Şənbə , Aprel 20 2024
Ana səhifə / Sosial / Bir dəfə həyat, ikinci dəfə qanun vurur: onlara ata-ana qismət deyil

Bir dəfə həyat, ikinci dəfə qanun vurur: onlara ata-ana qismət deyil

Noyabrın 1-dən Azərbaycanda övladlığa verilmə alt sistemi işə düşsə də, dövlət uşaq müəssisələrindəki bəzi uşaqları övladlığa vermək mümkün deyil. Bu problemlə bağlı “Gənc Vətəndaş” Maarifləndirmə İctimai Birliyinin icraçı direktoru Günel Səfərova çıxış edib.

O bildirib ki, övladlığa valideyn himayəsindən məhrum olunmuş uşaqlar verilir. Amma bu gün internat evlərində xeyli sayda valideyn himayəsindən məhrum olmayan uşaq yaşayır. Həmin uşaqların əksər hissəsinin valideynləri onları gəlib görməsə də, o uşaqları övladlığa vermək olmur. Səbəb isə bu uşaqların valideyn himayəsindən məhrum edilmə prosesinin baş verməməsidir: “Valideyn hüququndan məhrumetmə məhkəmə qərarı ilə olmalıdır. Nə uşağın qəyyumu olan şəxslər, nə də müəssisə rəhbərliyi tərəfindən bunun üçün məhkəməyə müraciət olunmur. Nəticədə bu cür uşaqları övladlığa vermək olmur. Onlar uşaq müəssisəsində qalmağa məhkum olurlar”.

Sputnik Azərbaycan internat evində atılmış vəziyyətdə yaşayan uşaqların övladlığa verilməsində yaranmış problemi araşdırıb.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Hüquqi təminat şöbəsinin müdir müavini Seymur Məmmədov Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, bu problem illərdir ki, qalmaqdadır: “Dövlət uşaq müəssisələrində yaşayan uşaqların bir qismi valideyn himayəsindən rəsmi məhrum olmuş uşaqlardır. Amma bu müəssisələrə uşaqlarını dolandıra bilmədiyi üçün, işlədiyi üçün qoyan valideynlər də var. Həmin valideynlərin bir qismi uşaqlarını gündüz internata qoyub, axşam götürür. Bəziləri isə aylarla uşaqlarına baş çəkmirlər. Belə uşaqları övladlığa vermək çətindir. Çünki onlar atılmış, ana-ata himayəsindən məhrum olmuş uşaq sayılmırlar”.

S.Məmmədov deyir ki, belə uşaqları övladlığa verməyin qanunla bir yolu var:

“Bunun üçün mütləq uşaqdan imtina prosesi baş verməlidir. Qanunda var ki, valideyn uşağını internata qoyub ona 6 ay müddətində baş çəkmirsə, uşaq müəssisəsinin rəhbərliyi məhkəmə qarşısında o uşağın valideyn himayəsindən məhrum edilməsi barədə iddia qaldıra bilər. Amma uşaq evlərinin rəhbərləri də çox vaxt bunu etmirlər, çünki valideyn bəzən bir il keçəndən sonra gəlib onlardan uşağını tələb edir. Bu isə mübahisələrə səbəb olur”.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) Övladlığa götürmə siyasəti şöbəsinin müdiri Fərhad Ələkbərov da Sputnik Azərbaycan-a açıqlamasında faktı təsdiqləyib. O bildirib ki, artıq övladlığa veriləcək uşaqlar “Valideyn himayəsindən məhrum olmuş uşaqlar və övladlığa götürmə” alt sisteminə daxil edilib. Amma onların siyahısına internatlarda yaşayan bütün uşaqlar salınmayıb: “Qanunvericiliklə övladlığa yalnız valideyn himayəsindən məhrum uşaqlar, eləcə də atılmış uşaqlar verilə bilərlər. Valideyn himayəsindən məhrum olmayan, internatlarda yaşayan uşaqları bu siyahıya əlavə etmək mümkün deyil”.

Fərhad Ələkbərov bildirib ki, artıq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə və DOST Mərkəzinə övladlığa uşaq götürmək üçün müraciətlər daxil olub. O bildirib ki, həmin şəxslər müraciət etdikcə qeydiyyata alınırlar. F.Ələkbərov deyir ki, övladlığa verilmə ilə bağlı qanuna dəyişiklik öz təsdiqini tapdıqdan sonra digər hüquqi prosedurların da aparılmasına başlanılacaq.

Qeyd edək ki, noyabrın 1-də övladlığagötürmə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin səlahiyyətinə keçib. Hazırda ölkədə övladlığagötürmə sistemi ciddi şəkildə təkmilləşdirilir. Bununla bağlı qanun layihəsi Milli Məclisin müzakirəsinə təqdim olunub. Artıq övladlığagötürmə ilə bağlı qanunvericilik aktlarındakı dəyişikliklər Milli Məclisdə müzakirə olunub. Yaxın vaxtlarda Milli Məclis tərəfindən bu aktların qəbul ediləcəyi və növbəti mərhələdə ölkə başçısı tərəfindən imzalanacağı gözlənilir. Bundan sonra Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tam hüquqlu şəkildə yeni sistem üzərində bu proseslərin tənzimlənməsinə başlayacaq.

Həmçinin oxuyun

Bakının mərkəzində Xalq şairinin adını daşıyan bağın oturacaqları acınacaqlı vəziyyətdədir – VİDEO

Paytaxtın mərkəzi küçələrindən birində yerləşən Səməd Vurğun bağındakı oturacaqların bir çoxu yararsız vəziyyətdədir. Sözügedən bağdakı …