Cümə axşamı , Oktyabr 29 2020
Ana səhifə / Sosial / Bu il istehsalatda 26 nəfər ölüb, 88 nəfər yaralanıb

Bu il istehsalatda 26 nəfər ölüb, 88 nəfər yaralanıb

2018-ci ilin 9 ayı ərzində istehsalatla əlaqəli bədbəxt hadisələrin, bu hadisələr nəticəsində ölən və xəsarət alanların sayında azalma qeydə alınıb.

Bunu Azvision.az-ın sorğusuna cavab olaraq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mətbuat xidmətinin rəhbəri Fazil Talıbov deyib.
O bildirib ki, cari ilin yanvar-sentyabr aylarında ötən ilin müvafiq dövrünə nisbətən istehsalatla əlaqəli bədbəxt hadisələrin sayı 4 hadisə azalaraq 109-a, xüsusilə istehsalatla əlaqəli bədbəxt hadisələr nəticəsində ölənlərin sayı iki dəfəyə yaxın azalaraq 26 nəfərə enib. Müxtəlif dərəcəli bədən xəsarəti alanların sayı isə 88 nəfər olub ki, bu da ötən ilin müvafiq dövrünə nisbətən 1 nəfər azdır.

“Aparılan araşdırmalar zamanı istehsalatla bağlı bədbəxt hadisələrin daha çox mədənçıxarma sənayesi (23%), tikinti ( 21%), emal (15,5%) və nəqliyyat (7,3%) sahələrində baş verdiyi müəyyən edilib. Xidmət hər bir istehsalat qəzası ilə bağlı qanunauyğun şəkildə təhqiqatın aparılmasını və nəticəsinə müvafiq tədbirlərin görülməsini təmin edib. İstehsalatda baş vermiş bədbəxt hadisələrin təhqiqatı nəticəsində zərərçəkmiş şəxslərə “İZ” (istehsalat zədəsi) formalı aktın verilməsi təmin olunub”.

F.Talıbov qeyd edib ki, əməyin mühafizəsi tələblərinin pozulmasına görə aidiyyəti işəgötürənlərə isə İnzibati Xətalar Məcəlləsinin müxtəlif maddələri ilə müvafiq məbləğlərdə cərimələr tətbiq edilib. “Eyni zamanda, əməyin mühafizəsi üzrə qanunvericilik aktlarının və qaydaların pozulmasına yol vermiş şəxslər haqqında uyğun tədbirlər görülməsi üçün təhqiqat materiallarının surəti aidiyyəti orqanlara göndərilib”.

Həmçinin oxuyun

42 obyektin koronavirusla bağlı qaydalara əməl etmədiyi aşkarlanıb

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş koronavirusun (COVID-19) profilaktikasına dair …