Çərşənbə axşamı , Oktyabr 20 2020
Ana səhifə / Sosial / BNA avtobus qəzasının görüntülərini yaydı

BNA avtobus qəzasının görüntülərini yaydı

Video görüntüdən aydın olur ki, iyunun 17-də Hövsan yolunda baş verən qəza minik avtomobilinin sürücüsünün yol hərəkəti qaydalarını pozması səbəbindən baş verib. Sürücü hərəkətdə olan nəqliyyat vasitələrini nəzərə almadan yüksək sürətlə əsas yola çıxır ki, bu da qəzanı qaçılmaz edir.

Bunu Bakı Nəqliyyat Agentliyinin Mətbuat xidmətinin rəhbəri Mayis Ağayev deyib.

Onun sözlərinə görə, qəzaya səbəb olan avtomobilin sürücüsü yol hərəkəti qaydalarını kobud şəkildə pozaraq özünün və digərlərini həyatını təhlükəyə atıb.

BNA rəsmisi qeyd edib ki, taksi kimi istifadə olunan avtomobil Nazirlər Kabinetinin 73 saylı müvafiq qərarı ilə təsdiq olunan norma və standratlara cavab vermir, eyni zamanda sürücü qanunsuz sərnişindaşıma ilə məşğul olub.

“Avtobus sürücüsünün sayıqlığı sayəsində qəzanın daha ağır fəsadlara yol açmasının qarşısı alınıb. Amma qəza maddi ziyansız ötüşməyib. Avtobusun ön hissəsinə dəyən zərər onun təmirdə qalmasına səbəb olacaq. Buna görə bir müddət xəttə çıxa bilməyəcək və bu da əlavə xərc deməkdir. Mövcud pandemiya şəraitində isə bir avtobusun belə xəttə çıxmaması müəyyən çətinliklər yaradır.

Bu cür çətinliklərlə rastlaşmamaq üçün diqqət olunmalı digər bir məqam sürücü mədəniyyəti ilə bağlıdır. Hərəkətdə olan zaman avtobus sürücüsünü sərt manevr etməyə məcbur edən hərəkətlərə yol verilməməlidir. Çünki avtobusların manevr imkanları həm məhduddur, həm də təhlükəlidir. Sərt manevr edərkən qəza baş verməsə də, avtobusda ayaqüstə səyahət edən sərnişinlər xəsarət ala bilər.

Xüsusi ayrılmış avtobus zolaqlarında hərəkət və işarələnmiş dayanacaqdan hərəkətə başlama istisna olmaqla, yol hərəkəti qaydalarında avtobuslar üçün xüsusi üstünlüklər nəzərdə tutulmasa da mürəkkəb yol şəraitində digər sürücülər avtobusa hər zaman güzəştlə yanaşırlar. Dünyanın yol hərəkəti təhlükəsizliyi səviyyəsi yüksək olan ölkələrində, bu sürücülər arasında yol hərəkəti mədəniyyətinin formalaşan elementi kimi qəbul edilir.

Unutmamalıyıq ki, avtobusda eyni anda 50, bəzən isə daha çox sərnişin səyahət edir. Digər sürücülərin diqqətini buna cəlb etmək üçün “BakuBus” avtobuslarının arxa hissəsində bununla bağlı qrafik məlumatlar da yerləşdirilib. Həmçinin, mövcud pandemiya şəraitində hərəkət təhlükəsizliyinə son dərəcə diqqətlə yanaşılmalıdır. Ani bir diqqətsizlikdən baş verən qəza insanların xəsarət almasına səbəb olar ki, bu da indiki halda tibb işçiləri üçün əlavə iş yüküdür”.

Həmçinin oxuyun

Messi qışda “Mançester Siti”yə keçə bilər

İspaniya “Barselona”sının futbolçusu Lionel Messi qışda İngiltərənin “Mançester Siti” klubuna keçə bilər. “Report”un “Daily Star”a …