Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Sosial / “Belə proqramlar əlilliyi olan şəxslərin işlə təmin edilməsi ilə yanaşı, onların cəmiyyətə inteqrasiyasına da müsbət təkan verir”.

“Belə proqramlar əlilliyi olan şəxslərin işlə təmin edilməsi ilə yanaşı, onların cəmiyyətə inteqrasiyasına da müsbət təkan verir”.

Azərbaycanda özünüməşğulluq proqramına bu ilin 8 ayında cəlb olunanların 2555 nəfəri həssas kateqoriyadan olan şəxslərdir. Bu barədə mətbuata açıqlamasında əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Əliyev məlumat verib. O bildirib ki, özünüməşğulluq proqramının əhatə dairəsi 2017-ci ilə nisbətən 2018-ci ildə 6,5 dəfə genişləndirilib və 7267 nəfər özünüməşğulluğa cəlb edilib.

Onun sözlərinə görə, 2019-cu ildə isə bu proqrama 10 min ailənin cəlb edilməsi nəzərdə tutulub: “Bu ilin 8 ayı ərzində artıq 4589 nəfər proqram çərçivəsində təlimlərə cəlb olunub və 3052 nəfər təlimləri bitirib. Proqrama cəlb olunanlardan 16,4 faizi Bakı və Sumqayıt şəhərlərinin, 83,6 faizi digər şəhər və rayonların payına düşür. Proqram iştirakçılarının 47 faizə qədərini sosial müdafiəyə xüsusi ehtiyacı olan həssas əhali qruplarına aid şəxslər təşkil edir”.

A.Əliyev xüsusi olaraq qeyd edib ki, proqram iştirakçılarının 993 nəfəri əlilliyi olan şəxslər, 304 nəfəri ünvanlı sosial yardım alan şəxslər, 712-si məcburi köçkün, 408 nəfəri gənclər, 138 nəfər şəhid ailəsi üzvüdür.

Özünüməşğulluq proqramına həssas kateqoriyaya aid olan 993 nəfər əlilliyi olan şəxsin cəlb olunması ciddi rəqəmdir. Bu onların işlə təmin edilməsi deməkdir. Hansı ki, bu məsələ son dövrlər çox aktualdır. O baxımdan əlilliyi olan şəxslərin sözügedən proqramdan yararlanması onların məşğulluq probleminin həllində necə rol oynayır?

Aynurə Xudiyeva: “…onların cəmiyyətə inteqrasiyasına da müsbət təkan verir”

“Şəfqət Nuru” Kimsəsizlərə Yardım Xeyriyyə İctimai Birliyinin rəhbəri, birinci qrup əlil Aynurə Xudiyevanın sözlərinə görə, özünüməşğulluq proqramına əlilliyi olan şəxslərin cəlb edilməsi onların işlə təmin edilməsinə yardım edir: “Hansı ki, bir sıra əlilliyi olan şəxslər işsizlikdən əziyyət çəkirlər. Müəyyən özəl təşkilatlar bu kateqoriyadan olan şəxsləri işə götürməkdə maraqlı olmurlar. Müxtəlif vasitələrlə bundan yayınırlar. Yenə sağ olsun dövlət qurumlarını, bu məsələyə diqqət ayırırlar. Müəyyən proqramlar çərçivəsində əlilliyi olan şəxsləri işlə təmin edirlər. Hesab edirəm ki, belə proqramlar əlilliyi olan şəxslərin işlə təmin edilməsi ilə yanaşı, onların cəmiyyətə inteqrasiyasına da müsbət təkan verir”.

Davud Rəhimli: “Belə proqramlar əlilliyi olan şəxslərin məşğulluğunun təmin olunmasında mühüm rol oynayır”

Məsələyə münasibət bildirən Əlil Təşkilatları İttifaqının sədri Davud Rəhimlinin sözlərinə görə, sözügedən proqram əlilliyi olan şəxslərin məşğulluq probleminin həllinə müsbət təsir göstərir: “Ona görə də buna müsbət yanaşıram. Son vaxtlar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin, eyni zamanda, BMT-nin bu sahədə gördüyü işlər təqdirəlayiqdir. Nəzərə almaq lazımdır ki, sözügedən istiqamətdə işlər təkcə Bakı şəhərində deyil, bütün respublika üzrə həyata keçirilir. Nəticədə təkcə bu ilin 8 ayında 993 nəfər əlilliyi olan şəxs özünüməşğulluq proqramına cəlb edilib. Əlilliyi olan şəxslərin bu proqrama cəlb edilməsi onların işlə təmin edilməsinə gətirib çıxarır. Bu həm də sözügedən kateqoriyadan olan şəxslərin müavinətdən asılılığının qarşısını alır. Əlilliyi olan şəxs bu zaman təkcə aldığı müavinətin ümidinə qalmır. Bu zaman onlar həm də başqa insanların da məşğulluğunun təmin olunmasına dəstək vermiş olurlar. Çünki hansısa məşğulluq sahəsi yaradılanda başqa kateqoriyadan olan insanlar da ora cəlb edilir və onlar işlə təmin olunurlar. Ona görə də belə proqramlar əlilliyi olan şəxslərin məşğulluğunun təmin olunmasında mühüm rol oynayır”. (Bakı-Xəbər)

Həmçinin oxuyun

Pensiya, maaş və müavinətlər yenidən artırılır

Cari ilin yanvar ayında ölkədə əmək pensiyaları artırılsa da, maaş və əlilliklə bağlı müavinətlər olduğu …