Çərşənbə axşamı , Aprel 16 2024
Ana səhifə / Sosial / Bu il nə qədər məcburi köçkün sevindiriləcək? – “Qaçqınkom” açıqladı

Bu il nə qədər məcburi köçkün sevindiriləcək? – “Qaçqınkom” açıqladı

Artıq bir neçə ildir ki, Ermənistan silahı qüvvələrinin hərbi təcavüzü nəticəsində öz doğma yurdlarından didərgin düşən soydaşlarımız üçün yaşayış kompleksləri, binalar tikilir. Bu günə qədər ağır şəraitdə yaşayan çoxlu sayda məcburi köçkün ailəsi yeni mənzillərə köçürülüb.

Belə ki, bu günlərdə sayca 98-ci olan məcburi köçkünlər şəhərciyi istifadəyə verilib. Xatırladaq ki, “Qobu Park” adlanan bu yaşayış kompleksinin ümumi sahəsi 6,4 hektardır. Burada 2 bloklu, 9 mərtəbəli, 1026 mənzilli 11 yaşayış binası inşa olunub. Yaşayış kompleksinə üçmərtəbəli məktəb binası və uşaq bağçası da daxildir. Həmçinin burada digər zəruri infrastruktur obyektləri – 350 yerlik mərasim evi, poçt, tibb, polis məntəqələri və mənzil-istismar idarəsi də yaradılıb. Ərazidə 35 min kilovatlıq yarımstansiya inşa edilib, istirahət parkı salınıb, uşaq meydançaları qurulub.

Buradakı mənzillərdən 108-i birotaqlı, 396-sı ikiotaqlı, 360-ı üçotaqlı, 162-si isə dördotaqlıdır. Mənzillərin ümumi sahəsi 73 min kvadratmetrdir. Bütün mənzillər təmir edilib və mətbəx mebeli ilə təchiz olunub. Məlumata görə, hazırda Bakının Nizami, Suraxanı, Xətai, Nərimanov və Səbayel rayonlarında müvəqqəti məskunlaşan ailələrin bu kompleksə köçürülməsi davam etdirilir. Artıq 200-dən çox ailə ərazidəki mənzillərdə məskunlaşıb.

Qeyd edək ki, hazırda paytaxt Bakıda qəzalı binalarda məskunlaşan çoxlu sayda məcburi köçkün ailəsi var. Onların arasında Xocalıdan olan məcburi köçkünlər üstünlük təşkil edir. Bəs həmin məcburi köçkünlər nə zaman sevindiriləcək?

Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi ile ilgili görsel sonucu

Məsələ ilə bağlı Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi ilə əlaqə saxladıq. Qurumun mətbuat xidmətindən “Yeni Müsavat”a bu cür açıqlama verildi: “Hazırda ”Ümid” qəsəbəsində yeni 5 mərtəbəli bina tikilir. Bina 300 mənzildən ibarət olacaq. Həmçinin Kürdəxanıda 9 mərtəbəli 800 ailə üçün bina tikilir. Abşeron rayonu ərazisində isə Sumqayıtda məskunlaşmış məcburi köçkünlər üçün 1000 mənzillik binanın tikintisinə başladılıb. O cümlədən Pirallahı qəsəbəsində yeni 300 mənzillik 9 mərtəbəli binanın inşasına başladılıb. Lökbatan qəsəbəsində “Qobu Park” yaşayış kompleksində 1026 mənzilli bina tikilib. Hazırda həmin yaşayış kompleksinə ailələrin köçürülməsi davam etdirilir”.

Həmçinin oxuyun

DSMF 2 banka 43 milyon manat ödəyəcək

Dövlət Sosial Müdafiə Fondu (DSMF) tərəfindən keçirilən tender müsabiqəsinin qalibləri məlum olub.Yeniavaz.com xəbər verir ki, tender …