Cümə axşamı , İyun 20 2019
Ana səhifə / Sosial / BNA cərimələr vasitəsilə şişir- ekspertdən açıqlama

BNA cərimələr vasitəsilə şişir- ekspertdən açıqlama

“Bildiyim qədər burada səlahiyyətlərin bölgüsü məsələsində problemlər var. Bir-birinin səlahiyyətini təkrar edən vəziyyət yaranıb”
Bu sözləri Bakı Nəqliyyat Agentliyinin (BNA) normal fəaliyyət göstərməməsinin səbəblərini dəyərləndirərkən iqtisadçı ekspert Natiq Cəfərli deyib.   Həmsöhbətimizin fikrincə, məhz səlahiyyət bölgüsünün olmamasının nəticəsi olaraq da BNA prosesdən sui-istifadə edir:    “Yəni Bakı Nəqliyyat Agentliyilə nəqliyyat sahəsində fəaliyyət göstərən bir neçə dövlət qurumları hansı sahəyə kimin və necə nəzarət etməli olduğu barədə bir-birilə münasibətlərini hələ ki, tənzimləyə bilməyib. Həmin səbəbdən də nəqliyyatın idarə edilməsində belə ciddi problemlər yaşanır. Bu sahədə hüquqi nonsens də yaranıb. Qanunvericiliyə görə, parklanmaya görə cərimələri Dövlət Yol Polisi yazmalıdır. Amma nədənsə Nəqliyyat Agentliyi bunu öz üzərinə götürüb və parklanma ilə bağlı yeni bir cərimə strategiyası qurub. Sanki  BNA-nın işi ona yönəlib ki, daha çox insanı, sürücünü cəzalandırsın, nəinki təşviq etsinlər. Hər hansı dövlət qurumu iki istiqamətdə fəaliyyət göstərməlidir. İşin yaxşı təşkili, təşviq siyasəti və cəza mexanizmi vasitəsilə qaydaların pozulmasının qarşısının alınması. Amma burada görünən odur ki, strateji olaraq BNA-nın əsas işi məhz cərimələrin sayının artırılması, daha çox cərimələr məsələsinə üstünlük verməkdən ibarətdir. Onun nəticəsidir ki, BNA yenicə fəaliyyətə başlamasına rəğmən ən çox məhz cərimələr vasitəsilə büdcəsinə daha çox pul cəlb edən bir quruma çevrilib. Bu da təbii ki, vətəndaşlarla sürücülərin ciddi narazılığına səbəb olur. Yəni BNA-nın işindən narazılığın yaranmasının kökündə onunla birlikdə bəzi qurumların bir-birinin səlahiyyətini təkrarlaması dayanır. Ona görə də bununla bağlı ayrıca qanun qəbul  olunmalı, bir-birinin səlahiyyətini təkrarlayan agentlik və dövlət idarələri bir mərkəzdə cəmləşməlidir ki, idarəetmədəki həmin xaotik vəziyyət aradan qalxsın. Şəhərdə parklanma ilə bağlı əsas problem prosesə kimin cavabdehliyi məsələsidir. Cərimələri BNA yazsa da, işin təşkililə bağlı cavabdehin kim olduğu isə hələ bilinmir. Bakı Şəhər İcra Hakimiyyəti özlərinə aid olmadığını deməklə öz boynundan atır. BNA isə strukturun qurulması, alternativlərin təklifini ikinci plana atıb. Parklanma qadağandırsa, onun alternativi də olmalıdır. Bununla bağlı isə BNA təəssüf ki, ciddi iş aparmır”.   Qeyd edək ki, Bakı şəhərində nəqliyyatın tənzimlənməsinə xidmət etməli orqan olan Bakı Nəqliyyat Agentliyi nədənsə hələ də öz fəaliyyətini normal qura bilməyib. Əksinə, onun yaranması ilə vətəndaşların, sürücülərin həmin qurumdan narazılığı da artmağa başlayıb. Bu qurum öz funksiyasını icra etmək əvəzinə, cərimə yığmaqla özünü daha da şişirtməklə məşğuldur.   

Həmçinin oxuyun

Azərbaycanda nikah və boşanmaların statistikası açıqlanıb – RƏSMİ

Azərbaycanda bu ilin ilk dörd ayında qeydə alınan nikah və boşanma hallarının sayı açıqlanıb. Dövlət …