Ana səhifə / Sosial / BMT-dən Azərbaycana xəbərdarlıq

BMT-dən Azərbaycana xəbərdarlıq

BMT-nin Qadınlara qarşı ayrı-seçkiliyin ləğv edilməsi üzrə Komitəsi Azərbaycandan Əmək Məcəlləsindəki (ƏM) qadın əməyinin qadağan edildiyi peşələr və iş yerləri ilə bağlı maddələri qaldırmağı tələb edib.

Bu barədə Sputnik Azərbaycan-a “Vətəndaşların Əmək Hüquqlarının Müdafiəsi Liqası” qeyri-hökumət təşkilatının sədri Sahib Məmmədov bildirib. Onun sözlərinə görə, Əmək Məcəlləsində qadınların hansı sahələrdə işləyə bilməyəcəkləri konkret yazılıb: misal üçün, zərif cinsin nümayəndəsi nə qədər çəkisi olan yükü neçə metr məsafəyə və hündürlüyə daşıya bilər; qadınların yer altında işləmək şərtləri, gecə növbələri və s.

Məmmədov qeyd edib ki, Məcəllənin mətnindən də anlamaq olar ki, qadın taksi sürücüsü ola bilər, amma yük maşınının sürücüsü yox. Məsələn, yük maşınının təkərinin ağırlığı 70-80 kiloqramdır, əgər birdən yolda onu dəyişmək lazım gəlsə, zərif cinsin nümayəndəsi bunu bacarmayacaq. Eyni zamanda bu, qadınların reproduktiv sağlamlığı üçün də kifayət qədər zərərlidir.

Hüquq müdafiəçisi bildirib ki, hələ bir neçə il əvvəl Azərbaycan Beynəlxalq Əmək Təşkilatının “Analığın mühafizəsi haqqında” Konvensiyaya qoşulub. Bu sənədin qadınların reproduktiv sağlamlığının mühafizəsi haqqında tələbi var. Amma bir problem yaranıb. Bir sıra beynəlxalq təşkilatlar, eləcə də BMT-nin Qadınlara qarşı ayrı-seçkiliyin ləğv edilməsi üzrə Komitəsi Azərbaycandan tələb edir ki, ƏM-də qadınlarla bağlı qadağanlar ləğv edilsin. Məmmədovun sözünə görə, beynəlxalq təşkilatlar bu qadağalara qadın hüquqlarının pozulması kimi baxır.

“Amma mən hesab edirəm ki, bu, səhv münasibətdir. Mənə elə gəlir ki, bu məhdudiyyətlər qadınların sağlamlığının mühafizəsinə yönəlib, nəinki onların hüquqlarının pozulmasına. Əvvəllər belə bir termin var idi: pozitiv diskriminasiya. Hazırda feministlərin təsiri ilə təşkilatlar bu termindən imtina etdilər. Və beynəlxalq təşkilatlar da qadınlarla bağlı onların öz məşğuliyyətlərini seçmələrinə məhdudiyyətlərin ləğvini tələb edirlər. Mən beynəlxalq təşkilatların mövqeyini dəstəkləmirəm. Misal üçün, istəmirəm ki, qadınlar əlacsız qalıb boya sexində işləsinlər və nəticədə xəstə uşaq dünyaya gətirsinlər” — hüquq müdafiəçisi bildirir.

Qeyd edək ki, Məmmədovun dediyi məhdudiyyətlər AR ƏM-nin 241-ci maddəsində (Qadın əməyinin tətbiqi qadağan olunan iş yerləri və işlər) nəzərdə tutulub. Orada aydın surətdə yazılıb ki, əmək şəraiti ağır, zərərli olan iş yerlərində, habelə yeraltı tunellərdə, şaxtalarda və digər yeraltı işlərdə qadın əməyinin tətbiqi qadağandır. Məcəlləyə görə, bir qayda olaraq, fiziki işlə məşğul olmayan, rəhbər vəzifələrdə çalışan və ya sosial, sanitar-tibbi xidmətlər göstərən, habelə fiziki işlər görmədən yeraltı iş yerlərinə düşüb qalxmaqla ayrı-ayrı vaxtlarda qadınlar tərəfindən müvafiq yeraltı işlərin yerinə yetirilməsinə yol verilir.

Lakin qadınların bu maddə ilə müəyyən edilmiş normalardan artıq ağır əşyaların qaldırılması və bir yerdən başqa yerə daşınması işlərinə cəlb edilməsi qadağandır. Mövcud normaya görə, qadınlar 15 kq-dan ağır yük götürə bilməzlər. Ümumi çəkisi 10 kiloqramdan çox olmayan əşyanın bir metr yarımdan artıq hündürlüyə qaldırılması; bütün iş günü (iş növbəsi) ərzində müntəzəm olaraq ümumi çəkisi 10 kiloqramdan çox olmayan əşyanın əl ilə qaldırılıb başqa yerə daşınması; 15 kiloqramdan artıq gücün sərf edilməsi qadınların əmək funksiyası normalarına daxildir.

Hamilə və 3 yaşınadək uşağı olan qadınların bu maddədə nəzərdə tutulmuş işlərin görülməsinə cəlb olunması qadağandır. Qadın əməyinin tətbiqi qadağan olunan əmək şəraiti zərərli və ağır olan istehsalatların, peşələrin (vəzifələrin), habelə yeraltı işlərin siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. Qeyd etmək lazımdır ki, qadınların gecə işlərinə, iş vaxtından artıq işlərə və istirahət günlərində işə cəlb olunması, habelə ezamiyyətlərinin məhdudlaşdırılması ƏM-nin 242-ci maddəsi ilə tənzimlənir. Hamilə və yaş yarımadək uşaqlı qadınların daha yüngül işə keçirilməsi 243-cü, uşağın yedizdirilməsi üçün fasilələr 244-cü, natamam iş vaxtı müəyyən edilən hallar və həkim müayinəsi zamanı əmək haqqının saxlanılması isə 245-ci maddələrdə əksini tapıb. Qeyd edək ki, sözügedən məhdudiyyətlər Rusiya qanunvericiliyində də mövcuddur. RF Əmək Məcəlləsinin 253-cü maddəsində qadınlara 38 sahədə əməyin 456 növü ilə məşğul olmaq qadağandır. Onların arasında poladəritmə, ağır texnikanın idarə olunması (misal üçün, qartəmizləyən maşını), dalğıclıq, çilingərlik, metro maşinisti və hətta onun köməkçisi, dülgərlik, kimya sənayesi və s. də var.

Həmçinin oxuyun

Pensiya və müavinətlər artırıla bilər – VİDEO

Cari ilin ortaları pensiyaların yenidən artırılacağı gözlənilir. Bunu millət vəkili Aydın Hüseynov deyib. O bildirib …

Bir cavab yazın