ölkənin həmin istiqamətdə kurs götürmələrində maraqlı olmaları idi.

Siyasi müxalifətin əsas istiqaməti Qərb, hakimiyyətdaxili qrupların böyük əksəriyyətinin baxış bucağı isə Rusiyaya yönəlmişdir. Daxildə döyüşən bu baxışlar nəhayətdə administrativ və maliyyə gücü olan iqtidarın əsas qruplarının siyasi kursunun qismən qələbəsi ilə başa çatmış kimi görünür. KİV-lər antiqərb təbliğatı aparır, onlardan düşmən obrazı yaradır, Rusiya əleyhinə isə bircə kəlmə eşidilmir. 20 yanvarı hüzn günü kimi qeyd edən xalqa Rusiya əleyhinə bir söz belə deyilmir, faciə fərdiləşdirilir, Qorbaçov, Yazov, Bakatin və s düşmən kimi təqdim olunur. Paradoksa baxın. Kristofer Smit və Helsinki Komissiyası qanun layihəsi hazırlayır, ABŞ düşmən elan edilir, Almaniyanın bir nəşri iqtidar əlehinə yazır, Almaniya bütövlükdə suçlu çıxarılır, Rusiyanın düşmən olduğu göz önündə olarkən hamı susur.

26 fevralda dünyada Xocalı Soyqırımının tanınması üçün kampaniya aparılır amma bunun Rusiyanın 366-cı alayının birbaşa iştirakı və siyasi hakimiyyətinin verdiyi qərarla törədildiyinin üstündən sükutla keçirilir. Bu təkcə Rusiyanın caynağının uzun olması ilə əlaqəli məsələ deyil, hakimiyyətdə Rusiya yançılarının çox olmasının götəricisidir.  Əgər müxalifət və hakimiyyət xarici siyasətdə eyni istiqamətə baxmış olsaydılar, gözlənilən siyasi kataklizmlərdən yayınmaq daha asan olardı. Hakimiyyət strateji olaraq Avropa coğrafiyasında olduğunu bilsə də, daxildə Rusiyameylli qruplar cari siyasətin konturlarını təəssüf ki, fərqli cızmağa çalışırlar. Parlament seçkiləri, siyasi partiyalara münasibət və s məhz bunun bariz nümunəsidir.

Alternativlik heç bir seçkili orqanlarda demək olar ki, yoxdur. Bələdiyyə və parlament seçkilərinin nəticələri, müxalifətin bu seçkili orqanlarda olmadığını nümayiş etdirdi.

Xalqla iqtidar arasında siyasi bağlılıq olduqca zəif və etimadsızlığa söykənən haldadır.

Çoxlu sayda siyasi məhbus, siyasi sifarişli məhkəmə qərarlarından əziyyət çəkən insanlar var.

Ən başlıcası, siyasiləşməkdən qorxudulan böyük bir cəmiyyət var. Və bu cəmiyyət öz problemlərini belə açıq danışmaqdan əziyyət çəkir. Rəsmi qəbullar, şikayətlərə baxılma qaydaları yalnız statistika və görüntü naminə edilir.

Bir sözlə, hakimiyətlə xalq arasında siyasi etimadsızlıq və inamsızlıq hökm sürür.

Müxalifət isə zəiflədiyi üçün ictimai rəyə təsir edə bilmir, böhranın daha da dərinləşməsinin və təbii axara uyğun proseslərin olacağına ümid edir. Verdiyi təkliflər isə hakimiyyət tərəfindən eşidilmir.

