Bazar ertəsi , Sentyabr 28 2020
Ana səhifə / Sosial / “Bir axşam taksidən düşüb payıza”, görəcəyik, qiymət ikiqat olub

“Bir axşam taksidən düşüb payıza”, görəcəyik, qiymət ikiqat olub

Ağsaqqal adamların alaşalvar edildiyi vaxtda durub taksi xidməti və qiymətlərindən yazmaq, bəlkə də, bir az yerinə düşmür, amma belə görünür ki, o mövzu qaçmır, bu biri isə metrostansiya-qəsəbə arasında işləyən taksilər kimi şütüyüb gedir.

İndi deyirlər, taksi xidmətində vahid qiymət modeli tətbiq etmək istəyirlər və xəlayiq narahatdır ki, bu, sovet dövrünün təsərrüfat sisteminə qayıtmaq kimi bir şey olacaq.

O dövrdə bir müddət yaşamış adam kimi deyə bilərəm ki, sovet dövrünün təsərrüfat sistemi bərbad idi, amma indiki bazar iqtisadiyyatı, təsərrüfat sistemi daha bərbad olduğu üçün camaatın nostalji damarı zaman-zaman yoğunlayır. Təhsil rəsmən pulsuz idi, amma ali məktəblərə rüşvətlə girirdik, səhiyyə pulsuz idi, həkimlərin və bütün tibbi personalın cibinə pul qoyurduq, pal-paltarın, ərzağın qiyməti ucuz idi, amma əl altından 2-3 qat bahasına alırdıq, tikinti materialları ümumiyyətlə yox idi, bir damlıq şifer üçün camaat 3-4 gecə dəmiryol stansiyasında yatırdı və s.

Amma taksi xidməti başqa cür idi. Sovet dövründə elə gün olub ki, 5 saatın içində yeddi dəfə taksiyə minmişəm. Bu, heç də kefiköklükdən olmayıb. Qış imtahan sessiyası vaxtıydı, kor bağırsaq əməliyyatından yenicə çıxmışdım, sağ əlimi tikiş vurulmuş yaramın üstünə qoyaraq 100 metr yeriyə bilirdim, amma “zaçot”ları verməliydim. Dərs aldığımız korpusların arası bir-birindən 20 dəqiqəlik piyada məsafədə yerləşirdi, ayaqla getməyim mümkün deyildi, avtobusla hərəkət etmək vaxt itkisiydi. Ona görə də korpuslar arasında düz yeddi dəfə taksi dəyişməli oldum.

Bu qədər gediş-gəlişə, bilirsiniz, nə qədər xərcim çıxdı? Cəmi 7 manat. Hələ daha az, məsələn, 5 manat ola bilərdi. Ona görə ki, taksinin sayğacı 70 qəpik yazırdı, amma 1 manat verirdim.

Ümumiyyətlə, sovet vaxtı taksiyə qəpik vermək və ya qalıq olaraq qəpik gözləmək, jarqonla desək, “zapadlo” idi, adama əyri-əyri baxıb gülər, “adə, bu, qəpişnikdir ki” deyərdilər. Bu səbəbdən də taksinin sayğacı 1 manatdan 10 qəpik az yazsa da, 10 qəpik çox yazsa da variant yox idi, 2 manat verməliydik. Sürücülər belə tələb edirdilər, deyirdilər, bizə heç nə qalmır.

Dediyim odur ki, sovet dövründə taksi xidmətində tariflər çox da baha deyildi, sadəcə, taksi sürücüləri bir az tamahkar idilər, bir dəfəyə çox pul qazanmaq istəyirdilər, bir də nazlı idilər, hər yerə maşın sürmürdülər, “ora uzaqdır, gedə bilmərəm, qayıdanda boş gəlirəm, ziyan edir”, “oranın yolu pisdir, maşın yaman günə qalır”, “yox, ora bu qiymətə getmək sərf eləmir” deyirdilər. Gediş haqqını ikiqat verəndə isə aparırdılar.

Ona görə də taksiyə işi düşmüş bəzi adamlar heç vaxt taksiyə yaxınlaşarkən ərklə keçib salonda otura bilməzdilər, öncə sürücüyə “filan yerə neçəyə apararsan” deməli idilər. Deməmiş maşına minsəydilər, bu, sürücünün qüruruna toxunardı, prinsipə durar, “vapşe aparmıram, düş maşından” deyərdi. Əgər taksi sürücüsü ilə danışıqlar uğurlu alınardısa, ondan sonra sərnişin statusu qazanmaq olardı. Yoxsa adam yolun ortasında qalıb bir insaflı və gözütox sürücü gözləməliydi. Haqq üçünə, elələri də vardı.

Əslində, nə sovet vaxtı, nə də indi taksi sürücülərini çox pul qazanmaq istədiklərinə görə qınamaq doğru deyil. Dünyanın hər yerində belədir – Yohannesburqda, Almatıda, Daşburunda və s.

İlk adı çəkilən şəhər istisna olmaqla, o birilərində taksiyə minmişlyim olub, hamısı gediş haqqının iki, üç qatını almaq istəyiblər. Almatıda Ərşad adlı qazax sürücü məni azərbaycanlılara məxsus restorana aparmaq üçün yolu uzadanda dedim ki, qaqa, kəsədən get, tez çataq, onsuz da danışdığımız pulu verəcəm. Tez çatdıq. Ərşadın pulunu – 3 dolların təngə ekvivalentini verdim, o şükür elədi ki, “bu məsafə üçün bu qədər pul çoxdur” demədim, mən də şükür elədim ki, o, “20 Yanvar”dan götürdüyü əcnəbi turisti “Şamaxinka-Xırdalan postu-Xocasən qəsəbəsi-”Meyvəli” bazarı-Dairəvi yol-Yeni Yasamal -“İnşaatçılar” metrostansiyasi marşrutu ilə dolandırıb, axırda 25 dollar tələb edən azərbaycanlı sürücü kimi hərəkət etmədi.

Xüləs, taksi qiymətləri sovet dövründə olduğu kimi olsa da, pis olmaz, heç indiki də pis deyil. Əsas odur ki, bu xidmət növündə çox tamahkar, zəvzək, ekspert-politoloq, “iki institut qurtarmış”, “əvvəllər böyük vəzifədə işləmiş”, hər dəqiqə “dolanışıq çətindir”, “əlacsızlıqdan taksi sürürəm” deyən adamlar olmasın.

Samir SARI

Həmçinin oxuyun

Bakıda poliklinikanı pozğunluq yuvasına çevirdilər

Bakının Səbail rayon polisinə klinikalardan birinin mühafizəçisi barəsində şikayət daxil olub. Oxu.Az-a bu barədə hüquq-mühafizə …