Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Sosial / “Bizdə adətdir, çatışmazlıq varsa, qiyməti qaldırırlar” – Ekspert

“Bizdə adətdir, çatışmazlıq varsa, qiyməti qaldırırlar” – Ekspert

“Ölkədə su ehtiyatlarımız barədə yaxşı proqnozlar verilmir. 2050-ci ilədək suyun 15-20 faiz azalacağı deyilir. Su təsərrüfatına indiyədək külli miqdarda vəsait qoyulmasına baxmayaraq, səmərə yox həddindədir. Potensialdan düzgün istifadə edilmir, müvafiq su ehtiyatları və onun istifadəsinə dair dəqiq uçot aparılmır, bilərəkdən və bilməyərəkdən itkilərə yol verilir. Odur ki, indiyədək həyata keçirilən bütün yenidənqurma və tikinti işlərinə rəğmən, əhalinin su ilə təminatı və kənd təsərrüfatında suvarılma dayanıqlı xarakter daşımır”.

Bunu iqtisadçı-ekspert Pərviz Heydərov​ deyib.
Onun sözlərinə görə, vəziyyətdən çıxış yolunu yenə qiymətləri artırmaqda görənlər var:

“Çünki bizdə adətdir, çatışmazlıqlar varsa öncə, tarifləri artırmaq zəruri bilinir:​ “Azərsu” ASC-nin sədr müavini bildirib ki, ölkədə mövcud su tarifləri ilə qurum rentabelli işləyə bilmir. Yenilənmə dövlət büdcəsi hesabına həyata keçirilir. Guya, tariflər dünyanın inkişaf etmiş ölkələrinə uyğun olarsa, rentabelli işləməyə və yenilikləri həyata keçirməyə şərait yaranacaq. Əvvəla, Tarif Şurasının 1 fevral 2020-ci il tarixli qərarına əsasən, hazırda 1 kubmetr içməli suyun qiyməti 70 qəpik, kanalizasiya xidmətlərinə görə isə 30 qəpik təşkil edir. Bu isə o deməkdir ki, əhali 1 kubmetr içməli su üçün 1 manat ödəyir. İkincisi, problem qiymətdə və tariflərdə deyil. İdarəetmədə yüksək keyfiyyət dəyişikliyinə və səmərələliyə nail olmasaq, heç nə əldə olunan deyil”.

Ekspertin fikrincə, bunun üçünsə yalnız kadr dəyişiklikləri kifayət deyil, sözügedən sahədə struktur islahatları aparmaq və özəlləşdirmə məsələsinə baxmaq lazımdır:

“Meliorasiya və Su Təsərrüfatı ASC-nin əsas vəzifəsi isə su ehtiyatlarını idarə etmək, ölkə iqtisadiyyatının müxtəlif sahələrini, əsasən də aqrar sahəni suvarma suyu ilə təmin etmək, onun bölgüsünü həyata keçirtmək, səmərəli istifadəni təşkil etmək, torpaqların meliorativ vəziyyətini yaxşılaşdırmaq, sel sularına qarşı mübarizə tədbirlərini reallaşdırmaqdır.
Hər iki qurumun idarə olunması məgər bir əldə, bir tavan altında birləşdirilsə, səmərəli olmazmı? ​ Su özü bir enerji növü və enerji mənbəyidir. Ondan istifadə sabit qalmır, davamlı artır və genişlənir. Odur ki, su ehtiyatlarının artırılması, yeni mənbələrin aşkarlanması və bu sahədə itkilərə yol verilməməsi daim diqqət mərkəzində saxlanılmalıdır. Əvvəla, əhalinin sayı artır, ikincisi, iqtisadiyyat yerində saymır – inkişaf edir, kənd təsərrüfatı məhsullarının istehsal həcmini artırmaq tələbi getdikcə daha çox ciddiləşir. Üçüncüsü isə iqlim dəyişir, su getdikcə dünyanın hər yerində obyektiv problemə çevrilir və sair. Odur ki, sözügedən sahədə bundan sonra daha çox iş görmək zərurəti var. İdarəetmə müasir tələblərə cavab verməli, meliorasiya və su təsərrüfatı sahəsində idarəçilik metodu dəyişməli, səmərəlilik əsas götürülməli, ümumiyyətlə, suya bir enerji növü və mənbəyi olaraq baxılmalıdır”.

Həmçinin oxuyun

Pensiya, maaş və müavinətlər yenidən artırılır

Cari ilin yanvar ayında ölkədə əmək pensiyaları artırılsa da, maaş və əlilliklə bağlı müavinətlər olduğu …