Daxili siyasət üç amil üzərində formalaşdırılır:   

  1. Dövlət marağı
  2. Cəmiyyət marağı                                             
  3. İqtidar marağı     

İqtidar mənsubları iqtisadiyyatın güclü olduğu dönəmlərdə dövlət və iqtidar maraqlarını ciddi cəhdlə qoruduğu görüntüsü yaratmaqla yanaşı, sanki cəmiyyət maraqlarına da cavab verməyə çalışırdı.  Lakin bu gün cəmiyətin maraqları tamamilə qorunmur, dövlət maraqları ciddi təhlükə ilə üzləşib, bəzi hallarda isə hətta iqtidar maraqlarının da zədələndiyi müşahidə olunur. Demək, daxili siyasətdəki piramida uçmaq təhlükəsi ilə üz-üzə qalıb. Ölkə daxilindəki vəziyyət xarici siyasətə də yansıyıb. Dünyadakı baş verən hadisələrdən dolayı uzun müddət güzəştli və səbrli mövqe sərgiləyən tərəflər indi daha aydın xətt tərəfdarı kimi çıxış edir, o cümlədən, Azərbaycana da öz yerini seçmək təklifi verirlər. Bu təkliflər isə heç də həmişə nəzakətli və yumşaq şəkildə edilmir. Çünki Azərbaycan iqtidarının tavırları və ritorikası da arzuolunan səviyyədə deyil.

Əvvəlcə onu qeyd edim ki, Azərbaycan iqtidarı siyasi coğrafiya etibarı ilə Avropanın – Qərbin yanındadır, bunu Azərbaycan da bilir, elə qərbin özü də. Lakin Rusiya və İran faktorunun bölgəyə təsiri Azərbaycan iqtidarı tərəfindən həmişə bir üstünlük kimi istifadə olunub. Qərb ölkələri və beynəlxalq təşkilatlar da bunun üzərindən sükutla keçiblər. Ara-sıra eşidilən bəyanatlar da bağlı qapılar arxasında aparılan danışıqlar da hakimiyyətin söylədiyi arqumentlərə (İran-Rusiya) görə bəzən eşidilməz olub. Lakin Rusiya və İranla qərb dairələrinin yeni siyasi kursu vəziyyəti mürəkkəbləşdirib. İranla Qərbin ümumi dil tapmasından sonra güman edilən budur ki, İran regionda strateji olaraq Qərbin planlarına qarşı çıxılmayacaq, mövqelər bəyanatdan o yana keçməyəcək. Əslində indi İran əvvəlki kimi təhlükəli deyil, daha çox idarəolunandır. Rusiya isə əksinə, region üçün təhlükəlilik dərəcəsi artmış kimi görünür. Qərb dairələri də uzun müddət Azərbaycana edilə biləcək təzyiqlərdən dolayı Rusiyanın yanında yer ala bilmə ehtimalına ciddi üstünlük verirdilər. Lakin bu gün bu ehtimallar olduqca azdır. İlk növbədə Türkiyə-Rusiya qarşıdurması Azərbaycana seçim etməkdə çətinlik yaradacaq.

Hesablamalar göstərir ki, Rusiyaya yaxınlaşma prosesi baş verərsə, Rusiya Azərbaycandan Türkiyəyə qarşı addımlar tələb edəcək, bu isə indiki dönəmdə bir neçə məqama görə mümkünsüz görünür.

Azərbaycan iqtidarının qərblə münasibətlərini pisləşdirib Rusiyanın yanında yer alması  siyasi, iqtisadi, mənəvi problemlər yaradacaq, bu problemlərin qarşısında duruş gətirmək elə də asan olmayacaq.

Qərb dairələri də bunu bilir və ona görə də Türkiyə-Rusiya münasibətləri kəskinləşəndən sonra Azərbaycana təzyiqlər daha da artırılıb. Digər tərəfdən Rusiyanın özünün də vəziyyətinin də ürəkaçan olmadığını Azərbaycan hakimiyyəti çox gözəl anlayır.

Qərb ekspertləri həm də düzgün olaraq belə qənaətə gəliblər ki, Azərbaycan hakimiyyətinin ritorikasındakı sərtlik bir neçə il əvvəlki dönəmlə eyni ola bilməz. Bir neçə il əvvəl daxildə ciddi imkanlara malik olan Azərbaycan iqtidarı çıxılmaz duruma düşüb –  maliyyə-bank sektoru çöküb, neftin büdcə qiyməti ilə bazar qiymət arasındakı real fərq az qala yarıbayarıdır, 1992-ci ildən bəri ilk dəfə Azərbaycan büdcəsi əhəmiyyətli dərəcədə  azalıb, Neft Fondunun pulları sanksiyalar tətbiq olunarsa, elə də fayda verməyəcək. Yaşayış səviyyəsi isə gündən-günə pisləşir. Demək, Azərbaycan iqtidarı ölkə daxilində də bir neçə il bundan əvvəlki mövqeyini obyektiv və subyektiv səbəblərdən itirib.

