Cümə , Aprel 19 2024
Ana səhifə / Sosial / Böyük dövlətlərin Rusiya-Türkiyə ziddiyyətlərini qızışdırmaq kursu…

Böyük dövlətlərin Rusiya-Türkiyə ziddiyyətlərini qızışdırmaq kursu…

Əli Əliyev: “Bu da situasiyanın onlar üçün sərfəli olmasından xəbər verir”

“Buna baxmayaraq, Türkiyə də hansısa güclərin əlində alətə çevrilməməyə maksimum dərəcədə çalışmalıdır”

Belarus prezidenti Aleksandr Lukaşenko Rusiya və Türkiyəyə müraciət edib. Prezident xeyirxah addım atmaq istəyib və bu fonda o, Türkiyə və Rusiyanı barışığa səsləyib. Dövlət başçısı deyib ki, iki ölkə rəhbəri aralarında olan münasibətləri gərginləşdirmək əvəzinə onları yumşaltmağa çalışmalıdırlar:
“Rusiya və Türkiyə bundan sonra kompromisə getməlidirlər. Bu istiqamətdə onlar hansısa bir addım atmalı və əvvəlki dostluq münasibətlərini bərpa etməlidirlər”.
Birtərəfli siyasətə həsr olunmuş beynəlxalq konfransda çıxışı zamanı A.Lukaşenko onu da əlavə edib ki, səhvlər qaçılmazdır, bunu hər bir ölkə edə bilər, lakin sonradan onu sülh yolu ilə həll etmək, güzəştə getmək lazımdır. Bu, həmçinin, Rusiya və Türkiyəyə də aiddir.
Rusiya və Türkiyə arasında münasibətlər noyabrın 24-də gərginləşməyə başlayıb. Buna səbəb Türkiyənin “F-16” qırıcı təyyarəsinin Suriya ilə sərhəddə Rusiyaya məxsus “Su-24” təyyarəsini məhv etməsidir. Məlumata görə, “Su-24” təyyarəsi Türkiyə sərhədini pozduğu üçün vurulub. Rusiya isə bu iddiaları təkzib edir.
Vurulan “Su-24″də iki pilot olub. Onlar yanan təyyarədən çıxa bilsələr də, biri türkmənlər tərəfindən vurularaq havada öldürülüb. İkinci pilot isə Suriyadakı rus hərbi bazasına təhvil verilib.
Təyyarə ilə bağlı insidentdən sonra hər iki tərəfin dövlət başçıları sərt bəyanatlar səsləndirib. Rusiya lideri Vladimir Putin bunu Rusiyaya vurulan arxdan zərbə adlandırıb. O bu hadisənin Türkiyəyə ilə əlaqələrə təsir edəcəyini deyib.
Təyyarənin vurulmasından sonra Rusiya XİN rəhbərinin Türkiyəyə planlaşdırılan səfəri təxirə salınıb. Ruslara Türkiyəyə turist səfərlərindən imtina etmək tövsiyə edilib.
Rusiya ilə Türkiyə arasında yaranan gərginlik hər iki ölkə ilə həmsərhəd olan Azərbaycan üçün də ürəkaçan deyil. Bu səbəbdən də Azərbaycan da öz vasitəçilik missiyasını təklif etməklə tərəfləri sülhə səsləyib. Ancaq maraqlıdır ki, dünyanın super gücləri iki ölkə arasında münasibətləri nizama salmaqda maraqlı görünmür. Adətən analoji vəziyyətlərdə Avropa Birliyi və ATƏT kimi nüfuzlu təsisatlar vasitəçilik missiyasını öz üzərinə götürürdü. Bu vəziyyətdə isə onların fərqli davranışı diqqəti cəlb edir.
Dünyanın nüfuzlu qurumları və dövlətləri Rusiya ilə Türkiyə arasındakı gərginliyi normallaşdırmaqda niyə maraqlı deyil?
Vətəndaş və İnkişaf Partiyasının sədri Əli Əliyev qəzetimizə açıqlamasında bildirdi ki, belə bir mənzərənin yaranması açıq niyyətlərdən xəbər verir: “Bilirsiniz ki, siyasət çıxarlarla idarə olunur. Dünyanın bugünkü mənzərəsi bütün dünyanı Rusiyaya qarşı kökləyib. Bunun da başlıca səbəbi Rusiyanın Putinin girovuna çevrilməsidir. Hazırda ciddi şəkildə gərginləşən ABŞ-Rusiya, Qərb-Rusiya münasibətləri yaşanır. Birdən-birə Türkiyə ilə belə vəziyyətin yaranması onların işinə sərf etdi. Bu güclər istəyir ki, Ərdoğan Putini yerində oturdsun. Yəni özlərinin cəsarət etmədiyini Türkiyəyə etdirirlər. Bu qarşıdurmada ən çox ziyan çəkənlərdən biri Azərbaycan olsa da, biz öz vasitəçiliyimizi təklif etmişik.
Amma dünyanın əsas gücləri belə təşəbbüsü dəstəkləmir. Bu da situasiyanın onlar üçün sərfəli olmasından xəbər verir. Qarşıdurmada Türkiyə özünü sanballı aparır. Buna baxmayaraq, Türkiyə də hansısa güclərin əlində alətə çevrilməməyə maksimum dərəcədə çalışmalıdır”.
Məhəmmədəli QƏRİBLİ

Həmçinin oxuyun

Neftin qiymətində olan artım maaş və pensiyalara təsir edəcək? – VİDEO  

Hazırda dünya bazarında brend markalı neftin qiymətində artımlar müşahidə olunur. Bəs bu artımlar pensiya və maaşların …

Bir cavab yazın