Azinforum.az xəbər verir ki, millət vəkili “Azərbaycan qəzeti”ndə məqalə ilə çıxış edərək etirazlara münasibət bildirib. O, diskussiya mədəniyyətinə əməl olunmadığını, məsələnin mahiyyətinə varmayan bir sıra insanların sosial şəbəkələrdə ünvanına təhqiramiz fikirlər ifadə etdiyini qeyd edib:

rəsmi mətbuatda dərc olunan məqaləsində bildirib ki, onun bu fikri ilə bağlı müzakirələrdə diskussiya mədəniyyətinə əməl edilmir:

“Son vaxtlar mənim Rusiyanın KM.ru internet saytına verdiyim müsahibə ilə əlaqədar mətbuatda və cəmiyyətdə geniş diskussiya aparılır. Çıxış edənlər arasında müxtəlif mövqedə olan deputat həmkarlarım da var. Bunu müsbət hal kimi qiymətləndirirəm. Eyni zamanda, təəssüflə bildirirəm ki, bəzən diskussiya mədəniyyətinə əməl edilmir.

Düzdür, mövqeyini etik qaydada bildirən çıxışlar və məqalələr də var. Məsələnin mahiyyəti ilə əlaqədar çıxış edənlərin mövqeyindən asılı olmayaraq, hamısına hörmətlə yanaşıram. Ancaq bu məsələ barədə gəldiyim ilk nəticə ondan ibarətdir ki, diskussiyaya qoşulanlar arasında yanlış mövqedə olanlar da az deyil.

Burada 90-cı illərin əvvəllindəki vəziyyət yadıma düşdü. O vaxt Azərbaycan Respublikası Ali Sovetinin iclasındakı çıxışımdan sonra hazırda yüksək vəzifə tutan bir şəxs mənə yaxınlaşıb dedi ki, yaxşı çıxış etdin, lakin bu kəlmələri də desəydin əla olardı. Mənim ona cavabım belə oldu ki, sən də mənim kimi deputatsan, bax, bu kəlmələri də sən de! Söhbət mənim müdafiə edilməyimdən getmir. Haqsız və böhtan xarakterli təzyiqlərə məndə 90-cı illərin əvvəlindən immunitet yaranıb. Söhbət cəmiyyətin yüksək təbəqəsində təmsil olunan insanların laqeydliyindən gedir. Biz bunun şahidiyik ki, bu gün müxtəlif sosial şəbəkələrdə Azərbaycanın nüfuzuna xələl gətirən uydurma və böhtan xarakterli məlumatlar dərc olunur. İxtiyarımızda müasir informasiya vasitələrinin olmasına baxmayaraq, qeyd etdiyim laqeyd münasibət bu məsələdə də özünü büruzə verir.

İndi məsələnin haradan qaynaqlandığını diqqətinizə çatdırmaq istərdim. Bu il fevral ayının 24-də Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında diplomatik əlaqələrin yaranmasının 25 illiyi ilə bağlı bir yığıncaq keçirilmişdi. Yığıncaqda Rusiya və Azərbaycan tərəfindən olan deputatlar, ictimai xadimlər və ekspertlər iştirak edirdilər.

Müşavirəni biz və Rusiya tərəfdən açanlar qeyd etdilər ki, Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında yüksək dostluq və strateji əlaqələr yaradılıb. Azərbaycanda rus dilinə və mədəniyyətinə olan maraq səngimir. Xalqlarımız arasında möhkəm dostluq əlaqələri mövcuddur. Mən ilk çıxış edərək çalışdım ki, bu müzakirəyə istiqamət verəm və mənə elə gəlir ki, buna nail ola bildim.

Çıxışımda qeyd etdim ki, həqiqətən, Rusiya ilə Azərbaycan arasında möhkəm əlaqələr yaranıb. Bu əlaqələr həm prezidentlər, həm parlamentlər və həm də ictimaiyyət arasında mövcuddur. Azərbaycanda rus dilinə hörmətlə yanaşılır. Rus dili vasitəsilə biz Avropanın və digər inkişaf etmiş ölkələrin mədəniyyətini və elmini mənimsəmişik. Eyni zamanda dedim ki, Azərbaycanla Rusiyanın münasibəti sanki iki qatdan ibarətdir. Biz danışdığımız məsələlərin hamısı birinci qata aiddir və bu barədə saatlarla danışmaq olar. Lakin mən istəyirəm diqqətinizi cəmiyyəti və məni narahat edən, ancaq müzakirə olunmayan ikinci qatdakı məsələlərə cəlb edəm.

Rusiyalı həmkarlarıma müraciət edərək dedim ki, xahiş edirəm mənə izah edin. Nəyə görə Rusiya Federasiyasının Dövlət Duması qondarma “erməni soyqırımı”nı tanıyır, ancaq yaxın tarixdə törədilən Xocalı soyqırımı haqda bir kəlmə də demir? Nə üçün Azərbaycanın qanunlarını pozan Lapşin adında bir nəfərin azad olunması ilə əlaqədar Rusiya Xarici İşlər Nazirliyi təşəbbüsdədir, ancaq Azərbaycan torpaqlarını və dədə-baba qəbirlərini ziyarət edən və Rusiya vətəndaşı, Ermənistan tərəfindən məhkum olunmuş azərbaycanlı Dilqəm Əsgərovu müdafiə etmir? Nəyə görə Rusiya bünövrəsi hələ çar Rusiyası tərəfindən qoyulmuş və hətta Sovet dövründə də Azərbaycan torpaqlarında erməni dövlətinin yaradılması siyasətindən bu gün də əl çəkmir?
Düşünürəm ki, həmin müzakirələrə bizə lazım olan istiqaməti verməyə nail oldum.
İclas zalından çıxanda Rusiyanın KM.ru internet saytından olan bir müxbir mənə yanaşdı və bir neçə sual verdi. Sualın biri belə idi ki, Rusiyada deyirlər, siz türksünüz. Bu belədirmi? Mənim cavabım belə oldu ki, bizim kökümüz türkdü, ancaq biz azərbaycanlıyıq.