Bu Azərbaycan üçün yeni dönəmdir:

Xarici siyasət də əslində 3 faktorun üzərində bərqərar olur;

  1. Dövlət maraqları;
  2. Yaxın qonşu və müttəfiqlərin maraqları;
  3. İri dövlətlərin və beynəlxalq təşkilatların maraqları;

Təəssüflə qeyd edim ki, artıq bu maraqlar piramidası da laxlayıb –  nə dövlət maraqları qoruna bilmir, yaxın qonşuların istəkləri və dünyadakı yeri ilə bizim maraqlar üst-üstə düşmür, beynəlxalq təşkilatlar və iri dövlətlər də bizdən istədiklərini ala bilmirlər və ya biz onların dəyərlər kimi formalaşdırdığı prinsiplərlə yaşamaq istəmirik. (biz ona görə deyirəm ki, Azərbaycanı hamımızın bilirəm, idarəedən və səhvləri olan iqtidar olsa da).

Fərqi yoxdur ki, bizdən neft istəyirlər ya insan haqlarının qorunmasını, yoxsa yanlarında yer almağımızı, yoxsa demokratik seçkimi, haqsız bildiyimiz mövqelərinə dəstəkmi, yoxsa korrusiyasız, şəffaf cəmiyyətmi? Əsas olan odur ki, bizdən istədikləri var və biz bu istəyin qarşısında mütləq nəsə verməliyik.

Yeri gəlmişkən, mənə və rəhbərlik etdiyim partiyaya gəldikdə isə biz onların istəkləri ədalətli və yerində hesab edirik. İstəkləri yerinə yetirilməyəcəksə, problemlər qaçılmaz olacaq. Biz problemlərdən qaçmağı bacarmalıyıq.

SSRİ problemlərdən qaça bilmədi – dağıldı, Yuqoslaviya, daha sonra Serbiya qaçmaq istəmədi –  parçalandı, bombalandı, Səddam Hüseyn çağırışları qulaqardına vurdu, ölkəsi xarabazara çevrildi, Venesuela eşitmək istəmirdi, tarixində ilk dəfədir parlament çoxluğu müxalifətdən formalaşıb, Qəddafi, Bin Əli, Hüsnü Mübarək, Yanukoviç, Bəşər Əsəd və s. Kimi dövlət başçıları və dövlətlər hələ də problem yaşayır. Daha kimləri sadalayaq ki, inandırıcı olsun??!! Biz onları eşitməliyik.

Əslində tək səbəbə görə – ölkəmizin taleyindən söhbət gedir. Həm də bu bizim getmək istədiyinmiz gerçək yol olmalıdır.

Əgər ABŞ-da sanksiyalar işə düşəcəksə, Avropa ölkələri də bu sırada yer alacaq. Daxili və xarici gərginlik ölkədaxili mühiti olduqca gərginləşdirəcək.

Siyasi problemin mahiyyəti sonda qısaca olaraq belə xarakterizə edək:

İlk dəfədir ölkə daxili qüvvələrlə xarici qüvvələrin demokratikləşmə, siyası məhbus və hakimiyyətə münasibətdə  baxışları tam üst-üstə düşür və bu problemin böyüklüyündən xəbər verir.

  1. İqtisadi problemin mahiyyəti

Yuxarıda qeyd etdim ki, ölkə iqtisadiyyatı tam şəkildə neft sektorunun üzərində qurulub və tək sektorlu iqtisadi model üstünlük təşkil edir. Uzun illər ərzində iqtisadiyyatın şaxələndirilməsi istiqamətində ciddi addımlar atılmayıb.

