Cümə , Oktyabr 30 2020
Ana səhifə / Sosial / Boğazadək zibilin içindədirlər

Boğazadək zibilin içindədirlər

Ekologiya və ətraf mühitin zərər görməsi ilə bağlı problemlər bu gün də öz aktuallığını qoruyub saxlayır. Ekoloji vəziyyəti yaxşılaşdırmaq, sanitariya mədəniyyətini yüksəltmək daim diqqət mərkəzində olsa da, bu istiqamətdə yenə də böyük problemlər meydana gəlir.

Belə problemlər, əsasən bölgələrdə qeydə alınır. Belə ki, əksər rayon, qəsəbə və kəndlər tullantılardan meydana gələn zibilliklərin içində əziyyət çəkir. Çünki bölgələrdə standartlara uyğun poliqon, ərazidən tullantını daşıyacaq qurum və tullantıları emal edən müəssisələr yoxdur.

Bu baxımdan bölgələrdə yaşayan insanlar antisanitar şəraitlə demək olar ki, hər gün üz-üzə qalırlar. Bu isə insanlara zərər vurmaqla yanaşı, həm də ekologiya və ətraf mühitin ciddi zərər görməsinə səbəb olur. Məsələ öz həllini tapmır ki, tapmır.

Milli Məclisin (MM) Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin üzvü Mirkazım Kazımov AYNA-ya açıqlamasında, məsələyə maraqlı reaksiya verib. Deyib ki, MM-in sözügedən komitəsinə bu problemlə bağlı şikayət daxil olmayıb.

“Heç mənim özümə də bu məsələ ilə bağlı hansısa rayondan şikayət gəlməyib. Ona görə də başqa rayonlar haqqında danışa bilmərəm. Amma Cəlilabad rayonunda bu problemlərə tez-tez rast gəlmək olar”, – deyə deputat bildirib.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) mətbuat xidmətinin rəhbəri İradə İbrahimova isə ekoloji problemlərin yaranmasında vətəndaşları günahlandırıb: “Bu tullantıların meydana gəlməsində əsas günahkar elə insanların özləridir. Özləri problemi yaradır, sonra da həmin problemdən şikayət edirlər”.

“Razıyam, tullantıların yığılma və daşınma proseslərində müəyyən çətinliklə olur, ancaq insanlar özləri də buna diqqət yetirməlidirlər. Ətraf mühitin qorunmasına hamı riayət etsə, yəqin ki, belə xoşagəlməz mənzərələr də meydana gəlməz”, – o bildirib.

Nazirliyin sözcüsü, sözügedən problemlərə görə rayon icra hakimiyyətlərini də ittiham edib: “Bu problemlərin həlli ilə, əsasən icra hakimiyyətlərinin təmzilik departamentləri məşğul olur. Əgər tullantılar pərakəndə şəkildə qalaqlanıb və yandırılıbsa, biz o zaman hadisə yerinə gedir, araşdırma aparır və bununla bağlı səlahiyyətli qurumlara cərimələr tətbiq edirik. İnsanlar ətraf mühitə öz evləri kimi yanaşmalıdırlar. Təəsüflər olsun ki, əksəriyyət buna qeyri-ciddi yanaşır”.

“Bizə hansısa ərazidən şikayət daxil olursa, dərhal hadisə yerinə gedirik. Əgər tullantıların qalaqlanması faktına rast gəlsək, bununla bağlı məcburi göstərişlər veririk ki, həmin ərazi tez bir zamanda təmizlənsin. Çünki Ekologiya və Təbii Sərvətlər Nazirliyi hər kəndə müfəttiş ayıra bilməz. Şikayət əsasında Nazirliyin regional ekologiya müəssiələri həmin yerlərə cəlb olunur və ərazilərə cavabdeh olan yerli bələdiyyə və icra nümayəndələrinə cərimələr tətbiq edir. Çünki belə tullantıların idarə olunmasına cavabdeh olan yerli icra nümayəndləri və bələdiyyələrin səhlənkarlıqlarını dana bilmərik”, – İbrahimova vurğulayıb.

“Buna baxmayaraq Ekologiya və Təbii Sərvətlər Nazirliyi bir sıra tədbirlər həyata keçirməkdə davam edir. Təəssüf ki, nə qədər təbliğat kampaniyaları aparılsa da, insanlar ekologiya və ətraf mühiti zəhərləməkdən əl çəkmirlər”, – deyə o, əlavə edib.

Həmçinin oxuyun

İş adamı “McDonald’s“la bağlı dəhşətli faktlar AÇIQLADI

“Onsuz da nə mən, nə ailəm, nə də ki yaxın ətrafım gündəmdə olan məşhur fast …