Məqaləni oxumayan və məsələnin mahiyyətinə varmayan bir sıra insanlar sosial şəbəkələrdə, hətta televiziya kanalında məsələ qoydular ki, mən xalqdan üzr istəməliyəm, hətta məsələyə məhkəmədə baxılmasını bildirdilər. Ünvanıma təhqiramiz fikirlər də ifadə etdilər. Bu çıxışların çoxunu o insanlarda müsahibəm barədə düzgün məlumatın olmaması ilə izah edirəm. Ancaq bu mövzu ilə, sözün əsl mənasında, qidalanan insanlar da özlərini göstərdi.

Mənə deyirlər ki, əslimiz türkdürsə, demək özümüz də türkük. Çalışacam ki, bu məsələni çox sadə və anlaşıqlı bir formada izah edim. Tutalım ki, bir ailədə iki oğlan uşağı yetişir. Valideynlər eyni, tərbiyələri və yaşayış tərzləri də eynidir. Bununla belə, birinin adı Əlidir, o birinin adı Məhəmməddir. Hərəsi bir yol seçməklə, biri zirvəyə qalxır, o biri lazımi səviyyədə inkişaf edə bilmir.

Türk dünyasına mənsub bir çox millətlər var. Çindəki uyğurlardan başlayaraq, qazax, özbək, qırğız, türkmən, azərbaycanlı, türk və s. türkdilli xalqlarla bu siyahını davam etdirmək olar. Ancaq bunların hamısının kökü bir olsa da, müxtəlif əhatədə və şəraitdə formalaşmışlar. Hətta az saylı və xristian dininə aid olan Moldovada yaşayan türkdilli qaqauzlar da özlərində cəsarət tapıb adlarını düz deyirlər. Lakin bizim özlərini mütəxəssis hesab edən və yüksək elmi dərəcəyə sahib olmuş bəzi insanlarımız bu reallığı qəbul etmək istəmirlər.

Azərbaycan xalqı türk kökünə məxsus olmaqla digər türkdilli xalqlardan fərqlənir. Formalaşdığı ictimai-siyasi mühitə, əhatə etdiyi ərazinin regional xüsusiyyətlərinə, adət-ənənələrinə, mədəni-intellektual səviyyəsinə görə Azərbaycan o ölkədir ki, tək türk yox, bütün müsəlman dünyasında ilk demokratik cümhuriyyət yaradıb. Azərbaycanın teatr sənəti, musiqisi, ədəbiyyatı bütün türk dünyası üçün örnək olub. İndinin özündə də Azərbaycan müsəlman ölkəsi olaraq Qərblə Şərqi qovuşduran bir mərkəz kimi qəbul edilir. Azərbaycanda ilk Avropa İdman Oyunları keçirilib, bu il isə İslam Həmrəyliyi Oyunları keçirəcəkdir.

Bizim bir xalq kimi özümüzlə öyünməyə bütün əsaslarımız var və bu bizim Konstitusiyamızda, gerbimizdə və himnimizdə də təsbit olunmuşdur.
Mən Azərbaycan deyəndə ulu öndər Heydər Əliyev tərəfindən əsası qoyulan və hazırda möhtərəm Prezident İlham Əliyevin ləyaqətlə həyata keçirdiyi azərbaycançılıq ideyasını nəzərdə tuturam. Bizim nə pasportumuzda, nə də şəxsiyyət vəsiqəmizdə milliyyətimiz yazılmayıb. Bu, Azərbaycanın ixtirası deyil, dünyada olan qaydalara uyğunluqdur.

Biz türk soylu xalqların hamısına və Türkiyəyə çox böyük hörmətlə yanaşırıq. Bu hörməti ulu öndər Heydər Əliyev “Biz bir millət, iki dövlətik” sözləri ilə ifadə etmişdir. Bununla belə, Heydər Əliyev demişdir: “Hər bir insan üçün milli mənsubiyyəti onun qürur mənbəyidir. Həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam. Müstəqil Azərbaycan dövlətinin əsas ideyası – azərbaycançılıqdır. Hər bir azərbaycanlı öz milli mənsubiyyətinə görə qürur hissi keçirməlidir və biz azərbaycançılığı – Azərbaycan dilini, mədəniyyətini, milli mənəvi dəyərlərini, adət-ənənələrini yaşatmalıyıq.”

Əziz həmvətənlərim, azərbaycanlı olmağınızla fəxr edin! Azərbaycançılıq məfkurəsi həmişə olubdur. Hətta Şah İsmayıl dövründə Azərbaycan dili dövlət dili səviyyəsinə qaldırılmışdı. Lakin ulu öndər Heydər Əliyev bu vacib məsələni daha irəli aparmış, Azərbaycanı və azərbaycançılıq məfkurəsini uca zirvəyə qaldırmışdır. Biz müstəqil, inkişafda olan bir dövlətin vətəndaşlarıyıq. Gəlin bu yüksək adı şərəflə qoruyaq və yaşadaq.”