Büdcənin az qala 85% bilavasitə neftdən gələn gəlirlər hesabına formalaşdırılıb. İxrac potensialı neftdən asılı olmaqla 95% təşkil edib.

Büdcə vəsaitləri səmərəsiz xərclənib, izafi xərclər və effektsiz idarəetmə metodları seçilib.

Büdcə vəsaitlərinin 35%-ə qədəri investisiya xərclərinə yönəldilib ki, bu da həm korrupsiya mənbəyinə çevrilib, həm də büdcənin vergi yükünün böyük hissəsi bu vəsaitlərdən formalaşdırılıb.

8 milyarda qədər investisiya xərcinin 18%-i əlavə dəyər vergisi kimi büdcəyə cəlb edilib ki, bu da təxminən 1,5mld-a bərabərdir. Bundan əlavə investisiya ayrılan sahələrdə 911 min adam çalışıb ki, bunların da maaşların təxminən 25%-I social fonda, 14%-ə qədəri isə vergi şəklində büdcəyə  qaytarılıb. Bunlar da 150 mln. manata qədər vəsait edir.

Həmçinin, ümumi investisiya xərclərinin 6%-ə qədəri müəssisələrin ödədiyi mənfəət vergisi kimi büdcəyə cəlb olunub. Bu da 500 mln.-a yaxın vəsait edir. Faktiki olaraq, heç bir əlavə ödəmə mənbəyi əldə etmədən neft fondundan büdcəyə transfert  olunan vəsaitlərdən yenidən büdcəyə 2 mld. 200 mln-a yaxın vəsait daxil olurdu ki, bu da vergi toplamalarında az qala 50% təşkil edirdi. Yeri gəlmişkən, qeyd edim ki, bu gün investisiya xərcləri 3 dəfəyə qədər azaldılıb ki, bunun da rəqəmlərlə müqayisədə nə demək olduğunu açıq şəkildə görürük.

Neftin qiymətinin dünya bazarında kəskin düşməsi ölkəni ciddi iqtisadi fəlakətlə üz-üzə qoyub. Nəhayətdə investisiya şəklində infrastruktura qoyulan xərclərin azalması iş yerlərinin kəskin azalması, həyat şəraitinin aşağı düşməsi, narazı vətəndaşların sayının artması ilə müşahidə olunur. Bu il ən azı 600 minə yaxın insan öz iş yerini itirəcək ki, bu da ən azı 1,5mln. əhalinin həyat şəraitini pisləşdirəcək.

1,3 mln. təqaüdçünü də nəzərə alsaq və manatın kəskin devalvasiyası, qiymətlərin isə durmadan yüksəlməsi bu kateqoriyadan olan insanların aldığı təqaüdü də qəpik quruşa çevirəcək.

Bundan əlavə, 180 minə yaxın müəllim kontingentinin, 100 minə yaxın tibb personalının da maaşının cüzi olduğu cəmiyyətdə həyat şəraiti pisləşən insanların sayının təxminən 3 mln.-a yaxın olduğunu görərik.

Büdcə təşkilatlarında çalışan və maaşından əlavə “paket” qismində əlavə yardımlar alan insanların da, bu “yardımlardan” məhrum olacağı şəksizdir.

Özəl sektorda vəziyyət daha acınacaqlıdır. Manatın sürətlə dəyərdən düşməsi ya özəl sektoru müflis edəcək, ya da hər kəs ona məxsus kontoru bağlayaraq fəaliyyətini donduracaq, əlində olan vəsaiti dollara çevirərək saxlayacaq.

Nəticədə idxal –ixrac sistemi dağılacaq, yerli istehsal dayanacaq, çoxsaylı insan işsiz qalacaq, manatın dəyərdən düşməsi sürətlənəcək .

Korrupsiya və rüşvətxorluq artacaq, cinayətlərin sayı çoxalacaq, sabitlik ciddi zədə alacaq.

