Bazar ertəsi , İyun 5 2023
Ana səhifə / Sosial / “Boşanmış qadın”ların 30 manat xahişi -“Kartıma 30 min köçürün” tələbi

“Boşanmış qadın”ların 30 manat xahişi -“Kartıma 30 min köçürün” tələbi

Əgər bir adama pislik etmək istəyirsinizsə, mediada və ya sosial şəbəkədə onun barəsində iki kəlmə tərifli söz yazın: “Mərhəmətlidir, əliaçıqdır”.

Bunu yazın, durun qıraqda, onun bu məziyyətindən sui-istifadə etməyə çalışan dələduzlar, kəmfürsətlər, müftəxorlar adamın gününü qara, həyatını zəhər edəcəklər. Evinə gələcəklər, işinə gedəcəklər, telefonuna zəng edəcəklər, elektron poçt ünvanına, Feysbuk hesabı varsa, ora yazacaqlar, hərəsi bir şey istəyəcək. Axırda adam ya mərhəmətli və əliaçıq olduğunu rəsmən təkzib edəcək, ya da tamam müflis olacaq.

Əgər adam birinci yolu tutsa, bu dəfə reputasiyası qara qəpiklik olacaq, bir neçə ayın içində “yaxşı adam”dan çevrilib, türkün sözü, “kötü adam” olacaq, dalınca söyəcək, qarğıyacaqlar, “yalançı” adlandıracaqlar, deyəcəklər, hamını aldadıb, kömək vəd edib, yerinə yetirməyib, xəstələri müalicəsiz qoyub, onun üzündən xaricdə universitetə daxil olmuş gənc oxumağa gedə bilməyib və s.

Bax, belə olur ki, ölkənin əsl xeyriyyəçi adamları öz xeyirxah əməllərində davamlı ola bilmirlər. Dələduzlar, kəmfürsətlər, müftəxorlar onları peşman etməklə yanaşı, gerçəkdən maddi yardıma ehtiyacı olan dürüst, abırlı və vicdanlı adamların haqqına girirlər. Bunlar birinə ağız açmaq istərkən abırlarına qısıldıqları, utandıqları halda həyasızlar “Porşe”nin pulunu düzəldir və bu fırıldaqçılara baxan adamlar pörşələnmiş halda qalırlar.

Yadınızda olar, iki ay öncə Türkiyədə baş verən dəhşətli zəlzələdən sonra ümummilli yardım kampaniyasına bir köçkün həmvətənimiz də qoşulmuşdu. Onu başqalarından fərqləndirən məqam o idi ki, o, yardımı öz kasıb halıyla, qırmızının 50 çalarıyla rənglənmiş köhnə-köşkül maşınıyla etmişdi. Ona görə də simvola çevrildi, həm ölkəmizdə, həm də Türkiyədə böyük təqdir qazandı. Sərvər adlı eloğlunu Türkiyə dövlətinin rəhbərləri ölkələrinə dəvət etdilər, görüşdülər. Redaksiyamızın təşəbbüsü və vasitəçiliyi ilə ona lüks avtomobil bağışlandı, ev tikildi.

İndi elə bilməyin ki, hər şey rəvan ötüşdü. Xeyr. O hadisədən sonra redaksiya rəhbərliyinə yardım üçün nə qədər adam ağız açdı, bir bilsəniz. Bizimlə heç bir tanışlığı olmayan adam haradansa telefon nömrəsi taparaq, zəng edib ərkyana bir şəkildə deyirdi ki, 30 min manata ehtiyac var, kart nömrəsi göndərim, hesaba yatırın, ya da yolum düşəndə özüm gəlib götürərəm.

Üçdə alacağım, beşdə verəcəyim olmasa da, mənə də mesaj yazırdılar ki, filan-filan problemlərim var, nə kömək edə bilərsiniz. O biri əməkdaşlarımıza da yazırmışlar. Özü də elə adamlara ki, onlar kirayədə yaşayır, işə ictimai nəqliyyatla gəlib-gedirlər, şagird övladlarının repetitor haqqını ödəmək üçün kollektivdə “lotereya” oynayırlar. Amma bu qədər maddi sıxıntının içindəykən, kiməsə 30 min manat yardım etməlidirlər, yaxud da bir iş adamından xahiş etməlidirlər ki, tanımadıqları adam özünə çiçəklənən biznes qursun.

Söz yox, maddi yardım umanların arasında doğrudan da qayğıya, dəstəyə ehtiyacı olanlar, əlacı hər yerdən kəsilmiş adamlar var, amma yuxarıda dediyim kimi, kəmfürsətlər və müftəqxorlar həmişə onları qabaqlayır və haqlarına girirlər.

Elə sosial şəbəkə üzərindən adama mesaj yazıb 20-30, bəzən də 50 manat istəyən adamlar da o qrafadandır. Çoxu da “yeganə övladına ad günü keçirmək istəyən boşanmış gənc qadın”dir. Eyni məzmunlu mesaj gah ölkənin cənubunda, gah şimalında, gah qərbində, gah da düz mərkəzində yaşayan “xanım”lardan gəlir. Nə olub, ölkə 30-33 yaşında “boşanmış qadın”larla dolub-daşırmı?

Bəs nə əcəb paytaxtda belələri yoxdur? Ona görə ki, “paytaxtda yaşayan boşanmış qadın”ın ifşa olunmaq ehtimalı böyükdür. Mütləq çox adam yazacaq ki, gəl pulu nağd apar və üzünü görək, lazımsa, sonra yenə kömək edərik. Belə olanda düz gəlmir. Çünki o “boşanmış qadın”ların tam əksəriyyəti 25-35 yaşında cavan oğlanlardır, haradansa tapdıqları qadın şəkillərinin arxasında gizlənərək insanlardan pul dilənirlər, gündə 3 adamı tələyə salsalar, ayda 3 min manat civarında pul əldə edirlər. Nələrinə bəs deyil? “Patı”larına da çatar, “Kazbek”lərinə də, hələ viski və enerji içkilərinə də.

333222.JPG (26 KB)

Dünən virtual dostlardan biri ünvanına gələn yardım xahişinin skrin-şotunu paylaşıb. Məlum olur ki, artıq 3 manat kontur pulu istəyənlər də var.

Marketlərə girib-çıxmalı deyil, hər 30 metrə bir gənc dilənçi düşür, ənənəvi tıxac olan küçələrdə yol boyunca sıralanırlar (deyəsən, tıxac yerlərini naviqatorla müəyyən edirlər).

Bir ölkədə bu qədər dilənçi olmaz. Əmin olun ki, onların çoxu müftəxorlardır və bu axırıncı yolu heç də iş tapmadıqları üçün seçməyiblər. İmtahan üçün, onların birinə yaxınlaşın, deyin ki, gəl, gedək, sənə 700 manat maaşı olan iş düzəldim, görün, razılaşacaqlarmı. Razılaşmayacaqlar, əvəzində ayda 400-500 manat pul qazanmaq üçün hər gün səhərdən axşama qədər işləyən minlərlə adama əl açır, onlardan 10 dəfə artıq qazanır, daha yaxşı yaşayırlar. Musavat.com

Həmçinin oxuyun

“Büdcə artımdan pay götürənlərin siyahısında sosial müdafiə və təminat (pensiya, müavinət, təqaüd) bölməsinin adı yoxdur”

2023-cü ilin büdcəsinə dəyişikliyə dair Qanun layihəsi parlamentdədir. Bu Qanun layihəsinə əsasən ümumilikdə 3 milyard …