Ana səhifə / Sosial / Bir namizədin adı iki siyahıda- Kim haqlıdır?

Bir namizədin adı iki siyahıda- Kim haqlıdır?

Noyabrın 1-də keçiriləcək parlament seçkisində bir namizədin üzvlüyünün iki partiyadan irəli sürüldüyünə rast gəlinib.

Məlumata görə, hüquqşünas, vəkil Əlayif Həsənov həm Respublikaçı Alternativ Hərəkatı (REAL), həm də Ədalət Partiyasının 92 saylı Zərdab-Ucar Seçki Dairəsindən namizədliyini irəli sürüb.

AzNews.az məlumatı dəqiqləşdirmək üçün hər iki partiya ilə əlaqə saxlayıb. 

REAL hərəkatın icra katibi Natiq Cəfərli AzNews.az-a açıqlamasında bildirib ki, Əlayif Həsənov onların hərəkatından namizəd olacaq: “Əlayif bəyin özü tərəfindən bir necə dəfə təklif olub ki, REAL-dan namizəd olsun. Biz də etiraz etməmişik. Sadəcə Əlayif bəy həmin dairənin idarə seçki komissiyasının üzvüdür.

Qanunvericliyə görə namizəd üzv ola bilməz. O da bizə bildirdi ki, ərizə ilə müraciət edib. Onlardan ərizənin müsbət cavabını aldıqdan sonra bizə bildirəcək. Əlayif bəy çoxdan tanıdığımız, dəyər verdiyimiz bir şəxsdir. Bəzi işlərimizdə vəkil kimi də iştirak edib. Ona görə də onun namizədliyini elan etdik. Bu, özünün şəxsi razılığı ilə olub. Biz özümüzdən siyahıya adam salmamışıq. Özü ilə danışdıqdan sonra adı siyahıya salınıb. Hər şey namizədin öz seçimindən asılı olacaq. Amma biz onunla bu gün səhər saat 10:00 da danışmışıq. O da özünün son qərarını bizə açıqlayıb”.

AzNews.az-a açıqlama verən Ədalət Partiyasının sədr müavini Mütəllim Rəhimli də Əlayif Həsənovun onların partiyasından namizəd olacağını deyib: “Mən şəxsən Əlayif bəyin özü ilə danışmışam. O deyilənləri təkzib edir. Əlayif bəy bu informasiyanın həqiqətə uyğun olmadığını deyir. O, Ədalət Partiyasından namizəd olacaq.

Ümumiyyətlə, REAL ilə bağlı məsələlər müzakirə olunmayıb. Ola bilər ki, hərəkatda hansısa anlaşılmazlıqlar olub. Mən belə dəyərləndirirəm. Əlayif bəyin adı Ədalət Partiyasının siyahısında olacaq”.

Həmçinin oxuyun

Başı yarılan uşağa yardım etməyən həkimlərlə bağlı qərar verildi

Jurnalist Məhərrəm Əliyev bir neçə gün öncə qardaşı oğlunun başından xəsarət aldığını, lakin xəstəxanaların heç …

Bir cavab yazın