Siyasi və iqtisadi böhran uzun illərdən bəri ilk dəfədir ki, paralel addımlayır. 1992 – 93-cü illərin siyasi və iqtisadi böhranı, 1994-95-ci illərdə də davam etməsinə baxmayaraq 2003-cü ilə qədər iqtisadi çətinliklər olsa da, siyasi böhran müşahidə olunmurdu. Yalnız 2003-cü ildə müşahidə olunan keçici siyasi böhran da iqtisadiyyatın güclü inkişafı ( oxu: neftin dünya bazarına çıxarılması və qiymətinin artması) fonunda görünməz oldu.

2015-ci ilin siyasi böhranı yay aylarından sonra iqtisadi böhranla birləşib. Artıq 2016-cı ildə siyasi və iqtisadi böhranla üz-üzəyik.

Xarici və daxili siyasətdəki böhranı gücləndirən başlıca amil məhz sosial-iqtisadi çətinliklərdir.

Siyasətə qarışmayan xalq müxalifətə sual ünvanlayır: Niyə  susursunuz?

“Mən bunu eşitmirəm” deyən iqtidar mənsubları ola bilər. Lakin eşitəməyənlərə görə bu mövqedən çıxış edirik ki, problemlərlə üz-üzə qalmayaq. Bu ölkə hamımızındır ­­ – pisi də, yaxşısı da. Bir-birimizi bəyənməyə bilərik, əleyhimizə danışa bilərik, lakin heç birimiz bu vətəndən keçməməliyik, müstəqilliyimizdən, barış və sabitliyimizə zərər gəlməsinə imkan verməməliyik. Bu bizim vətənimizdir.

ÇIXIŞ YOLU NƏDİR?!

Proseslərə diqqət edərkən müşahidə edilən odur ki, iqtidar mənsubları dərin böhran keçirən iqtisadiyyatı, xüsusilə maliyyə – bank siyasətini hər necə olsa da dəyişməyə cəhd edirlər. Əslində, heç vaxt, heç kim böhran yaşayan, iqtisadiyyatı iqtisadi vasitələrlə xilas edə bilməyib. Kim buna cəhd edibsə, böhranı daha da dərinləşdirib.  Batan iqtisadiyyatı həmişə siyasət, siyasəti isə iqtisadiyyat xilas edib. Çox təəssüf ki, dəfələrlə sınaqdan çıxmış bu metodu görməməzlikdən gələn iqtidar mənsubları bataqlığa düşmüş iqtisadiyyatı qurtarmağa çalışarkən daha ciddi fəsadlara yol açırlar.

Həm siyasət, həm də iqtisadiyyat böhran içindədir. Hansını daha tez xilas etmək olar?

Əgər iqtisadiyyatın xilası yalnız bizdən asılı deyilsə, demək fərqli yerdən  başlamalıyıq. ( Neftin dünya bazarında qiymətdən düşməsi, iqtisadiyyatımızın neftdən asılılığı, buna görə işsizlik və s. problemlərin yaranması, pulun dəyərdən düşməsi və s. demək ki, bu sahədə əsaslı dönüş yaratmaq o qədər də asan deyil, əksinə atılan addımlar yeni fəsadlar yaradacaq).

Demək, ilk vəzifə olaraq siyasi böhranla iqtisadi böhranın birləşməsinin qarşısı alınmalıdır. Bu problemlər birləşməzsə çətin də olsa vəziyyətdən çıxış imkanları mümkündür. Təəssüf ki, hakimiyyət nümayəndələri uzun illər siyasi böhranla iqtisadi böhran birləşməsin deyə siyasi böhran yarada bilənləri – ictimai-siyasi fəalları  həbs və ya təcridetmə siyasətinə üstünlük verib. Uzun illər bu siyasət iqtidar üçün bəlkə effektiv olubsa da bu gün artıq ən böyük problemlərdən biri də budur. Çünki, qərb dairələrinin təzyiq vasitələrinin əsas faktoru bu hesab olunur.

Hakimiyyət nümayəndələri qəbul etməlidir ki, siyasi və iqtisadi böhranın birliyi kimi, xarici və daxili istəklər də ilk dəfədir bu qədər eynilik təşkil edir.

  1. Siyasi və iqtisadi böhranın birləşməsinə  imkan verilməməli:

Bunun  üçün:

– Qərb dairələri ilə danışıqlar apara bilən etimad qrupu yaradılmalı;

– Siyasi məhbuslar azad edilməli;

– Sifarişli məhkəmə qərarlarına yenidən baxılmalı;

–Müxalifətlə ardıcıl, stabil və predmetli dialoqa başlanılmalı;

– İctimai institutlarda müxalifətin təmsilçiliyinə şərait yaradılmalı;

–(Əfv, korrupsiyaya qarşı mübarizə, pentension xidmət və gömrük şuraları;)

– QHT-lərin fəaliyyətinə əngəllərə son qoyulmalı;

2.  Dağınıq və çox şaxəli idarəçilikdən mərkəzləşdirilmiş  və effektli hökumət modelinə keçilməlidir. Bunun üçün:

  1.  Bir sıra nazirliklər birləşdirilməli, 20 nazirlik əvəzinə, aşağıdakı 15 nazirlik yaradılmalıdır:

-Təhsil, mədəniyyət, gənclər və idman nazirliyi:

-Səhiyyə Nazirliyi:

-İqtisadiyyat və Sənaye  nazirliyi:

-Fövqəladə hallar nazirliyi:

-Kənd təsərrüfatı nazirliyi:

-Daxili İşlər nazirliyi:

-Energetika və Təbii Sərvətlər nazirliyi:

-Mili Təhlükəsizlik Nazirliyi:

-Müdafiə nazirliyi:

-Xarici İşlər Nazirliyi:

-Maliyyə Nazirliyi:

-Nəqliyyat Nazirliyi:

-Xidmət Nazirliyi:

-Vergilər Nazirliyi:

-Ədliyyə Nazirliyi:

B) Komitə və səhmdar cəmiyyətlər, baş nazirliyin və ya müvafiq nazirliklərin tərkibində birləşdirilməli.

C) Komitə, nazirlik və səhmdar cəmiyyətlərin yerli və regional təşkilatlarının saxlanılma zərurətinə yenidən baxılmalı;

3) Siyasi hakimiyyət və məmurluq oliqarxiya sistemindən azad olunmalı;

Bunun üçün;

-Maliyyə  amnistiyası haqqında qıssa zamanda qanun qəbul edilməli;

-Qanunun qəbulundan sonra gəlir deklarasiyası tətbiq edilməli;

-Biznes şəbəkəsi ilə bu və ya digər şəkildə bağlı olan şəxslərin məmur kimi fəaliyyətinə  son  qoyulmalı, onların vəzifə tutmasına imkan verilməməli;

-qanunverici orqanda icra strukturlarının nümayəndələrinin təmsilçilik məsələsi konstitusiyaya uyğun tənzimlənməli;

4) Korrupsiya  və Rüşvətxorluqla mübarizədə yeni sistem müəyyən edilməli;

Bunun üçün;

-Tender və qiymətləndirmə  komissiyaları yaradılmalı, onların fəaliyyətində aşkarlıq və şəffaflıq təmin edilməli;

-İctimai institut kimi fəaliyyət göstərən “Korrupsiyaya qarşı mübarizə” şurası fəaliyyət göstərməli, cəmiyyətim müxtəlif təbəqələri, ictimai və siyasi institutlar  bu proseslərə cəlb edilməli ;

-Rüşvətxorluğun mövcud olduğu sahələrin xüsusi bölgüsü aparılmalı, bu sahədə çalışaraq məcburiyyətdən rüşvət alanların maaşı orta aylıq əmək haqqının üç misli qədər artırılmalı:

-Gömrük və vergi xidmətlərində ictimai nəzarət şuraları yaradılmalı;

5)  İqtisadi böhranla mübarizə və böhrandan çıxış proqramı qəbul edilməli;

Bunun üçün;

-Ölkə iqtisadiyyatının neftdən kənar sahələrinin inkişaf proqramı işlənilməli;

  • Tikinti sektorunun inkişafını təmin etmək üçün bütün maneələr aradan qaldırılmalı,( nəzərə alınmalıdır ki, yeganə sektor olaraq xammal bazasını 85%-ə qədəri ölkə daxilindədir.)
  •  Kənd təsərrüfatı məhsullarının  ölkədə yetişdirilərək  xaricə ixracına görə 18% ƏDV-nin sahibkara ödənilməsinə şərait yaratmaqla bu sektorun inkişafını təmin etməli;
  • Xidmət sahələrinin Rəqabət mühitində  inkişaf etdirilməsi üçün bütün maneələr aradan qaldırılmalı; (rabitə şirkətlərinin gəlişi, diller şirkətlərinin fəaliyyətləri, nəqliyyat, yükdaşıma  sahəsində  inhisarçılığın aradan qaldırılması.)
  • Maliyyə-kredit siyasətində  dövlətin süni qiymət qoyma  və tənzimləmə siyasəti dəyişməli, maaşlar   indeksləşməli,  üzən manat siyasəti ilə yanaşı, üzən qiymət siyasətinə üstünlük verməli;
  • Şəffaf və sərt gömrük siyasətinə keçilməli, dövlətin və sahibkarın mənafeyi qorunmalı; Bunun üçün;
  • İdxal olunan mallara süni qiymət qoyma siyasəti olmamalı;
  • Saxta invoyslarla  qiymətlər aşağı yazılmamalı;
  • Qiymətlərin tənzimlənməsi beynəlxalq birjalara və mövcud bazar (alındığı ölkədə) qiymətlərinə uyğun  müəyyən edilməli;
  • Neft və neft məhsullarının satışı  sərbəstləşdirilməli, birjalar vasitəsi ilə həyata keçirilməli, sahibkarların bu prosesdə  iştirakına sərbəst şərait yaradılmalı;
  • Krediti olan vətəndaşların faiz dərəcəsi artırılmadan kreditlərin ödəmə müddəti  iki dəfəyə qədər uzadılmalı və müqavilə bağlanılan andakı mövcud kurs ( dollar kursu) əsas götürülməli, bankların fəaliyyəti  üçün onlara dəyən ziyanı dövlət öz üzərinə götürməli;

Bu Ümid Partiyasının Antiböhran  Proqramı  çərçivəsində hökumətə etdiyi təkliflərdir.

Təbii ki, digər təkliflərimiz də var ki, biz bunların  antiböhran proqramı çərçivəsində deyil, ümumilikdə hökumətin fəaliyyətinin prioriteti hesab edirik.

İnanmaq istərdik ki, iqtidar mənsubları  da vəziyyətin ciddiliyinə rəğmən  verdiyimiz təklifləri dəyərləndirəcək.

Biz istənilən halda təkliflərimizlə yanaşı, bu proqramın gerçəkləşməsi və ya ölkənin böhran və problemlərlə üz-üzə  qalmaması üçün  hakimiyyətlə birgə məsuliyyəti bölməyə,çıxış yollarını aramağa,icra etməyə hazırıq.

Biz bu ölkənin vətəndaşlarının sabitlik, əmin-amanlıq, sosial və siyasi güvən içərisində, ən nəhayət də demokratik   ölkədə yaşaması üçün heç nəyi əsirgəməyən siyasi qüvvəyik.

Təki Azərbaycan yaşasın, insanlarımızın üzü gülsün!

P.S. Bu Antiböhran Proqramı Ümid Partiyası tərəfindən irəli sürülüb və proqram ətrafında digər siyasi qüvvələrlə müzakirə edilərək təkmil formaya gətirilməsinə hazırıq.

Həmçinin oxuyun

Daha 109 şəhidin 185 vərəsəsinə birdəfəlik ödəmə verilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən şəhid hərbi qulluqçuların və şəhid polis əməkdaşlarının vərəsələrinin …

Bir cavab yazın